İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağla bağlı ötür-ötür oyunu nə vaxt bitəcək?

1607 12.12.2016 09:30 KİVDF layihələri A A

Ötən həftə Almaniyanın Hamburq şəhərində ATƏT Xarici İşlər Nazirləri Şurasının 23-cü iclası keçirildi. Gözlənildiyi kimi, toplantıda Avroatlantik məkandakı münaqişələr, o cümlədən Qarabağ konflikti də bu və digər formatda müzakirə olundu. Toplantı çərçivəsində ATƏT-in Minsk Qrupunun ABŞ, Rusiya və Fransadan olan həmsədr dövlətlərinin xarici işlər nazirləri bəyanatla çıxış etdilər.

Lakin bəyanatda əfsus ki, yeni, ümidverici nəsə olmadı, sırf növbətçi xarakter daşıdı. Yalnız belə bir tezis “qırmızı xətt” kimi keçdi ki, münaqişənin hərbi yolla həlli yoxdur. Əlbəttə ki, müharibəni kimsə arzulamır. Lakin o zaman ənənəvi və cavabı açıq qalan suallar ortaya çıxır ki, bəs, danışıqlar yolu ilə problemin həllində nə vaxt irəliləyiş olacaq? Minsk Qrupunun mövcud olduğu 22 il kifayət etmədimi? Ərazisinin 20 faizi işğal edilmiş Azərbaycan, onun xalqı daha neçə on il gözləməlidir?

Məsələ də ondadır ki, əsas və həlledici məqamla bağlı bəyanatda heç nə deyilmir, yenə də işğala məruz qalan tərəflə, işğalçıya bərabər gözlə baxmaq, eyni yanaşma prinsipi əsas götürülüb. Bu isə konfliktin həllini dalana dirəmək, status-kvonun ömrünü uzatmaq, ən önəmlisi, savaş riskini saxlamaq anlamına gəlir. Bu mənada həmsədr dövlətlərin XİN başçılarının son bəyanatından daha çox müharibə qoxusu gəlir, nəinki sülh.

***** 

Minsk Qrupunun 22 illik fəaliyyətsizliyi əcnəbi politoloqların da diqqətini çəkir. Məsələn, postsovet məkanı üzrə tanınmış alman eksperti, Xarici Siyasət üzrə Alman Cəmiyyətində (DGAP - Almaniya XİN-i dəstəkləyən “beyin mərkəzi” sayılır) Rusiya və Şərqi Avropa istiqamətini kurasiya edən Ştefan Mayster “Tagesspiegel” nəşrinə açıqlamasında konfliktlərin həllində ATƏT-in fəaliyyətini sərt tənqid edib. “Almaniya kimi böyük bir dövlətin ATƏT sədrliyini öz üzərinə götürməsi təşkilat daxilində mühüm bir siqnal hesab edilirdi. Böyük ümidlər yaransa da, yekun etibarilə doğrulmadı və doğrula da bilməzdi” - politoloq deyib.
Onun sözlərinə görə, ATƏT daha onun üzərinə qoyulan vəzifələrə uyğun gəlmir və təşkilatda təcili islahatlar aparılmalıdır: “İndiki məqamda ATƏT-in imkanları o dərəcədə məhduddur ki, təşkilat konfliktlərin sırf menecmenti çərçivəsindən kənara çıxa bilməyib. Bu halda münaqişələrin həllindən danışmağa belə dəyməz”.

Ekspert neqativ nümunə kimi ATƏT-in Dağlıq Qarabağ konflikti ilə bağlı vasitəçilik səylərini göstərib. “ATƏT-in Minsk Qrupunun himayəsi altında artıq 20 ildən çoxdur ki, sülh danışıqları aparılır. Ancaq hələ də nəticə yoxdur. Bu, ATƏT-ə inamı sarsıdır. Dialoq özünühədəf ola bilməz” - analitik əlavə edib.

Qeyd edək ki, rəsmi Bakı müntəzəm surətdə, xüsusın də aprel döyüşlərindən sonra mövcud status-kvonun saxlanmasın yolverilməzliyini, Qarabağa dair substantiv danışıqların başlanmasının vacibliyini bəyan edir, əks təqdirdə danışıq naminə danışıqların əleyhinə olduğunu bildirir. Görünür, məhz aprel müharibəsindən sonra Avropanın ekspert dairələrində də status-kvonu dəyişməyin dərki güclənib.

***** 

Almaniyanın ATƏT-ə uğursuz sədrliyi, bütövlükdə qurumun münaqişələrin həllində dişsizliyi azərbaycanlı ekspertlər tərəfindən də təəssüflə vurğulanmaqdadır. “Bu dövlətin sədrliyi dövründə Qarabağ münaqişəsinin həllinə yeni heç nə gətirmədi. Hamburq toplantısından sonra ATƏT-ə sədrlik Avstriyaya keçir. Ancaq onun da çox təşəbbüskar olacağını gözləməyə dəyməz. Çünki ATƏT-də sədrlik simvolik mahiyyət daşıyır”. Bunu Hamburq toplantısı ilə bağlı danışan politoloq Elxan Şahinoğlu deyib. 

O diqqəti həmsədr dövlətlərin XİN başçılarının son Qarabağ bəyanatına toxunaraq deyib: “Maraqlıdır ki, Suriyadakı müharibəyə, Krımın işğalına və Donbasdakı duruma fərqli baxan Rusiya, ABŞ və Fransa Qarabağ məsələsində yekdil mövqe ortaya qoyur. Ancaq bu mövqenin Qarabağ münaqişəsinin həllinə müsbət təsiri yoxdur. Budəfəki ortaq bəyanatın mətni Azərbaycana qarşı ultimativ tonda yazılıb. Doğrudur, mətndə konkret ölkələrin adı çəkilmir, ancaq ”münaqişənin hərbi yolla həlli yoxdur" ifadəsi Azərbaycana mesajdır. Bəyanatdakı “biz aprel ayında döyüş meydanında törədilmiş vəhşiliklərdən xəbərdarıq və bunu şiddətlə pisləyirik” ifadəsi də qeyri-müəyyəndir. “Biz tərəfləri maneələri aradan qaldırmağa və insidentlərin araşdırılmasına dair mexanizmin yaradılması təklifi üzrə irəliləyişə nail olmağa çağırırıq” cümləsi isə birbaşa Azərbaycana mesajdır. Çünki rəsmi Bakı cəbhədəki toqquşmaların qarşısını almaq üçün monitorinqin keçirilməsində maraqlı deyil. Çünki belə monitorinq işğalın rəsmiləşdirilməsi deməkdir".

E.Şahinoğlu Qarabağ danışıqlarında irəriləyişin əldə olunmamasına görə həmsədrlərin də məsuliyyət daşıdığını bildirib: “Çünki həmsədrlər aprel döyüşlərinə görə Azərbaycan və Ermənistanın eyni məsuliyyət daşıdıqlarını bildiriblər. Belədirsə, həmsədrlər cəbhədə növbəti toqquşmaya görə də məsuliyyəti ancaq bir dövlətin üzərinə qoymayacaqlar”.

Onun sözlərinə görə, bəyanatın sonuncu abzası münaqişənin necə həll olunması mexanizminə həsr olunsa da, yeni heç nə yoxdur: “Madrid planında nə varsa, həmsədrlərin sonuncu abzasında yer alıb. Abzasdakı bircə maddədən başqa bütün digər maddələr Azərbaycan üçün münasibdir. Həmin cümlə ”gələcəkdə Dağlıq Qarabağın məcburi hüquqi qüvvəyə malik iradəsi yolu ilə yekun statusunun müəyyənləşməsi" ifadəsindən ibarətdir. Rəsmi Bakı bu maddəni belə görür: “Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağ öz statusunu müəyyənləşdirə bilər”. Ümumiyyətlə, beynəlxalq vasitəçilərin “ərazi bütövlüyü” ilə “xalqların öz müqəddəratını təyin etməsi” prinsiplərini bərabər tutması münaqişənin həllini sürətləndirməyəcək".

******

Bu arada Ankara-Moskva yaxınlaşması bir sıra təhlilçilər tərəfindın münaqişənin həllində əhəmiyyətli gəlişmələrdən biri kimi qiymətləndirilməkdədir. O sırada politoloq Qabil Hüseynli də var. 

“Türkiyənin Rusiya ilə yaxınlaşması fonunda Ankaranın Moskvanın maraqlarına uyğun ciddi razılaşmalara getməsi, məsələn, ”Türk axını" ilə rus qazının yenə Ukraynadan keçərək, Avropaya ötürülməsi kimi böyük güzəştə getməsi Kremlin geosiyasi maraqları üçün misilsiz əhəmiyyətə malikdir. Türkiyə də bu güzəştlər fonunda Rusiyadan Qarabağla bağlı ədalətli mövqe nümayiş etdirməsini istəyə bilər. Belə görünür, bu istiqamətdə intensiv danışıqlar gedir. Lavrov-Çavuşoğlu və Türkiyə baş nazirinin Moskva səfərindən bu qənaətə gəlmək olar. Hər halda Türkiyə-Rusiya yaxınlaşması Moskva üçün vazkeçilməz ünsürlərdən birinə çevrilir", - deyə o, Axar.az-a açıqlamasında bildirib.

Politoloqun fikrincə, Rusiya artıq NATO-nun ən güclü dövlətlərindən birini öz tərəfinə çəkməyə nail olub və ciddi iqtisadi, siyasi sövdələşmlərə gedir, bu isə o anlama gəlir ki, Moskva Ankaranın müəyyən tələblərindən imtina etməz: “Türkiyənin tələbi Azərbaycanın ərazi bütövlüyü və torpaqlarımızın işğaldan azad edilməsidir. Burada Türkiyə ardıcıl siyasət yürüdür və indidən Ermənistanın nələr qazana biləcəyini gündəmə gətirir. Üstəlik, Azərbaycan da Ermənistanın işğalçı qoşunlarının ərazilərimizdən çıxarılması müqabilində eyni addımları atacağını vəd etməklə qalmır, Dağlıq Qarabağa yüksək muxtar respublika statusu verə biləcəyini bəyan edir. Göründüyü kimi, Ankara və Bakı ciddi kompromislərə hazırdır, ancaq bu, ölkəmizin unitar dövlət quruluşuna toxunmamalıdır”.

Ermənistanın Rusiya üçün mühüm əhəmiyyət kəsb etmədiyini deyən ekspertin sözlərinə görə, hazırda Türkiyə və onun ətrafında olan strateji dövlətlərin rəğbətini qazanmaq Rusiya üçün daha böyük geosiyasi əhəmiyyətə malikdir: “Beləliklə, mümkün razılaşmaların perspektivlərini təxmin etmək mümkündür. Artıq Avropanın iri dövlətləri, ABŞ Azərbaycanı qane edən bəyanatlar səsləndirməkdədir. Bir sözlə, beynəlxalq münasibətlərdə Azərbaycanın haqlı mövqeyinin daha da möhkəmlənməsi üçün pozitiv dəyişikliklər gedir və ümidvaram ki, bu, Qarabağ probleminin həllində mütləq müsbət dəyişikliklərə gətirib çıxara bilər”.




Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR