İnsanlara hürriyət, millətlərə istiqlal!

Konsert, tamaşa zallarında baş verən terror olayları...

2402 19.11.2015 15:57 Gündəm A A

Bir neçə gün öncə Parisdə baş verən qanlı terror hadisəsi dünyanı silkələdi. Noyabrın 13-də törədilən 3 terror olayından biri Fransanın paytaxtı, Parisdəki “Bataklan” teatrında ABŞ rok-qrupunun konserti zamanı baş verdi. Hadisə zamanı konsertdə olan yüzlərlə insanın girov götürüldüyü, onlardan 100 nəfərin öldürüldüyü bildirilir.

Tarixdə konsert, teatr məkanlarında bundan öncə də qanlı terror hadisələri törədildiyi barədə faktlar var.  2002-ci ilin oktyabrında Moskvanın “Dubrovka” teatr mərkəzində baş verən terror aktı hələ də insanların yaddaşından silinməyib. 23 yaşlı çeçen Movsar Barayevin başçılıq etdiyi, aralarında qızların da olduğu 40 nəfərdən ibarət silahlı dəstə “Dubrovka” teatrını 800-dən artıq tamaşaçı ilə birlikdə ələ keçirərək, məkana bütün perimetri boyunca partlayıcı maddələr yerləşdirmişdi. Həmin vaxt girov düşənlər teatra “Nord-Ost” musiqi proqramına baxmağa gələn tamaşaçılar idi.

Məlumat üçün bildirək ki,  girovlar arasında 4 nəfər Azərbaycan vətəndaşı, o cümlədən “Azərbaycan Hava Yolları” Aviaşirkətinin (AZAL) prezidenti Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva və qohumları da var idi. 

O zaman çeçenlərlə danışıqlara gedən C.Əsgərov AZAL-ın Moskvadakı nümayəndəsi Eldar Hacıyevlə birlikdə öz həyat yoldaşını və digər ailə üzvlərini girovluqdan qurtara bilmişdi. Terrorçular azərbaycanlı girovları oktyabrın 24-də axşam saatlarında azadlığa buraxmışdılar.  

Rus qoşunlarının Çeçenistan ərazisindən çıxarılmasını tələb edən çeçen silahlı dəstəsi əks halda teatrı tamaşaçılarla birlikdə partladacaqları ilə hədələmişdilər. 

Danışıqlar nəticəsin qaldığından oktyabrın 26-sı səhər 5 radələrində Rusiya xüsusi təyinatlılarının zəhərli qazdan istifadə edərək həyata keçirdiyi xüsusi əməliyyat Movsar Barayev başda olmaqla, bütün 40 terrorçunun məhvinə və girov götürülən daha 130 tamaşaçının ölümünə yol açmışdı. Onların arasında milliyyətcə azərbaycanlı, həkim Oleq Ələmdar oğlu Məhərrəmovun da olduğu bildirilirdi.

Bundan öncə isə İran dövlətində bu cür terakt törədilmişdi. Belə ki, 19 avqust 1978-ci ildə İranın Abadan şəhərindəki Reks kinoteatrında film nümayişi zamanı terrorçular qapıları çöldən möhkəm bağlayaraq əvvəlcədən binaya yerləşdirilən kerosin çəlləklərinə od vururlar. Hadisə zamanı heç kimin çölə çıxmaq şansı olmur. Nəticədə əksəri qadın və uşaq olan 477 tamaşaçı yanaraq və ya boğularaq həyatını itirir. Yanğınsöndürənlər hadisə yerinə gələndə artıq gec olub. Terrorun  Şah rejiminə qarşı olanlar tərəfindən törədildiyi bildirilir. 

Parisdəki terror olayından sonra dünyanın heç bir ölkəsinin terrordan sığortalanmadığı bir daha təsdiqi tapır. Azərbaycanda da mədəniyyət və incəsənət məkanlarında təxribatların mümkünlüyü məsələsi gündəmə gəlib.

Ölkədəki konsert və teatr məkanları hansı səviyyədə mühafizə olunur?
Azərbaycan Dövlət Musiqili Dram Teatrı ciddi mühafizə olunur. 

Bu barədə teatrın mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib: “Paris olayından əvvəl və sonra da teatr gecə-gündüz yüksək səviyyədə mühafizə olunur. Teatr həm də daxili həm də xarici hissədən kameralar və növbəli mühafizə xidməti tərəfindən qorunur.  Teatrın xidməti və tamaşaçılar üçün olan qapısı daima nəzarət altındadır. Bura gələn qonaqlar ciddi surətdə araşdırılır, kimin yanına və nə məqsədlə gəldiyi barədə soruşulur”.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətinin rəhbəri Hüsniyyə Mursaquliyeva musavat.com-a açıqlamasında bildirib ki, bu günlərdə Parisdə baş verən dəhşətli terror aktı ilə əlaqədar teatrda müşavirə keçirilib: “Teatrın mühafizə və texniki işçilərinin, habelə tamaşaçı ilə işləyən inzibati heyətin iştirakı ilə həyata keçirilən müşavirədə teatrın direktoru, əməkdar artist Mübariz Həmidov tərəfindən teatrın müvafiq sahə rəhbərlərinə və onların tabeliyində olan əməkdaşlara bir sıra tapşırıqlar verilib. Teatra daxil olan hər bir əməkdaş və tamaşaçı teatrın mühafizəçiləri tərəfindən müdafiə və diqqətlə mühafizə olunur”. 

Dövlət Akademik Opera və Balet Teatrından isə bildirilib ki, tamaşa zamanı zala çanta ilə daxil olmaq qadağan edilib. Bu barədə teatrın əməkdaşı Şükufə Ağamirzəyeva danışıb: “Burada mühafizə sisteminə çox ciddi yanaşılır. Bütün başqa teatrlarda olduğu kimi bu teatrda da əsasən iki giriş qapısı olur - tamaşaçılar və xidməti işçilər üçün qapı. Tamaşaçılar üçün olan qapı yalnız tamaşalar zamanı açılır, tamaşa olmayan zaman isə həmin qapı bağlı olur. Xidməti qapıdan isə işçilər yalnız vəsiqə təqdim etdikdən sonra içəri daxil ola bilir. Teatrın əməkdaşları teatrı tərk etdikdən sonra qapı mühafizə işçiləri tərəfindən bağlanılır və heç kimi içəri buraxılmır”.

Rəşid Behbudov adına Mahnı Teatrının direktor müavini İlqar Musayev bu barədə əməkdaşımıza açıqlama verərək bildirdi ki, teatrın mühafizə xidmətinin  işçiləri yoxdur: “Teatrın hər tərəfində görüntü kameraları var. Lakin xüsusi olaraq mühafizə xidmətinin işçiləri yoxdur. Hər şeyə kameralar vasitəsi ilə nəzarət edə bilirik. Xüsusi dövlət tədbirləri zamanı polis idarəsi ilə əlaqə saxlayıb keçiriləcək tədbir barəsində məlumat veririk. Məhz o zaman onlar öz nümayəndələrini teatrımıza göndərirlər. Qapıda bilet yoxlayanlar var ki, onlar da gələnlərə nəzarət edirlər”.

Heydər Əliyev adına Sarayın mətbuat xidmətinin rəhbəri Anar Fərəczadə bildirdi ki, Parisdəki terror hadisəsindən sonra mərkəzin rəhbərliyi iclas keçirərək xüsusi əmr imzalayıb: “Onsuz da mərkəzimiz hər zaman xüsusi olaraq mühafizə olunurdu. Rəhbərlik bu günlərdə mühafizə işinin daha da gücləndirilməsi ilə bağlı iclas keçirib, əmr imzalayıb. Bundan sonra bu məsələyə daha da ciddi nəzarət olunur. 

Bundan əlavə hər tədbir zamanı ayrıca olaraq mühafizə orqanlarının işçiləri dəvət olunur. Onlar sarayın lazımi nöqtəsində yerləşdirilir, beləliklə həm işçilərin həm də gələn qonaqların təhlükəsizliyi təmin olunur”. 

Sarayın əməkdaşı mühafizə zamanı detektor aparatlarından da istifadə edildiyini dedi.

Akademik Milli Dram Teatrından verilən məlumata görə teatrın mühafizə və təhlükəsizlik sistemi prioritet və vacib sahələrdən biri kimi diqqət mərkəzindədir: “Teatr həm xaricdən, həm də daxildən müasir və keyfiyyətli kameralarla təchiz olunub. Tamaşa zalında, foyedə kameralar quraşdırılıb və nəzarət həyata keçirilir. Teatrda mühafizə sisteminə cavabdeh olan beş nəfərdən ibarət heyət çalışır, mühafizə xidmətinin otağında monitor vasitəsi ilə binanın dörd tərəfi, daxili izlənilir”.

Xalidə Gəray,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR