İnsanlara hürriyət, millətlərə istiqlal!

BAKIDA ÜÇ QARDAŞI GÜLLƏLƏYİB ÖLDÜRDÜLƏR

26215 04.03.2013 09:59 Kriminal A A
“Yeni Müsavat”ın sonradan əldə etdiyi eksklüziv xəbərə görə, B.Zeynalov da martın 3-də xəstəxanada dünyasını dəyişib. Bununla da ölən qardaşların sayı 3-ə çatıb.
“Yeni Müsavat”a daxil olan digər özəl məlumata görə, qanlı olay iki il əvvəl qapadılan Zirə məscidinin yaxınlığında baş verib. Qardaşlar C.İbrahimovu aralarında yaranan mübahisəni həll etmək üçün həmin yerə çağırıblar. Deyilən əraziyə gələn C.İbrahimov beşaçılan tüfəngdən atəş açaraq E.Zeynalovu boğazından, T.Zeynalovu ağzından, B.Zeynalovu isə başından güllələyib. Aldıqları ağır yaralar isə qardaşların ikisinin hadisə yerindəcə ölümünə səbəb olub. Xəbərdə deyilir ki, insident zamanı böyük qardaş Elman Zeynalovun üzərində soyuq silah olub.
Elman və Taleh Zeynalovlar martın 3-də günorta Türkan qəbiristanlığında torpağa tapşırılıblar. Olaydan dərhal sonra qəsəbəyə polis qüvvələri cəlb olunub, Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun yüksək rütbəli vəzifəliləri Türkana gediblər. Cabbar İbrahimov və onun yaxın qohumu - qaynı Natiq adlı qəsəbə sakini həbs olunaraq Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparılıblar.
Redaksiyamıza bu olayın səbəbləri ilə bağlı maraqlı məlumatlar daxil olub. Xəbərlərdə deyilir ki, baş verən qanlı olayın kökündə illər öncə yaranmış torpaq mübahisəsi dayanır. Bəzi təfərrüatları qəzetimizə açıqlayan qəsəbə sakinləri baş verənləri nüfuz davası kimi də qiymətləndirirlər: “Zeynalovlar 5, onlara atəş açan Cabbar İbrahimovgil isə 3 qardaşdır. Öldürülən Taleh Zeynalov iki ay əvvəl həbsdən çıxıb. Onun digər qardaşı Elman Zeynalov da əvvəllər məhkumluq həyatı yaşayıb. Zeynalovlar qəsəbədə daş karxanası olan Hamil adlı şəxsin adamları hesab edilirdi. Bunu Hamilin Taleh Zeynalova bahalı ”CİP" bağışlaması da təsdiq edir. Hamilin qardaşı Muxtar bir neçə il əvvələ qədər qəsəbənin icra nümayəndəsi olub. O vaxtlar isə torpaq alqı-satqısı biznesinin çiçəklənən dövrü olub. Ehtimal olunur ki, mübahisəli torpaq da o vaxt hazırda yüksək vəzifə tutan məmura satılıb. Satılan torpaq sahəsi Cabbar İbrahimovun dədə-babasına məxsus olub. Hamillə qəsəbədə “Lotu Ağalar” kimi tanınan nüfuz sahibinin qardaşı oğlu Natiqin də konflikti olub. Bu konfliktin kökündə isə daş karxanasının sərhədlərini müəyyən edərkən yaranan narazılıq dayanır". Xəbərdə iddia olunur ki, məhz bu üzdən də Hamilin adamları sayılan Elman və Taleh Zeynalovlar bir vaxtlar Natiqin maşınını avtomatdan atəşə tutublar: “Hüquq-mühafizə orqanlarının əməkdaşları o vaxt Elman və Taleh Zeynalovları həbs edib. Natiq isə polisə gedərək tutulanlara cəza verilməməsini istəyib”.
Kənd sakinləri uzun illər həbsxana həyatı yaşamış Natiqin bu addımını elə o vaxt özünün Zeynalov qardaşları ilə haqq-hesab çəkmək istəyi kimi qiymətləndirir: “Türkanda hamı danışırdı ki, Natiq bu qisası onlarda qoymaz”.
Bir il əvvəl isə Zeynalovlar Natiqin qaynını döyüb:
“Keçən il Natiqin qaynı, Zeynalovları qanına qəltan edən Cabbar İbrahimov Zeynalovların qapısına gedib deyib ki, dədə-babasına məxsus torpağı satmaqla düz iş tutmayıblar. Satılan torpağın pulunu istəyib. Zeynalovlar da İbrahimovu döyüb”.
Qaynağımız deyib ki, Türkanda bir torpaq sahəsinin bir neçə nəfərə satılması tez-tez oxşar mübahisələrin yaranmasına səbəb olur: “10 gün əvvəl qəsəbənin icra nümayəndəsi Hacı Rahilin oğlu ilə Samir adlı kənd sakini də torpaq mübahisəsinə görə odlu silahdan bir-birinə atəş açıb. Bu olaydan sonra Hacı Rahilin oğlu və Samir yoxa çıxıb. Bəziləri hər iki şəxsin axtarışda olduğunu iddia edir. Belə məlumatlar da var ki, Hacı Rahil Samirdən hüquq-mühafizə orqanlarına şikayət ərizəsi yazıb”.
Yazıda adları çəkilən hər kəsin münasibətini dərc etməyə hazırıq. Mövzu davam etdiriləcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR