İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qarabağ yükü” 2017-yə ötürülür - böyük müharibə riski ilə birgə...

3777 09.11.2016 09:37 KİVDF layihələri A A
Prezidentlərin bu ilin sonuna ümid edilən görüşü də artıq belə görünür, baş tutmayacaq. Bu, o deməkdir ki, 2016-cı il də əvvəlki illər kimi nəticəsiz il olaraq, vaxtından əvvəl tarixə gömülür və Qarabağ problematikası bütün ağır yükü ilə yeni ilə təhvil verilir. Hərçənd bu qəbildən daha bir görüş baş tutsaydı da, o, Qarabağ konfliktinin dinc həlli baxımından heç nəyi dəyişməyəcəkdi. Daha bir səbəbdən.


Məsələ ondadır ki, gələn ilin ilk üç ayı Ermənistanda parlament seçkiləri dönəmi olduğundan böyük ehtimalla, rəsmi İrəvan seçkiləri bəhanə edib daha bir neçə ay konstruktiv danışıqlardan yayınmağa və status-kvonu uzatmağa çalışacaq. Aydındır ki, seçki kampaniyası dövründə hakim rejim öz siyasi taleyi baxımından hər hansı riskli addım atmaqdan çəkinəcək. Aprel seçkilərindən sonra isə düşmən ölkə parlamentli üsul-idarəyə keçəcək və orada prezident deyil, yeni parlamentin seçəcəyi baş nazir əsas söz sahibi olacaq.  

*****     

“Təəssüf ki, Dağlıq Qarabağ münaqişənin həllində ləngimə var”. Bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda italiyalı həmkarı ilə keçirdiyi mətbuat konfransında deyib. Nazir bildirib ki, Sankt- Peterburq görüşündən sonra irəliləyişə ümid olub. 

“Bizdə ümid yaranmışdı ki, düz istiqamətdə işləyirik və nəticə ola bilər. Təəssüf ki, Ermənistan tərəfi irəliləyişə hazır deyil. Özləri də deyirlər ki, status-kvonu dəyişməyə hazır deyillər. Hazırda Hamburqda görüş planlaşdırılır. Azərbaycan tərəfi Hamburqda görüşə razılıq verib. İstəyərdim ümidverici söz deyim, amma görünür Ermənistan tərəfi məsələni ləngidir” - Azərbaycan XİN başçısı deyib.

“Həmsədrlər münaqişənin sülh yolu ilə həlli yönündə gələcək addımları üçün tərəflərlə işləməyə davam edir. Bu, çox vacibdir ki, tərəflər həmsədrlərlə və öz aralarında masa üzərində olan təklif və ideyalar, o cümlədən Vyana və Peterburq görüşlərində əldə edilmiş razılaşmaların həyata keçirilməsi ilə bağlı ümidlə danışır”. Bunu isə APA-ya açıqlamasında Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryanın danışıqlar prosesinin dayandığı barədə bəyanatına münasibət bildirən ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib. 

Amerikalı diplomat Dağlıq Qarabağdakı qondarma rejimin “konstitusiya”ya dəyişikliklər etməsinə və separatçı rejimin adını “Artsax Respublikası”na dəyişmək niyyətinə də münasibət bildirib. 

“ABŞ, o cümlədən Ermənistan da daxil olmaqla, dünyada heç bir ölkə Dağlıq Qarabağdakı de-fakto rejimi tanımır. Ərazi bütövlüyü, öz müqəddəratını təyin etmə və güc tətbiq etməməyi özündə əks etdirən Helsinki prinsipləri əsasında bütün tərəflər üçün danışıqlar yolu ilə həllə nail olmaq istiqamətində işləmək çox vacibdir”, - deyə diplomat qeyd edib.

“Biz dialoqu davam etdirmək üçün Hamburq görüşünü səbirsizliklə gözləyirik və hərtərəfli həllə gətirib çıxaracaq istənilən yollarla tərəflərlə işləməyə hazırıq”, - deyə Uorlik söyləyib. Xatırladaq ki, Hamburqda ATƏT Xarici İşlər Nazirləri Şurasının toplantısı keçiriləcək. Toplantıda Azərbaycan, Ermənistan xarici işlər nazirləri və Minsk Qrupunun həmsədrləri də iştirak edəcək.

*****

Lakin XİN başçıları və həmsədrlərini Hamburq görüşü təbii ki, heç nəyi dəyişməyəcək. Çünki həmin görüşün uğurlu nəticəsi üçün real zəmin yoxdur, hazırlanmayıb. O üzdən də belə bir görüş olsa-olsa, formalizm, daha bir “quş” qoymaq xətrinə olacaq. Əslinə qalsa, danışıqlar prosesində real irəliləyiş üçün sülh prosesi ilk növbədə XİN başçıları səviyyəsində effektli şəkildə aparılmalı və prezidentlərin görüşünə hazır anlaşma variantı təqdim edilməlidir. 

Bu isə əlbəttə ki, Minsk Qrupu həmsədrlərinin nizamlama prosesinə real dəstəyi olmadan mümkünsüzdür. Ötən illərin acı təcrübəsi də buna şəkk-şübhə yeri saxlamır. Vasitəçi dövlətlər isə belə görünür, aprel sindromundan sonra da Qarabağ probleminin həllində kardinal dəyişikliyə hazır deyillər. Səbəblər barədə kifayət qədər yazmışıq. 
  
*****

Erməni mənbələrindən alınan məlumatlar da qarşı tərəfdə Məmmədyarov-Nalbəndyan görüşündə mühüm qərarların alınmasına ümid bəsləyən olmadığını göstərir. Musavat.com-un məlumatına görə, bunu müxtəlif erməni ekspertlərinin mətbuata verdikləri açıqlamalardan görmək olar. Məsələn, erməni politoloq, qondarma “DQR”-in keçmiş “xarici işlər naziri” Arman Məlikyanın fikrincə, Məmmədyarov-Nalbəndyan görüşü hərbi əməliyyatları durdurmaq üçün siyasi potensiala malik deyil.

“Danışıqlar masasında real tərəqqiyə nail olmaq üçün tamamilə yeni təkliflər gətirmək lazımdır. Yeni təkliflər isə erməni tərəfi təşəbbüskar və aktiv olmadığı təqdirdə  avtomatik olaraq yaranan deyil. Erməni tərəfinin aktivliyi onun üçün vacibdir ki, ”Madrid prinsipləri"nin və ya “sirli” Kazan sənədinin praktiki tətbiqi zamanı bu, birtərəfli qaydada ərazilərin itirilməsinə və ya müharibəyə gətirib çıxaracaq. Nalbəndyan-Məmmədyarov görüşü hərbi əməliyyatların qarşısının alınması potensialını daşımır. Əminəm ki, rəsmi İrəvan üçün ikitərəfli görüşlərin əhəmiyyəti, öz danışıq mövqelərini tamamilə  yenidən gözdən keçirməsi ilə bağlı yarana bilər. Bu gün bzim müzakirəçilər təkcə masa üstündə olan nizamlama variantlarını rədd etməklə qalmayıb, həm vasitəçilərə, həm də Azərbaycan tərəfinə əsaslandırılmış alternativ təqdim etməlidirlər. Bu gün həmin alternativ variant mövcud deyil", - erməni politoloq bildirib.

Məlikyanın fikrincə, Ermənistan passiv və fəaliyyətsiz qaldığı şəraitdə heç kimdən ermənipərəst mövqe gözləyə bilməz. O, Ermənistanın hətta Asiya və İslam dünyasında belə potensial müttəfiqlər cəlb etməli olduğunu qeyd edib. Məlikyan Azərbaycanın Avrasiya İttifaqına üzv olması ilə bağlı son zamanlarda mətbuatda gedən xəbərlərə də toxunub. Onun fikrincə, Azərbaycan bununla Qarabağla bağlı Rusiyadan müəyyən güzəştlər qoparmağa cəhd göstərir:  “Bu, o deməkdir ki, bizim vəzifəli şəxslər yerlərindən tərpənməlidirlər. Bizim rahat nəfəs almaq üçün cəmi bir neçə ay vaxtımız qalıb. Lakin biz bu nisbi pauzadan da istifadə edə bilməsək, o zaman təşəbbüsü düşmənə (Azərbaycana-red.) verməli olacağıq. Bu isə bizə on qat baha başa gələ bilər”, - deyə erməni politoloq 1in.am-a verdiyi müsahibədə vurğulayıb.

Ermənistanın “Aravot” (“Səhər”) qəzetinin yazarı Emma Qabrielyanın fikrincə isə indiki situasiyada həm Azərbaycan, həm də Türkiyənin Moskvadan müəyyən gözləntiləri var. “İndi biz təkcə Azərbaycan və Türkiyə hakimiyyətlərinin təbliğat xarakterli bəyanatları ilə deyil, həm də Rusiya tərəfindən verilən müəyyən siyasi mesajlarla da üzləşmişik. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun ”Rusiyanın ermənilərin Azərbaycanın işğal olunmuş 5 rayonundan çəkilməsi ilə bağlı ağıllı təkliflər irəli sürdüyünü və bu variantın müzakirə mərhələsində olduğunu" qeyd etməsi, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın Azərbaycan prezidenti İlham Əliyevin Dağlıq Qarabağa muxtar status verilməsi ilə bağlı bəyanatına verdiyi şərhdə “burada açar kəlmə ”əgər tərəflər razılığa gələrsə" olub" deməsi bunu göstərir. Daha doğrusu, Moskva Əliyevin Dağlıq Qarabağın müstəqilliyinin tanınması üçün ona təzyiqlər göstərildiyini etiraf etdiyi bir vaxtda Ermənistan hakimiyyətinin onunla Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalması ilə bağlı danışıqlara gedəcəyinimi düşünür?", - deyə Qabrielyanın məqaləsində qeyd olunub.

***** 
Beləcə, şərhlərdən də göründüyü kimi, işğalçı ölkə nə sülhə, nə də müharibəyə hazırdır və “Qarabağ yükü” bütünlüklə 2017-ci ilə ötürülür. Bu da o deməkdir ki, müharibə riskləri də növbəti ilə keçir və Azərbaycan istənilən an aprel presedentini təkrarlaya bilər - həm də bu dəfə daha geniş miqyasda.   

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR