İnsanlara hürriyət, millətlərə istiqlal!

Kredit borcu olanların intiharında banklar məsuliyyət daşıyırmı?

1747 30.03.2017 22:02 Gündəm A A

Xəbər verdiyimiz kimi, Şəkidə 55 yaşlı kişi sirkə turşusu içərək intihar edib.Şəki Mərkəzi Rayon Xəstəxanasından verilən məlumata görə, martın 29-u günorta saatlarında Şəki şəhəri, Bünyad Sərdarov küçəsi 12 ünvanında yaşayan 1962-ci il təvəllüdlü Məmməd Fərid oğlu

Nemətzadə kəskin zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub.Müayinə zamanı iki övlad atası olan 55 yaşlı Məmməd Nemətzadənin intihar etmək məqsədi ilə sirkə turşusu qəbul etdiyi məlum olub. Həkimlərin səyinə baxmayaraq, Məmməd Nemətzadənin həyatını xilas etmək mümkün olmayıb.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, ilkin araşdırma zamanı məlum olub ki, Məmməd Nemətzadənin Şəki şəhərində fəaliyyət göstərən banklardan birinə borcu olub. Faktla bağlı Şəki rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma ) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

Qeyd edək ki, son zamanlar bankların borclulara qarşı təzyiqləri artıb. Xüsusən də regionlarda əhalinin əksər hissəsi hüquqlarını bilmədiyi üçün bank yetkililəri tərəfindən onlara hədə-qorxu gəlinir, evlərinə məhkəmə qərarları göndərilir.
İnsanların maddi durumu getdikcə artan borcları ödəməyə yetmədiyindən bəziləri çıxış yolunu intihar etməkdə görür.

Bəs, görəsən bank tərəfindən borcunu ödəmədiyi üçün təhdidlərə məruz qalan şəxs intihar edərsə, o zaman bank işçiləri həmin şəxsi intihar həddinə çatdırdığı üçün məsuliyyətə cəlb oluna bilərmi? Bu məsələlərdə bank nə dərəcədə məsuliyyət daşıyır?

“Yeni Müsavat”ın suallarını cavablandıran hüquqşünas, iqtisadçı ekspert Əkrəm Həsənov bildirdi ki, əgər şəxsin intiharı sırf bu hədə-qorxu ilə bağlıdırsa, qanunvericiliyə əsasən cinayət məsuliyyəti daşıyır: “Cinayət Məcəlləsinin 125-ci maddəsinə əsasən təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Əgər bank işçisinin əməlində bu hərəkətlər olubsa, bəli, ona qarşı cinayət işi açıla bilər. Yəni konkret bu halda maddi asılılıq əlaməti var. Amma bank işçisinin sözügedən hərəkətləri sübut olunmalıdır”.

Ekspert onu da vurğuladı ki, təcrübədə bank işçiləri tərəfindən törədilən zorakılıq halları çoxdur: “Bank işçiləri və kollektorlar borcluları qorxudur da, alçaldır da, söyür də, döyür də. Vətəndaşlarımız belə hallarla qarşılaşandavaxtındapolisə şikayət etməlidir. Bankdan mənəvi zərərin əvəzinin ödənilməsini də tələb etmək olar. Bunu sağlığında vətəndaş özü edə bilər, öləndən sonra isə ailəsi. Amma cinayət məsuliyyətini bank yox, konkret işçisi daşıyır.İntihar edən şəxsin ailəsi həmin bank rəhbərliyini məhkəməyə verib mülki qaydada dəyən mənəvi zərəri də tələb edə bilər”.

Nərgiz LİFTİYEVA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR