İnsanlara hürriyət, millətlərə istiqlal!

Kölgə iqtisadiyyatında Azərbaycanı “lider” edən hesabata reaksiyalar

2603 05.07.2017 09:30 İqtisadiyyat A A

Azər Mehtiyev: “Fakt odur ki, Azərbaycanda kölgə iqtisadiyyatının həcmi böyükdür”; Fikrət Yusifov: “Rəqəmlər heç bir məntiqə və reallığa uyğun deyil”

Beynəlxalq Diplomlaşdırılmış və Sertifikatlaşdırılmış Mühasiblər Assosasiyasının (ASSA) açıqladığı hesabata əsasən Azərbaycan kölgə iqtisadiyyatının yayılmasında 1-ci yerdədir. ASSA-nın yaydığı hesabata əsasən kölgə iqtisadiyyatı Azərbaycanda ÜDM-in 67 faizini əhatə edir. Həmçinin hesabatda o da qeyd olunur ki, 2025-ci ilə qədər Azərbaycanda və bir sıra digər MDB ölkələrində kölgə iqtisadiyyatı artan templə inkişaf edəcək.

Hesabatda kölgə iqtisadiyyatının miqyasına görə Azərbaycan ÜDM-in 67 faizi ilə birinci yerdə qərar tutarkən Nigeriya UDM-in 48 faizi ilə ikinci, Ukrayna isə 46 faizlə üçüncü yerdə qərarlaşıblar. Rusiya isə Ukraynadan sonra 4-cü yerdədir. Şimal qonşumuzda kölgə iqtisadiyyat ÜDM-in 39 faizi təşkil edir. Daha sonra ilk beşliyi Şri-Lanka 38 faizlə qapadır. İlk onluqda isə ardıcıl olaraq Braziliya, Pakistan, Bolqarıstan, Estoniya və Keniya yer alır.


Hesabatda Azərbaycanın ilk sırada yer alması geniş suallar doğurmaqla yanaşı, çoxsaylı müzakirələrə də yol açıb. Hesabatın qərəzli olduğunu deyənlərlə yanaşı bunun əksini dilə gətirənlər də az deyil. İqtisadçılar bu hesabatın ölkəmizə investisiya yatırımına ciddi zərbə vuracağını deyirlər.


Məsələ ilə bağlı pia.az-a İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehtiyev maraqlı açıqlamalar verib. Həmin açıqlamalardan bir sıra hissələri təqdim edirik: “Azərbaycanda kölgə iqtisadiyyatının həcminin böyük olması haqqında əvvəllərdə müəyyən araşdırmalar olub. Xüsusən də, Dünya Bankının araşdırmasında Azərbaycanda kölgə iqtisadiyyatının böyük həcmdə olması göstərilirdi. Həmin araşdırmalara əsasən Azərbaycanda kölgə iqtisadiyyatı təxminən 72 faiz həcmində göstərilirdi. Böyük neft ixracı dövründə Azərbaycanda gizli iqtisadiyyatın böyük olması haqqında faktlar çoxdur. Xüsusən dövlət qurumlarında "paket" əmək haqqının verilməsindən tutmuş qeyri-dövlət strukturlarına, qara mühasibatlığa qədər geniş yayılmış kölgə iqtisadiyyatı institutları var. İqtisadiyyatın ayri-ayrı sahələrində, özünəməxsus əhali arasında rəsmi qeydiyyatdan keçmədən və yaxud ən azı sövdələşmələr əsasında fəaliyyət göstərən müəssisələrdən gəlir əldə etməyən insanlar olub. Bu cür tədqiqatlar da həmin məsələlərin araşdırılıb ortaya çıxarılmasına söykənir. Bu baxımdan bu araşdırmalar həm müəyyən sorğulara, həm də müsahibələrə əsaslanır. Bunların əsasında ortaya qoyulmuş faktlara söykənir. Azərbaycanda kölgə iqtisadiyyatın ÜDM-in 67 faiz olması dəqiq olmaya bilər. Yəni bu rəqəm həm aşağı, həm də yuxarı ola bilər. Lakin fakt odur ki, Azərbaycanda kölgə iqtisadiyyatının həcmi böyükdür. Eyni zamanda bilirik ki, 2014-ci ildə neftin qiymətinin aşağı düşməsindən sonra ölkədə vəziyyət xeyli dəyişib. Xüsusən nağdsız bölgənin genişləndirilməsi və nağd bölgənin azaldılması istiqamətində atılan addımlar kölgə iqtisadiyyatının azaldılmasına xidmət edir. Bu baxımdan verilən proqnoz ola bilər ki, bir qədər əvvəlki illəri əhatə etsin. Bəlkə də indiki reallıqlar nəzərə alınmayıb.
Buna baxmayaraq, Azərbaycanda kölgə iqtisadiyyatının tam və yaxud kəskin şəkildə aradan qaldırıldığını demək mümkün deyil. Əgər qarşıdakı dövrdə indiki proseslər davam etsə kölgə iqtisadiyyatının artması yox, azalması daha çox ehtimal olunur. Azərbaycanda gizli iqtisadiyyatının böyük bir hissəsinin səbəbkarı məmur sahibkarlığından törəmə elementlərdir ki, bunun aradan qaldırılmasında hökumətin vacib addımlar atması vacibdir. Nəhayət, sonuncu səbəb odur ki, gizli iqtisadiyyatı qaçmağa sövq edən səbəblər var. Onların bir hissəsi məhz müxtəlif növ vergi və sosial ödənişlərin yüksək olması və digər qanunsuz müdaxilələrdən gedir.Bunların aradan qaldırılması istiqamətində addımlar atılmalıdır".

Image result for Fikrət Yusifov


Sabiq maliyyə naziri, iqtisadçı-alim Fikrət Yusifov hesabata tam fərqli mövqedən yanaşır. O, “Yeni Müsavat”a açıqlamasında bunları dedi: “Kölgə iqtisadiyyatının miqyasını dəqiq müəyyən etmək kifayət qədər mürəkkəb bir məsələdir. Bu səbəbdən kölgə iqtisadiyyatının səviyyəsinə dair səsləndirilən rəqəmlərin dəqiqliyi həmişə müzakirə predmetinə çevrilir. Bu iqtisadiyyatın səviyyəsini müəyyən etmək üçün istənilən beynəlxalq qurumun apardığı hesablamaları əks-arqumentlərlə təkzib etmək mümkündür. Kölgə iqtisadiyyatı bütün ölkələrdə olub və bu gün də var. Bu iqtisadiyyata aid olan müəssisələr bir qayda olaraq büdcəyə vergi ödəmirlər. Sual olunur, kim deyə bilər ki, bu gün Azərbaycanda müəssisələrin büdcəyə ödəməli olduqları vergilərin 67%-i və ya 2/3 hissəsi yığılmır? Əgər doğrudan da Azərbaycanda kölgə iqtisadiyyatı Ümumi Daxili Məhsulun 67%-i səviyyəsindədirsə, deməli ümumi iqtisadiyyatın 67%-i də vergi ödəməkdən yayınır. Kimsə buna inana bilərmi? Mümkündürmü ki, Vergilər Nazirliyi və ya Gömrük Komitəsinin xətti ilə bu qədər vergidən yayınma hallarına göz yumulsun? İllərdir Vergilər Nazirliyi sistemində elə dəqiq nəzarət mexanizmləri formalaşıb ki, indi bizdə vergidən yayınmaq sadəcə mümkün deyil. 2015-ci ilin sonlarından başlayaraq Gömrük Komitəsi sistemində aparılan islahatlardan sonra bu sistemdə də demək olar ki, mümkün ola bilən bütün vergidən yayınma hallarına son qoyulub. Kölgə iqtisadiyyatının səviyyəsini müəyyən etmək üçün müraciət etdiyimiz vergi məsələlərini bir kənara qoyub, məsələyə bir başqa müstəvidən yanaşaq. Bizim Ümumi Daxili Məhsulumuz 2016-cı ildə 60 milyard manat olub.

Əgər kölgə iqtisadiyyatı bu göstəricinin 67%-i səviyyəsindədirsə, deməli, bizdə ÜDM 60 milyard manat deyil 100 milyard manat (60 milyard manat + 67%) təşkil etməlidir. Belə olan halda ÜDM ABŞ dolları ilə ifadədə 59 milyard dollar olmalıdır. Əgər bu rəqəmin reallığını qəbul etsək, onda Alıcılıq Qabiliyyəti Poritetinə görə Azərbaycanın Ümumi Daxili məhsulunun həcmi 280 milyard dollara yaxınlaşmış olur və bu halda adını çəkdiyimiz göstəricinin səviyyəsinə görə biz Danimarka, Finlandiya, Vyetnam kimi ölkələri üstələyib, Yunanıstan, İsrail, Küveyt kimi ölkələrə yaxın oluruq. Cənub Qaz Dəhlizi kimi transmilli layihələrin icrasından sonra bizim ÜDM göstəricimizin adını çəkdiyimiz ölkələrdəki eyni göstəricini üstələyəcəyi mümkün olacaqdır. Lakin bu günün reallığı ondan ibarətdir ki, bizim ÜDM-in həcmi 60 milyard manat ətrafındadır və burada kölgə iqtisadiyyatının səviyyəsinin ÜDM-in 3-5%-indən artıq olması mümkün deyil. Bütün bunlar əsas verir deyək ki, açıqlanan rəqəmlər heç bir məntiqə və reallığa uyğun deyil”.


Cavanşir ABBASLI

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR