İnsanlara hürriyət, millətlərə istiqlal!

Kreml Qarabağı Bakıya versə...

4012 19.01.2019 20:03 Yazarlar A A

Qarabağ mövzusu bir azərbaycanlı üçün danışılması və yazılması ən ağır mövzudur. Biz savaş və siyasət meydanında döyüşməyimizə, saysız qurbanlar verməyimizə baxmayaraq 30 ildir Sovetlər Birliyinin güney sərhədləri çökəndə dağıntılar altında qalan torpaqlarımızı azad edə bilməmişik.

Hər kəsə gün kimi aydındır ki, Ermənistan işğal etdiyi torpaqdan asanlıqla çıxmayacaq və Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün yalnız bir yolu var – GÜCLƏNMƏK. Söhbət hərbi sahədə Ermənistan Ordusunu yenəcək güc oluşdurmaqdan getmir. Azərbaycan Ordusu həm say, həm texniki göstəricilər baxımından Emənistan Silahlı Qüvvələrindən dəfələrlə böyükdür. Söhbət Ermənistan Azərbaycanla savaş apararkən söykəndiyi qüvvələri onun arxasından çəkə biləcək gücə sahib olmaqdan gedir.

Bu məsələdə birinci yerin şəriksiz sahibi Rusiya Federasiyasıdır. Sovetlər Birliyinin rəsmi varisi Qarabağ düyününü aça biləcək bütün rıçaqlara malikdir. Kreml Qarabağ məsələsində Ermənistanı tək qoysa, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi qısa zamana başa gələ bilər.
Çoxları Kremlin Ermənistanı heç zaman tək qoymayacağını düşünür. Haqsız da sayılmazlar. Azərbaycan torpaqlarında Emənistanı Rusiya İmperiyası yaradıb və bu əyalət-“dövlət” bu gün də Kreml üçün Güney Qafqazı nəzarətdə saxlamaqdan ötrü ən münasib rıçaqdıq.

Ancaq tarixdə yaradılanların yaradanlara asi olduğu zamanlar da olur. Yaşadığımız dönəm Rusiya-Ermənistan münasibətləri üçün həmin o zamandır . Paşinyanın iqtidara gəlməsindən sonra Kremllə İrəvan arasında münasibətlər xeyli soyuqlaşıb. Moskva erməni hiyləgərliyinin kulminasiyasına bələd Nikol Paşinyanı çözə bilmir. Hələlik... Ancaq Rusiya da, dünya da yaxşı anlayır ki, Paşinyan demokratiya və azadlıq şüarlarını daha güclü səsləndirdikcə Qərbə “bizi Kremlin idarəçiliyindən xilas edin” mesajı verir və bu məqamda Ermənistanı cəzalandırmaq üçün Qarabağda Azərbaycanın xeyrinə dəyişiklik yaratmaq Moskvanın əlindəki ən təsirli silahdır.

Azərbaycan çoxdan gözlənilən fürsəti əldə edə bilər və ən əsası, rəsmi Bakı bunun fərqindədir. 2018-ci ildə Azərbaycan və Rusiya prezidentləri 6 dəfə görüşüblər. Nadir olaylardandır... Necə deyərlər, indi iki ölkə bir-birinə heç zaman olmayan qədər gərəklidir. Doğrudur, Rusiya XİN-in başçısı Sergey Lavrov və onun sözçüsü Mariya Zaxarova Qarabağ danışıqları ilə bağlı Azərbaycanın mövqelərinə uyğun olmayan bəyanatlarını davam etdirərək İrəvana “tövbə qapısı açıqdır” mesajını verirlər, amma prosesə tam baxdıqda bu gün Moskva-Bakı münasibətlərinin, Moskva-İrəvan münasiətlərindən daha stabil olduğu şübhə doğurmur.

Ölkə içərisində və Qərbdə durumu Bakının Moskvaya aşırı yaxınlaşması kimi qəbul edənlər və baş verənlərin Azərbaycanın müstəqilliyini təhdid etməsi sayanlar da var. Amma bütün iradlara baxmayaraq rəsmi Bakının işğala son qoymaq üçün bütün diplomatik üstünlüklərdən yararlanması, yaranmış fürsəti doğru dəyərləndirməsi Qarabağ məsələsində Azərbaycanın xeyrinə dönüş ehtimallarını artırır.
Ermənistanın regionda ikinci böyük dəstəkçisi Tehran da Moskva ilə eyni dalğadadır. Proseslər Rusiya və İranın Qafqazla bağlı siyasətdə əsrlərdir davam edən qarşılıqlı dəstək mövqeyini tərk etmədiyini sübut edir. Görünür, Paşinyanın Qərblə bağlı xəyalları Tehranı ciddi rahatsız etdiyindəndir ki, bir neçə gün öncə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Məhəmməd Bağıri “İran Qarabağ torpaqlarını Azərbaycan torpaqları hesab edir və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir” dedi. Əlavə də etdi ki, sərhədlərin sorla dəyişdirilməsi yolverilməzdir və Tehran bu məsələsə Azərbaycanın yanındadır. İran-Azərbaycan münasibətlərində belə ritorika hər zaman ələ düşməz.

İran-Azərbaycan yaxınlaşmasını bütünlüklə Ermənistanın Qərbə meylliliyinin atrması və Rusiyanın Ermənistanla münasibətlərinin soyuması səbəbinə də bağlamaq doğru olmaz. Azərbaycan İranla siyasət dili ilə desək, mehriban qonşuluq münasibətlərini gəlişdirmək üçün bu aralar ciddi səylər göstərib. Prezidentlər qarşılıqlı səfərlər edib, ölkələrarasında işbirliyinin daha da genişlənməsi ilə bağlı bəyanatar veriblər, xüsusən iqtisadi sahədə bağlar bir qədər də gücləndirilib. Üstəlik, Bakı İrana qarşı təcrid siyasətinə qoşulmayıb. Yəni, rəsmi Bakı

Ermənistanın ətrafındakı çəmbəri daraltmaq üçün bütün mümkün vasitələrdən yararlanıb və yararlanmaqdadır.
Keçək Gürcüstana... Bir neçə gün öncə Ermənistan baş naziri Nikol Paşinyanın Gürcüstanın Bolnisi rayonunda baş nazir Mamuka Baxtadze ilə görüşməsi haqqında xəbərlər yayıldı. Öncə onu vurğulayaq ki, Bolnisi Gürcüstanda azərbaycanlıların ən kompakt yaşadığı rayonlardan biridir. Bir neçə erməni və gürcü kəndi istisna olmaqla, kəndlərin mütləq çoxluğu türklərindir. Paşinyanın gəlişinə “qeyri-rəsmi” sözləri ilə qapalılıq donu geyindirən Gürcüstan və Ermənistan mediası olay iki lider arasında sıcaq ilişkilərin yaranması kimi qələmə verdi. Amma bütün hallarda Ermənistan baş naziri bekarçılıqdan gürcü həmkarı ilə Pərvanə gölü ətrafındakı xırda etməni kafelərində balıq-əkmək yeməyə gəlməmişdi...

İrəvan Moskva və Tehranla münasibətləri soyuduqca regionda faktiki olaraq təklənir. Ermənistanla həmsərhəd qardaş Türkiyənin bu məsələdə Azərbaycanla bərabər addımlaması İrəvan üçün dışarıya Tiflisdən başqa qapı qoymur. Böyük ehtimalla bu səfərin məqsədi Qərblə Rusiya arasında uğurlu var-gəl etməyin Gürcüstan modelinin sirrlərini öyrənmək olub. Azərbaycanın “od”una qızınan gürcülərin bu sirri Ermənistana verəcəkləri böyük sual altındadır.

Ümid edək ki, Azərbaycanın xarxici siyasəti yaranan tarixi fürsəti doğru dəyərləndirmək xəttini davam etdirərək, Ermənistanın regionda təklənməsinə nail olacaq və Qarabağ düyününün açılması üçün həm diplomatiyada, həm də döyüş meydanında düzgün həmlələr etməyi bacaracaq.

Yazının linki : https://www.aygunmuradxanli.com/aygun/kreml-qaraba%C4%9F%C4%B1-bak%C4%B1ya-vers%C9%99

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR