İnsanlara hürriyət, millətlərə istiqlal!

Səsimiz və sözümüzün keçdiyi beynəlxalq təşkilatlar

1731 21.11.2016 09:10 KİVDF layihələri A A
Azərbaycan bu il müstəqilliyinin bərpasının 25-ci ilini qeyd etdi. 25 ildə müstəqil Azərbaycan Respublikası mühüm beynəlxalq təşkilatların üzvü olmaq, dünyanın, demək olar ki, əksər dövlətləri ilə həm beynəlxalq təşkilatlar müstəvisində, həm də ikitərəfli münasibətlər qurub. Azərbaycan Xəzər hövzəsinin dünyaya açılmasının ilk təşəbbüskarıdır. 

Respublikamız müstəqil dövlət kimi bir sıra beynəlxalq təşkilatlara, o cümlədən, Birləşmiş Millətlər Təşkilatı (BMT), Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), Avropa Şurası, İslam Əməkdaşlıq (İƏT), Müstəqil Dövlətlər Birliyi (MDB) və çoxlu sayda digər təşkilatlara üzv olub. Ölkəmiz həmçinin NATO və Avropa İttifaqı kimi mötəbər beynəlxalq qurumlarla əməkdaşlığı inkişaf etdirir. Bu təşkilatlarda və regional təşəbbüslərdə iştirakı ilə Azərbaycan öz milli maraqlarını gerçəkləşdirir, eyni zamanda dünya birliyinə öz töhfəsini verir. Ölkəmizin 5 beynəlxalq təşkilat yanında daimi nümayəndəliyi fəaliyyət göstərir. 

Azərbaycanın ilk üzv olduğu beynəlxalq təşkilat BMT-dir. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra 1992-ci ilin 2 martında dünyadakı ən nəhəng beynəlxalq təşkilat olan BMT-nin üzvlüyünə qəbul edilib və 1992-ci il mayın 6-da Azərbaycanın BMT nəzdində Daimi Nümayəndəliyi açılıb. 

BMT ilə əməkdaşlığın birinci günündən başlayaraq, Azərbaycan BMT platformasından beynəlxalq ictimaiyyətin diqqətini Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə və BMT-nin potensial imkanlarından istifadə etməklə sülh sazişinin əldə olunmasına çalışıb. Çalışmaların nəticəsində 1993-cü il ərzində BMT-nin TŞ Ermənistan-Azərbaycan münaqişəsinə dair 822, 853, 874, 884 saylı qətnamələr qəbul edib. Bu qətnamələrdə Azərbaycanın ərazi toxunulmazlığını yenidən təsdiq edərək, dərhal atəşkəs elan olunması və işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması tələbləri irəli sürülüb. Təəssüf ki, məlum qətnamələrin müddəaları indiyə kimi yerinə yetirilməyib.

Azərbaycan BMT-nin bir çox xüsusi qurum və orqanları ilə fəal və səmərəli əməkdaşlığı bu illər ərzində daha da inkişaf etdirib. Onların sırasında BMT-nin İnkişaf Proqramı, BMT-nin Qaçqınlar üzrə Ali Komissarı, BMT-nin Uşaq Fondu, BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı, Sənaye İnkişaf Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin Qadınlar Fondu, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, Nüvə Sınaqlarının Hərtərəfli Qadağan olunması haqqında Müqavilə Təşkilatını və s. qeyd etmək olar.

Image result for Unicef

BMT-nin Uşaq Fondu (UNİCEF) arasında olan əməkdaşlıq məcburi köçkün və qaçqın uşaq və yeniyetmələr arasında vəziyyətin yaxşılaşdırılması məqsədilə həyata keçirilir. Azərbaycan BMT-nin xüsusi qurumları qismində BMT-nin İnkişaf Proqramı və BMT-nin Sənaye İnkişaf Təşkilatı ilə xüsusi əlaqələrə malikdir. BMT ilə sıx əməkdaşlıq müxtəlif illər ərzində BMT TŞ-nın sədri və BMT Baş Katibinin Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyən bəyanatlarla çıxış etməsinə səbəb olub. Həmçinin BMT Baş Assambleyası qətnamələrində ölkəmizin ərazi bütövlüyünü təsdiqləyib. 1993-cü ildən bəri Azərbaycan BMT-nin Qaçqınların işi üzrə Ali Komissarı ilə birgə qaçqın və məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması üzrə fəaliyyəti davam etdirir.

Təhsil, elm və mədəniyyət məsələlərinin vacibliyini nəzərə alaraq, Azərbaycan BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı (YUNESKO) ilə də geniş əməkdaşlıq edir. Azərbaycanın YUNESKO nəzdində Milli Komissiyası fəaliyyət göstərir. Eyni zamanda Azərbaycanın müxtəlif nazirlik və qurumları BMT sistemində olan müvafiq qurumlarla sıx əməkdaşlıq edirlər. Azərbaycan beynəlxalq ictimaiyyəti narahat edən müxtəlif məsələlər ilə əlaqədar BMT Baş Ölkəmizin BMT çərçivəsində görülən işlərə verdiyi töhfələr sırasında, onun qlobal səviyyədə terrorizmə qarşı aparılan mübarizədə fəal şəkildə iştirakı xüsusilə qeyd edilməlidir. BMT-də fəaliyyətinin səmərəliliyi nəticəsində Azərbaycan 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə öz namizədliyini irəli sürən zaman böyük səs üstünlüyü ilə qalib gəlib və qeyd olunan müddətdə BMT TŞ-nın üzvü kimi fəaliyyət göstərib.

2011-ci ilin iyun ayınadək İslam Konfransı Təşkilatı (İKT) adlanan indiki İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ilə də əməkdaşlıq münasibətlərinin inkişafı ölkəmizin xarici siyasət kursunda prioritet istiqamətlərdəndir. Dövlətimiz öz müstəqilliyini bərpa etdikdən sonra keçmiş sovet respublikalarından ilk olaraq İKT-yə üzv olmaq barədə müraciət edib və 1991-ci ilin dekabrında üzv seçilib. 1994-cü ilin may ayından etibarən prezident Heydər Əliyevin müvafiq sərəncamına əsasən Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı səfirinə İKT Baş Katibliyi yanında Daimi Nümayəndə səlahiyyətləri verildikdən sonra Ər-Riyaddakı Səfirliyimiz vasitəsilə mənzil-qərargahı Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerləşən İKT Baş Katibliyi və onun müxtəlif qurumları, o cümlədən İslam İnkişaf Bankı ilə səmərəli iş aparılmağa başlayıb. Nəticədə İKT Zirvə görüşləri tarixində ilk dəfə, Kasablankada “Ermənistan-Azərbaycan münaqişəsi haqqında” siyasi qətnamə qəbul edilib, həmin ildən etibarən İKT-nin BMT ilə əməkdaşlığı üzrə müzakirə edilən problemlər siyahısına “Ermənistan-Azərbaycan münaqişəsi” mövzusunun mütəmadi salınmasına nail olunub. Azərbaycan-İƏT əməkdaşlığı dünyanın BMT-dən sonra ən böyük beynəlxalq təşkilatı olan bu qurumun Ermənistanın Azərbaycana təcavüzünü təsdiqləyən və pisləyən, işğalçı qüvvələrin ərazilərimizdən çıxmasını tələb edən qətnamələrin qəbul olunmasına gətirib çıxarıb. Eyni zamanda Azərbaycana iqtisadi dəstək də İƏT tərəfindən verilib. Azərbaycan da, öz növbəsində İƏT çərçivəsində İslam Ümmətinin başlıca problemlərinə dair aparılan müzakirələrdə, qərar və qətnamələrin qəbul edilməsində konstruktiv mövqedən çıxış edir, birmənalı mövqe nümayiş etdirir.

Image result for İslam Konfransı Təşkilatı

Xüsusilə son illər Azərbaycan-İƏT münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. İƏT zirvə görüşləri Azərbaycanda keçirilir, bu mötəbər tədbirlərdə Azərbaycan prezidenti İlham Əliyev şəxsən iştirak edir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Bakıda “Mədəniyyətlərarası Dialoqda Qadınların rolunun genişləndirilməsi” mövzusunda beynəlxalq forum, İƏT Turizm nazirlərinin Bakı Konfransı, Dözümlülüyün və qarşılıqlı anlaşmanın inkişafında KİV-in rolu, digər konfrans və tədbirlərə Azərbaycanın ev sahibliyi etməsi Azərbaycan-İƏT əməkdaşlığının dərinləşməkdə olduğunun göstəricisidir.

Image result for İslam Əməkdaşlıq Təşkilatı

Azərbaycanın 1992-ci ildən üzv olduğu ATƏT Avropa qitəsinin bütün ölkələrini əhatə edən yeganə təşkilatdır. Azərbaycan təşkilatın əsas sənədləri olan ATƏM-in Helsinki Yekun Aktına, Paris Xartiyasına və Avropa Təhlükəsizliyi Xartiyasına qoşulub. Ermənistan-Azərbaycan münaqişəsinin həllində ATƏT çərçivəsində əməkdaşlıq Azərbaycanın xarici siyasətində xüsusi yer tutur. Azərbaycanda keçirilən bəzi seçkilərə verdiyi qiymət bir sıra hallarda Azərbaycan-ATƏT münasibətlərində soyuqluq yaratsa da ümumi planda bu mötəbər təşkilatla da əməkdaşlığı ölkəmiz önəmli sayır. Azərbaycan parlamentinin nümayəndə heyəti ATƏT PA-nın toplantılarında iştirak edir. Hazırda ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azərbaycan Milli  Məclisinin üzvüdür. 2016-cı il iyulun 5-də ATƏT PP-nın vitse-prezidenti vəzifəsinə seçkilərdə ölkəmizin nümayəndə heyətinin üzvü Azay Quliyev səs çoxluğu ilə seçilib.

Image result for Avropa Şurası

Ölkəmiz 2001-ci ildən üzv olduğu Avropa Şurası ilə əməkdaşlıqda ciddi irəliləyiş əldə edib.
Avropa Şurasının başlıca sənədi sayılan İnsan Hüquqları və Əsas Azadlıqlarının Qorunması üzrə Konvensiyası və onun Protokollarını imzalayıb və ratifikasiya edib. Ölkəmizdə qəbul edilən qanunlar AŞ ekspertlərinin bilavasitə iştirakı ilə hazırlanır. Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti Ermənistan-Azərbaycan münaqişəsinə dair ədalətli mövqeyin formalaşdırılmasında AŞ çərçivəsində fəaliyyət göstərir. Siyasi məhbuslar məsələsində isə AŞ ilə Azərbaycan arasında zaman-zaman fikir ayrılıqları ortaya çıxır. Bununla belə ölkəmiz AŞ ilə əməkdaşlığı dərinləşən xətt üzrə inkişaf etdirir. Azərbaycan nümayəndə heyəti qurumun müxtəlif strukturlarında keçirilən tədbirlərə qatılaraq ölkəmizin mövqeyini çatdırırlar. Bakıda Avropa Şurasının bir çox tədbirləri keçirilir.

Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında münasibətlərin hüquqi əsasını Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi qoyub. Bu sənəd 22 aprel 1996-cı ildə Lüksemburq şəhərində imzalanmış və onu imzalamış bütün dövlətlər tərəfindən ratifikasiya edildikdən sonra 1 iyul 1999-cu il tarixində qüvvəyə minib. Bu Saziş siyasi dialoq, insan hüquqları, ticarət, investisiya, iqtisadi, qanunverici, mədəni və digər əməkdaşlıq sahələrində genişmiqyaslı əməkdaşlığı nəzərdə tutur. Onun əsas məqsədlərindən birini Azərbaycan qanunvericiliyinin Aİ qanunvericiliyinə uyğunlaşdırılması təşkil edir. Sazişə əsasən, Azərbaycanla Aİ arasında ikitərəfli mütəmadi dialoqun aparılması məqsədilə Əməkdaşlıq Şurası, Əməkdaşlıq Komitəsi, Parlamentlərarası Əməkdaşlıq Komitəsi, Ticarət, iqtisadiyyat və əlaqədar hüquqi məsələlər üzrə Alt-komitə və Enerji, nəqliyyat və ətraf mühit məsələləri üzrə Alt-komitə kimi strukturlar yaradılıb.

Azərbaycanla Aİ arasında enerji, nəqliyyat, demokratik idarəetmə sahəsində əməkdaşlıq da mühüm yer tutur. Aİ ilə münasibətlərdə ölkəmiz bir sıra mühüm strateji layihələrin həyata keçirilməsinə nail ola bilib. Respublikamız Aİ-nin Şərq Tərəfdaşlığı təşəbbüsündə də iştirakçıdır. Azərbaycan NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramına bu proqramın təqdim edildiyi ildən (1994) qoşulmaqla, Avro-Atlantika Tərəfdaşlıq Şurasında öz yerini tutub.

Ölkəmizin Avroatlantik məkanda təhlükəsizliyinin başlıca elementlərindən olan NATO ilə Tərəfdaşlıq Proqramı çərçivəsində Azərbaycan hərbiçiləri NATO-nun başçılığı ilə Kosovodakı, Əfqanıstandakı sülhməramlı əməliyyatlarda iştirak edib. Hər il zabitlərimiz NATO təlimlərində iştirak edir. Bu isə ordumuzun NATO standartlarına tam keçidi prosesinə öz təsirini göstərən faktordur. 1993-cu ildən MDB-nin üzvü olan Azərbaycan bu təşkilat çərçivəsində öz müstəqilliyini möhkəmləndirmək və mehriban qonşuluq zonası yaratmaq məqsədi güdür. MDB həmçinin ətraf mühitin qorunması, elmi və mədəni əməkdaşlıq, eləcə də qanunsuz dövriyyələrə və cinayətkarlığa qarşı mübarizədə səylərin əlaqələndiricisi kimi çıxış edir. Ölkəmiz GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və Qoşulmayanlar Hərəkatı çərçivəsində, digər beynəlxalq təşkilatlarla da əməkdaşlıq münasibətlərindədir. 

Azərbaycan üzvü olduğu beynəlxalq təşkilatlara daxil olan yüzlərlə dövlətlə həm həmin beynəlxalq qurumlar daxilində, həm də ikitərəfli müttəfiqlik, əməkdaşlıq qura bilib. Azərbaycan bölgənin açar ölkəsi adlandırılır. Qərblə-şərq arasında körpü rolunu oynayan ölkəmizin iştirakı olmadan bu bölgədə heç bir ciddi iqtisadi proje reallaşmır. Bu isə Azərbaycanın, onun xalqının təhlükəsiz gələcəyinin, iqtisadi inkişafının təminatına xidmət edir.

QEYD: “Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün”.

Etibar AĞAYEV

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR