İnsanlara hürriyət, millətlərə istiqlal!

Maskalılar sahibkarı “Audi Q7”də apardı- gömrük rəisi bir zənglə xilas etdi

2374 07.01.2017 19:38 Kriminal A A

“MTN mafiyası” sahibkarı caynağına keçirib, ondan 200 min tələb edib. Amma sahibkarın dostunun Dövlət Gömrük Komitəsinin rəislərindən biri olması işləri dəyişib. Ovunun əlindən çxıdığını görən MTN zabiti heç olmasa fürsət düşmüşkən tikdiridiyi villasına material aldırmağa qərar verib. Bu istəyini isə nisbtən gerçəkləşdirə bilib. 

Musavat.com-un ləğv edilmiş MTN-nin vəzifəli şəxslərinə qarşı açılmış cinayət işinin materiallarına istinadən məlumatına görə zərərçəkmiş şəxslərdən biri də sahibkarlıq fəaliyyəti ilə məşğul olan Sabir Fərzəliyevdir.

O, istintaq orqanına ifadəsində göstərib ki, Rusiya istehsalı olan avtomobillərin ehtiyat hissələrinin satışı ilə məşğul olub. Bakı-Sumqayıt yolundakı “Ovqat” restoranında bir otaq götürərək ofis kimi istifadə edib. Sahibkar bildirib ki, 2015-ci ildə ofisdə sürücüləri Fikrət Teymurxanov və Zamin Məhərrəmovla olarkən 4 mülki geyimli şəxs içəri daxil olub. Onlardan biri MTN-nin xidməti vəsiqəsini göstərib və özünü nazirliyin şöbə rəisi Natiq Alıyev kimi təqdim edib.

Image result for MTN Maskalılar

MTN maskalılarına çay təklifi


O, həmin şəxslərə çay içməyi təklif edib. Ofisə daha 4 MTN əməkdaşı daxil olub və Natiq Alıyev ona ofisdə olan sənədləri və kompyuteri götürəcəklərini, onu və sürücülərini nazirliyə aparacaqlarını deyib.

MTN-nin ransmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizə baş idarəsinin sabiq şöbə rəisi Natiq Alıyev digər epizodlarda olduğu kimi bu dəfə də “qurbanının” arxasınca özünün qara rəngli “Audi Q7” markalı avtomobili ilə gedibmiş. Elə sahibkarı da MTN-ə həmin maşında aparıb.

Sürücüləri isə digər maşınlarla nazirliyə gətiriblər. Zərərçəkmiş deyib ki, Natiq Alıyev MTN-də ona bildirib ki, “sən Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə əlbir olub külli miqdarda dövlət əmlakını mənimsəmisən, malları qaçaq yolla ölkəyə gətirirsən”.

Natiq Alıyevin bu dedikləri ilə razılaşmayan sahibkarın sözlərinin faydası olmayıb. Ona 200 min manat verəcəyi təqdirdə buraxılacağı deyilib.

Image result for Milli təhlükəsizlik

MTN-də aşağı məbləğ 50 min imiş


Sabir Fərzəliyev MTN zabitinin bu sözlərinə güldüyünü və bu qədər pulunun olmadığını söyləyib: “3 min manat verə biləcəyimi dedim. Natiq Alıyev isə nazirlikdə alınan minimum məbləğin 50 min olduğunu söylədi”. Zərərçəkmiş ifadəsində onu da bildirib ki, MTN əməkdaşları tərəfindən oğurlandıqdan sonra dost-tanışları onun xahişinə çıxıb, axtarıblar: “Uzun müddətdir tanıdığım, Dövlət Gömrük Komitəsində qaçalmalçılığa qarşı mübarizə idarəsində şöbə rəisi işləyən Malik mənim buraxılmağım üçün Natiq Alıyevə zəng edib. Sonra Natiq Alıyev yanıma gələrək gedə biləcəyimi dedi. Pulun da lazım olmadığını söylədi. Amma sabah 12-də “Sultan” kafesinə gəlməyimi istədi”.

Zərərçəkmiş deyir ki, kafedəki görüş zaman Natiq Alıyev ondan tikilən evi üçün material istəyib: “Natiq Alıyev dedi ki, material almaq üçün mühəndis mənə zəng edəcək. Həmin mühəndislə görüşüb “Dərnəgül bazarı”na getdik. Orada taxta və digər materiallar sifariş verdi. Ümumi məbləğ 7 min manat etdi”.

MTN zabiti ilə yeyib-içmək


Bundan sonra növbəti dəfə Natiq Alıyevlə zərərçəkmiş yeyib-içmək üçün görüşüblər. Sabir Fərzəliyev istintaqa söyləyib ki, materiallar alınandan son Natiq Alıyev ona zəng edib və ofisinə gəlib. Onlar Ofisin yerləşdiyi “Ovqat” restoranında yeyib-içiblər. Məclisdə spirtli içki də olub.

Image result for Məhkəmə

İçki məclisində də Natiq Alıyev ondan Badamdar qəsəbəsində yerləşən evinə tikinti materiallarının lazım olduğunu deyib. Sabir Fərzəliyev MTN zabitinin xahişinin kiçik olacağını düşündüyü üçün yox deməyib. Sonra Natiq Alıyevin evinin mühəndisi zəng edərək ondan 25 min manat istəyib. Mühəndis həmin məbləğə Natiq Alıyevin evinə material alacağını söyləyib. 

Badamdardakı villasına 25 minlik material


Bunu eşidən sahibkar yenidən Dövlət Gömrük Komitəsində rəis işləyən dostu Malikə zəng edərək olanları danışıb. Dostu Natiq Alıyevlə danışacağını və heç kimə pul verməməsini tapşırıb. 

Bundan sonra Natiq Alıyev sahibkara zəng edərək incimiş şəkildə deyib ki, pul lazım deyil. Söhbətlərinin aralarında qalmamasından narazılığını bildirib.

Bir müddət keçəndən sonra Sabir Fərzəliyevə yenidən MTN-dən zəng gəlib. Bu dəfə isə zəng edən MTN-nin Monitorinq Mərkəzinin rəisi geneal Teymur Quliyev olub. Bu çağırışla MTN-ə gedən Sabir Fərəzəliyev Teymur Quliyevlə görüşə bilməyib. Səbəb generalın telefona cavab verməməsi olub.

Sahibkar növbəti dəfə erməni ilə əlaqədə suçlanıb


“Nazirliyin qarşısında uzun müddətdir tanıdığım Rəsul adlı MTN əməkdaşını gördüm. Nə üçün gəldiyimi soruşdu. Teymurun çağırdığını dedim. Rəsulla danışdıqdan sonra oradan ayrıldım. Bir neçə saat sonra  Rəsul mənə zəng edərək Arsen adlı erməni ilə telefon danışığımın olub-olmadığını soruşdu. Mən də Arsenin erməni yox, çeçen olduğunu, əsl adının da Arslan Yekayev olduğunu və onunla biznes əlaqəmin olduğunu söylədim. Telefon danışıqları zamanı hamı kimi ona Arsen deyə müraciət etmişəm”- deyə Sabir Fərzəliyev ifadəsinə əlavə edib.

İstintaq zamanı ləğv olunmuş MTN-nin 4-cü Baş idarəsinin 2-ci idarə 3-cü şöbəsinin əməliyyat müvəkkili Şamxal Rəhimov da dindirilib.

MTN zabiti ifadəsində deyib  ki, Sabir Fərzəliyevlə əlaqədar əməliyyat məlumatı daxil olduğu üçün həmin şəxs barədə “Nürğün OTİ”, yəni obyekt təhqiqat işi qeydə alınıb və onun icraatında olub. Sabiq MTN-çi deyib ki, Sabir Fərzəlievin Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin əməkdaşı (FTX) ilə əlaqədə olduğu barədə əməliyyat məlumatı olub. Sabir Fərzəliyevin telefonu üzrə əməliyyat-texniki tədbirlər barədə ona təqdim edilmiş tapşırığı doldurdğunu deyən MTN zabiti tapşırığın üzərində olan dərkənarların kim tərəfindən icra edildiyini bilmədiyni qeyd edib.

MTN zabiti ifadəsind bildirib ki, “avtomobil ehtiyyat hissələrini ölkəyə qaçaq yolla keçirilməsində şübhəli bilinir. Obyektin şəriki olması ehtimal edilən “Qılınc” adlı şəxsdir” deyə daxil olan əməliyyat məlumatı araşdırılarkən Sabir Fərzəliyevin telefon nömrəsi dinlənilib. Fərzəliyev şəriki ilə ləzgi dilində danışıb. 

Şamxal Rəhimovun ifadəsinə görə, sahibkarın ölkəyə qaçaq mal gətirdiyi sübuta yetirilib. Ancaq Şamxal Rəhimov sahibkarın MTN-ə gətirilməsindən, ondan pul tələb olunmasından xəbərsiz olduğunu bilirib.

Qeyd edək ki, adı adları qeyd edilən MTN zabitləri Natiq Alıyev və Teymur Quliyev qulluq mövqelərindən sui-istifadə etmədə, gizli qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan ayrı-ayrı şəxslərin telefon danışıqlarını dinləmədə, çoxsaylı sahibkarların külli miqdarda əmlaklarını ələ keçirmədə, bu əməllərində odlu silahdan istifadə etmədə, vətəndaşalra qarşı zorakılıqda, sahibkarların və digər vəzifəli şəxslərin qanunsuz azadlıqdan məhrum edilməsində təqsirləndirilirlər.

İlkin Muradov
Musavat.com


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR