İnsanlara hürriyət, millətlərə istiqlal!

Könüllü fədakarlıq

1416 13.12.2018 09:50 Yazarlar A A

Baxıram ki, bir çoxları məşqçi Qurban Qurbanovun AFFA-dan almalı olduğu yarım milyon manatlıq təzminatdan könüllü şəkildə imtina etməsinə şübhə ilə yanaşır.

Burada şübhə predmeti həmin təzminatdan imtina deyil, o məsələ bitib, imtinanın könüllü olub-olmamasıdır.

İndi qayıdıb soruşsalar ki, sən özün necə, buna inanırsanmı, qalaram belə, nə “inanıram” deyə bilərəm, nə də “inanmıram”.

Düzdür, Qurbanın gözü-könlü tox adam olduğunu, dünyagir adam olmadığını, üzünün abrını maldan, puldan üstün tutduğunu bilirəm, amma o tərəfdə də yarım milyon var axı. Həm də o pul onun haqqıdır. Adam öz haqqından könüllü keçərmi?

İntəhası, Qurban halal adam olduğuna görə milli yığmanın baş məşqçisi işləmədiyi halda həmin pulu necə alıb yeyə bilərdi? Çox da ki, təzminatdır, müqavilədə belə nəzərdə tutulub.

Belə müqavilələr, təzminatlar xaricilər, avroplalılar üçündür. Bizdə mentalitet başqadır. İki kişinin arasında söhbət olar, söz danışıqdan keçər, beh alınar, iş görülər, nəzərdə tutulan iş alınmayanda dəbbə pulu verilər, vəssalam.

İndi Qurban alınmamış, daha dəqiqi, uğursuz alınmış baş məşqçiliyə görə sövdələşməni dəbbələmək hüququndan imtina edir.

Bəs onun yerində Torres, Berti Foqts və ya Prosineçki olsaydı, onlar nə edərdilər? Heç nə, alacaqlarını son sentinə qədər alardılar. Çünki onlara söz ötmür, ərk yetmir, demək olmur ki, 1 milyon qaçqın-köçkünümüz var, milli valyutamız devalvasiyaya uğrayıb, siz də futbolumuzu ağ günə çıxartmadınız, gəlin dava salmayın. Onlar deyərdilər, bizə dəxli yoxdur, işləmişik, müqaviləmiz var, pulumuzu verin.

Özü də onlar bu cür sifəti bizə ölkəmizdə olanda etməzdilər, gedib FİFA-nın, UEFA-nın mənzil-qərargahına girəndən sonra edərdilər və əlimizdə heç bir rıçaq olmazdı ki, deyək, ay serlər, ay müsyölər, bir az endirim edin, indi bir müqaviləydi, bağlamışdıq, alınmadı, sizinki sizdə, bizimki bizdə.

Yox, elə şey olarmı? “Müqavilə bağlamısan, öhdəlik götürmüsən, zəhmət çək, yerinə yetir”, - deyərdilər.

Bu söhbətdən iki nəticə çıxarmaq olar.

Baş məşqçi postuna həmişə yerli mütəxəssis gətirmək lazımdır ki, sabah o yan-bu yan olanda iri məbləğli təzminatdan könüllü şəkildə imtina etsin, AFFA-nı ziyana salmasın.

Əcnəbi mütəxəssislə müqavilə bağlamaq qaçılmazdırsa, qısa müddətli etmək lazımdır ki, sabah o, yarıtmaz biri çıxsa, işi köməkçisinə həvalə edərək, müqavilənin bitməsini gözləmək mümkün olsun ki, təzədən bir də adamı qovub təzminat verməyəsən.

Onsuz da elə bir fərqi yoxdur, istəyirsən Mourinyonu, ya da Qvardiolanı gətir, nə özləri meydana girib oynamayacaqlar, nə də bizim futbolçuları öz sistemlərinə uyğun oynamağa vadar edə bilməyəcəklər. Nəticə elə də dəyişməyəcək. (Hərçənd Foqtsun vaxtında Almaniyanın millimizin qapısına 2-dən artıq qol vurmamasını minnətdarlıq hissi ilə xatırlamaq lazımdır. Güman ki, almanlar bunu Foqtsun xətrinə etmişdilər).

İndi gələk xalqımızın nədən bu “könüllü imtina” söhbətindən quşqulanmasına...

Birdən-ikiyə bu ölkədə elə şey olmayıb. Düzdür, imtinalar çox olub - vəzifəsindən, malik olduğu universitetdən, şadlıq sarayından, gəlirlə işləyən müəssisəsindən, otelindən və sair və ilaxır. Amma bunların heç biri könüllü olmayıb, hamısı könülsüz olub. Sadəcə, adamlar fikirləşiblər ki, müftə gəlmişdi, havayı getdi, eybi yox.

Çox olub ki, kimsə əlinin zəhməti ilə tikdiyi 15-20 min manatlıq evin sökülməsi təhlükəsi yarananda gedib buldozerin, ekskavatorun qabağında dayanıb ki, ölərəm, amma burdan çəkilmərəm. Amma elə də olub ki, birinin 1-2 milyonluq villasını, restoranını söküblər, amma yiyəsi hadisə yerinə belə gəlməyib, heç bir müqavimət də göstərməyib. Niyə? Çünki birincidə illərin zəhməti, qəpik-qəpik toplanılan pul ekskavatorun çalovuşuna qurban gedir, ikincidə isə çamadanla gətirilmiş, zəhmətsiz gəlirlərlə toplanmış milyonlar.

İndi bəziləri deyir ki, gərək Qurban o təzminatdan imtina etməyəydi, alıb, ehtiyacı olanlara paylayaydı. Arzuya bax, sevgilim!

Amma xətir-hörmət elə şeydir ki, onu təzminatla tənzimləmək olmur, adam gərək diqqətli olsun, hörmətli olsun.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR