İnsanlara hürriyət, millətlərə istiqlal!

Kombayn gələn yola boylanan kəndli

1518 29.06.2018 08:15 Yazarlar A A

Saatlı, Tərtər və İmişli rayonlarında zəhərlənən pambıqçıların hamısı xəstəxanadan evlərinə buraxılıb. Bir daha zəhmətkeş insanlara keçmiş olsun! İnanmaq istəyirik ki, belə arzuolunmaz vəziyyət bir daha təkrarlanmayacaq. İstintaq gedir, yəqin ki, zəhərlənmələrin gerçək səbəbləri üzə çıxarılacaq, cavabdehlər cəzasını alacaqlar. Hər halda heç kimin insan həyatı ilə oynamağa ixtiyarı yoxdur. Bu ölkənin əsas sərvətinin insan olduğunu dövlətin rəhbəri də dəfələrlə bəyan edibsə, səlahiyyət sahibləri bu kəlamı qulaqlarında “sırğa” eləməlidirlər...

Zəhərlənmə faktlarının davamlı olması haqlı olaraq şübhələrə səbəb olub. Bu olayların arxasında “Böyük dayaq” filmində deyildiyi kimi, “fermanı yeyib-dağıdan”ların dayandığı barədə iddialar da var. Əslində məntiqlidir. Yeni nazir öz komandası ilə iş başındadır və neqativlərə qarşı mübarizə aparır. Mümkündür ki, hansısa qüvvələr ümumi işə xələl gətirmək, diqqəti başqa səmtə yönəldib öz əməllərini ört-basdır etmək, xüsusilə də təyin olunduğu gündən kəndlinin, fermerin, iş adamının yanında olan, kabinetində oturmayıb, əkin-biçin sahələrində görünən yeni nazirin adına xələl gətirmək üçün sabotaja əl atsınlar. Hər halda bunlar gümanlardır və son sözü istintaq deyəcək. Azərbaycanda pambıqçılıq çoxdan var, bu sahənin biliciləri kifayət qədərdir. Deməli, onlar pambıq sahəsinə hansı gübrənin, hansı həcmdə verilməsini də yaxşı bilməlidir.

“Yeni Müsavat” bu mövzunu həssaslıqla diqqətdə saxlayır, “İsmət Abbasovun, Heydər Əsədovun nazir işlədikləri dövrdə niyə zəhərlənmə olmurdu? Halbuki onların dövründə kənd təsərrüfatı sahəsində nəzarətsizlik, özbaşınalıq daha çox olub”-yazaraq.

Azərbaycan prezidenti neftdən sonrakı Azərbaycan üçün kənd təsərrüfatını prioritet sahə elan edib, əsas diqqətin bu sahəyə yönəldilməsini vacib sayaraq konkret hədəfləri elan edib, baramaçılıqdan tutmuş, üzümçülüyədək bütün sahələrdə inkişafın olması üçün lazımi tapşırıqları verib, sənədləri imzalayıb. Üstəlik, dövlət başçısı özünün ən çox inandığı məmurlardan birini - İnam Kərimovu prioritet saydığı sahəyə rəhbər təyin edib. Korrupsiyadan, rüşvətdən uzaq olan sabiq ASAN rəhbərinin kənd təsərrüfatı sektorundakı ÇƏTİNlikləri dəf edəcəyinə böyük inam yaranıb. Belə bir şəraitdə ardıcıl şəkildə kənd təsərrüfatı ilə bağlı xoşagəlməz xəbərlər gəlir. Bu qədər təsadüfmü olar?

İndi keçək başqa bir problemə. Bu günlərdə Yardımlıda olduğum bir həftə ərzində bol məhsullu taxıl zəmilərinə baxarkən həm sevindim, həm də əhvalım təlx oldu. Məhsula söz ola bilməz, qaraqılçıq, sarıbuğda göz oxşayır, sünbüllərin içi dopdolu... Amma taxıl biçini çox gecikir. Kəndlilər deyir, bəzi sahələr yaxın 2-3 günə biçilməsə, buğda tamam məhv olacaq. “Ekoloji təmiz məhsul” deyirik, “ixracdan asılılığa son” deyirik. Əkinçi zəhmətə qatlaşıb, əkib, dövlət əkinə görə subsidiya ayırır, Allah bol məhsul verib. Bircə problem qalır, o da kombayn çatışmazlığı... 56 min əhalisi olan rayonda min hektarlarla taxıl əkilib, amma hamı gözünü dikib Masallı-Yardımlı yoluna ki, kombayn o yolla nə vaxt gələcək? Axı, adətən, kombaynlar Cəlilabaddakı taxılı biçəndən sonra Yardımlıya yol alırdılar. Hələ ki, şad xəbər yoxdur.

Kənddə olarkən camaatın narahatlığını nəzərə alıb məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin məsul şəxsi ilə danışdım, vəziyyətin acınacaqlı olduğunu dedim. Sağ olsun, diqqətlə dinlədi, qeydlərini götürdü, yardım edəcəyinə söz verdi. İnşallah nəticəsi olar. Ancaq onu da dedi ki, ölkə üzrə 2500 (!) kombayn çatışmır. Təsəvvür edirsinizmi? Təbii ki, iki aylıq yeni komanda 2500 kombaynı bu tezliklə yerbəyer edə bilməz. Bəs, əvvəlki nazirlər niyə problemi həll etməyib? Axı, illər boyu kombayn çatışmazlığından danışılıb.

Təəssüf doğuran hal budur ki, mən Bakıya qayıtdığım gün rayon ərazisində 10 hektardan artıq taxıl zəmisinin yandığı xəbərini eşitdim. Deyirlər yanğın təsadüf nəticəsində baş verib, bəlkə də kimsə siqaret kötüyünü otluğa atıb və... Amma gözünü əkdiyi taxıla dikən neçə-neçə kəndliyə ciddi ziyan dəyib. Hələ yaxşı ki, yanğın lokallaşdırılıb, daha on hektarlarla taxıl sahəsinin məhv olmasının qarşısı alınıb. Vaxtında biçilsəydi, bu hadisə də yaşanmazdı.

Qeyd etdiyimiz kimi, bilirik, ölkə üzrə kombayn çatışmazlığı var, nazir və komandası yenicə gəlib, problemləri qısa zamanda həll etmək mümkün deyil. Amma gələn ili gözləmədən bu il nə isə etmək lazımdır. Bəlkə elə “fövqəladə vəziyyət” olduğunu nəzərə alıb, qonşu ölkələrdən kombayn istəyək? Bu gün kombayn almayacağıqsa, sabah buğda alacağıq, özü də od qiymətinə. Ölkəmizi daxili ehtiyatlar hesabına çörəklə tam təmin edə bilərik, yetər ki, buğda sahədə məhv olmasın! Biçənəklər biçilib, heyvanlar indi də taxıl sahələrinə soxulur, hələ gəmiricilər, çöl quşları, yerə səpələnən kəhrəba buğdalar... Kəndlilərin bəziləri oraq götürüb taxılı biçməyə başlayıb. Təsəvvür edin, oraqla!

Özü də kombayn problemi təkcə Yardımlıda yaşanmır, eyni vəziyyət Lerikdə də hökm sürür, Ucarda da, Şəkidə də... Ucarda fermer dostum yaşayır, deyir, 80 hektar sahənin azı 30 faizi itkiyə getdi. Məcbur qalıb Qazaxdan kombayn gətirdim, taxılı biçdirdim.

Keçmiş cəbhəçi Sahib Kərimov bir status paylaşmışdı, deyir, əzab-əziyyətdən sonra kombayn tapıb, Şəkidə biçinə başlayıb.

“Bu il arpa ötən ilə nisbətən 80-100 min hektar çox əkilib, ona görə də kombaynlar daha çox arpa ilə məşğul olub deyə, buğdaya çatdıra bilmədik”. Aqrolizinq Səhmdar Cəmiyyətinin şöbə müdiri İsrafil İsmayılov BBC News Azərbaycancaya belə deyib. Onun sözlərinə görə, Azərbaycanda bu il 990 min hektardan çox sahədə taxıl əkilib. “Bu əkinin 45 faizi arpadır, yerdə qalanı isə buğdadır. Aqrotexniki qaydalara görə, arpa buğdadan azı 1 həftə tez yetişir. Arpa bitkisi buğdaya nisbətən kövrək olduğundan biz bütün qüvvələri onun biçini üçün səfərbər etmişik”-o, əlavə edib. Bu işlər qabaqcadan görülməliydi. Azərbaycan ordusu hərbi paradını keçirdiyi kimi, Kənd Təsərrüfatı Nazirliyi də aprel-may aylarında “texnikaların paradı”nı keçirməli, nə qədər texnikamız var, onlar hansı rayonları əhatə edəcək, bunlar dəqiqləşdirilməli idi. Müharibə vəziyyətində olan ölkəyik. Ön cəbhəni təmin etmək üçünsə “arxa cəbhə” gecə-gündüz çalışmalıdır. Azərbaycan əsgəri səngərdədir, hərbi texnikamız düşməni vahiməyə salır, biz kombayn sorağında olmamalıyıq! İnanaq ki, yeni nazir tezliklə ondan nicat gözləyən minlərlə əkin sahibini sevindirəcək...

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR