İnsanlara hürriyət, millətlərə istiqlal!

“Koroğlu”nun qarşısını kəsən əjdahanın sonu çatır VİDEOREPORTAJ, FOTOLAR

4936 19.04.2018 20:40 Ölkə A A

“Koroğlu” metrostansiyasının qarşısı daim nəqliyyat və insan sıxlığı ilə müşahidə olunur. Dəfələrlə mətbuatda bu problem işıqlandırılsa da, hələ bu problemin həllinə nail olunmayıb. Metrostansiyanın ətrafında nəqliyyatın dayanması üçün qadağa nişanı qoyulsa da, buna heç kim məhəl qoymur. Bu səbəbdən də DYP əməkdaşları həmin ərazidə fəaliyyət göstərirlər. Nəqliyyatın sıxlığının qarşısını almağa çalışırlar.

Bakının kənd və qəsəbələrinə işləyən marşrut avtobusları metrostansiyanın qarşısında əsl xaos yaradırlar. Sürücülər pərakəndə şəkildə harada gəldi özlərinə dayanacaq seçirlər. Kimi magistral yolun ortasında, kimi isə dayanacaqdan kənar yerlərdə sərnişin mindirib, düşürür.
Müşahidəmiz zamanı sərnişinlərin hansı təhlükələrlə üz-üzə qaldıqlarının şahidi olduq.

Sərninişlər isə bu cür biabırçı vəziyyətdən narazı qaldılarını bildirdilər: “Hər axşam işdən mənzil başına çatanadək zülm çəkirik. Adətən saat 18:00-dan sonra burada bir sıxlıq yaşanır. Marşrut avtobuslarının sürücüləri, taksi sürücüləri ilə rəqabətə çıxırlar. Taksilər avtobus dayanacaqlarının yerində saxlayıb, sərnişin götürürlər. Bu zaman avtobus sürücüləri məcbur qalıb, dayanacaqdan kənarda saxlayırlar. Sərnişinlər isə həmin avtobusa minmək üçün yola çıxırlar. Dəfələrlə bədbəxt hadisələrdən güclə yaxa qurtarmışıq”.

Sürücülərin dediyinə görə, aprelin 21-də “Koroğlu” metrostansiyası ətrafında olan bütün avtobusların dayanacağı dəyişdiriləcək: “Bu cür vəziyyətin yaranması bizim də işlərimzi çətinə salır. Taksilərin əlindən avtobusu hər dəfə fərqli yerlərdə saxlayırıq. Konkret dayanacağımız yoxdur. Sərnişinləri tək-tək toplamağa məcburuq. “Koroğlu” metrostansiyasına çatmamamış sıxlıq başlayır. Belə olanda sərnişinlər avtobusa minmək üçün həmin hissəyə toplaşırlar. Qarşı tərəfdə taksilər tıxac yaratdığı üçün dayanacağa gedə bilmirik. Bizə deyilənə görə, metrostansiyanın digər keçidinin yaxınlığında dayanacaq yaradırlar. Aprelin 21-dən sonra marşrut avtobusları oraya köçürüləcək. Bu həm bizim üçün, həm də sərnişinlər üçün xoş xəbərdir”.

Musavat.com-a danışan Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev “Koroğlu” metrostansiyasının qarşısındakı dayanacağın ləğv olunacağını bildirdi:

“Metronun “Koroğlu” stansiyasının şəhər mərkəzindən hava limanı istiqamətindəki çıxışının (piramida formalı) qarşısında axşam saatlarında müşahidə edilən xaotik vəziyyətin, eləcə də tıxacın aradan qaldırılması ilə bağlı nəzərdə tutulan tədbirlərin icrasına başlanılıb. Hazırda yol kənarında məhəccərlərin quraşdırılması işləri aparılır. Bu işlər yekunlaşdıqdan sonra avtobus dayanacaq məntəqəsi ləğv ediləcək. Bununla da həmin ərazidə nəqliyyatın hərəkətində fasiləsizliyin təşkil edilməsi, sıxlığın yaranmasının qarşısının alınması mümkün olacaq.

Avtobus dayanacaq məntəqəsinin ləğv edilməsi ilə əlaqədar “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindən ətraf kənd və qəsəbələrə hərəkət edən avtobuslar metronun piramida formalı çıxışının qarşısından dayanmadan keçəcək. Həmin dayanacaqdan istifadə edən bütün sərnişinlər “Koroğlu” NMM-də öz marşrut avtobuslarının xidmətlərindən yararlana bilərlər. Artıq bununla bağlı müvafiq marşrut xətləri üzrə daşıyıcılara xəbərdarlıq edilib. Sərnişinlərimizdən tətbiq ediləcək dəyişikliyə anlayış göstərmələrini və metrostansiyadan çıxışda “Koroğlu” NMM istiqamətində hərəkət etmələrini xahiş edirik. Onu da qeyd edim ki, avtobus dayanacaq məntəqəsi aprelin 21-də ləvğ ediləcək”.

Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz.

Məğrur MƏRD
FOTOLAR və VİDEO müəllifindir

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR