İnsanlara hürriyət, millətlərə istiqlal!

“Nə sülh, nə də müharibə” limiti... Moskva üçün də bitir

967 11.01.2017 09:50 KİVDF layihələri A A

Azərbaycan əsgəri Çingiz Qurbanovun meyiti artıq 10 gündür ki, Ermənistan ərazisindədir. Rəsmi İrəvan bununla bir daha beynəlxalq humanitar hüquqa da meydan oxuduğunu nümayiş etdirməkdədir. Bu, bir daha onu göstərir ki, düşmən ölkə rəhbərliyi üçün müqəddəs heç nə yoxdur. Əslində ondan bunu gözləmək də absurd olardı, çünki illərdir Ermənistanda hakimiyyət məhz terrorçu-kriminal dəstənin əlindədir. Terrorçunun isə dini-imanı olmaz.

Bu arada nəhayət ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri sərhəddəki 29 dekabr insidentinə münasibət bildiriblər. Diqqətçəkicidir ki, KTMT-nin keçmiş sədri Nikolay Bordyujadan fərqli olaraq, həmsədrlər insidentə görə Azərbaycanı qınamayıblar, yalnız ümumi ifadələrdən istifadə ediblər. 

İqor Popov, Stefan Viskonti və Riçard Hoqlandın birgə bəyanatında deyilir: “Həmsədrlər 2010-cu ildə Həştərxan görüşündə əldə olunan razılaşmaya uyğun olaraq həlak olan hərbçinin qalıqlarını vətəninə qaytarmağa çağırır. Biz tərəfləri qarşılıqlı ittihamlara son qoymağa və yerlərdə vəziyyətin sabitləşdirilməsi üçün bütün zəruri tədbirləri görməyə çağırırıq”.

*****

Maraqlıdır ki, Ermənistan rəhbərliyinin bu antibəşəri və vəhşi davranışı fonunda Azərbaycana, onun haqq işinə dəstək verən ermənilərin sayı artır. Onların arasında tanınmışlar da az deyil. Xəbər verildiyi kimi, bugünlərdə erməni şairi və ictimai xadimi Anna Payatyan Bakı Sülh Platformasını dəstəkləyərək, prezident Serj Sərkisyan əleyhinə sərt ifadələr işlətmiş, onu Xocalı soyqırımının günahkarlarından biri sayaraq, ən ağır sözlərlə ifşa eləmişdi.

Son olaraq analoji mövqeni Ukrayna Erməniləri Milli Konqresinin sədri Aşot Ovanesyan ortaya qoyub. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışan Ovanesyan deyib: “Mənim rəhbərlik etdiyim konqresin mövqeyi bundan ibarətdir ki, Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması şərti ilə sülh əsasında son qoyulmalıdır. Bizim hazırda vətəndaşı olduğumuz Ukraynanın da ərazi bütövlüyünə təcavüz olub, biz həmişə bu məsələ ilə paralel Azərbaycanın da ərazi bütövlüyünün bərpası məsələsini qaldırırıq. Azərbaycanın işğal olunmuş rayonları geri qaytarılmalıdır. Biz bunu dəfələrlə Ermənistan rəsmiləri ilə, deputat qrupları ilə görüşlərimizdə tələb etmişik. Azərbaycan mənim vətənimdir, mən orada Oğuz rayonunda doğulmuşam. İndi də biz ailə olaraq Azərbaycanı özümüzə vətən hesab edirik. Biz istəyirik ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun. Bu münaqişədən erməni xalqı çox əziyyət çəkir, müharibə bitər, sərhədlər açılarsa, Ermənistan bundan iqtisadi cəhətdən çox fayda götürəcək. Bu, tək mənim yox, əksər ermənilərin fikridir”.

***** 

Bunlar əlbəttə ki, pozitiv tendensiyadır və münaqişənin dinc yolla, ədalətli həllinə kövrək ümidləri artırır. Ancaq əfsus ki, erməni cəmiyyətinin əksəriyyəti Sərkisyanın kriminal rejiminin təbliğatı ilə zombiləşmiş durumdadır. Ancaq ermənilərin ayılaraq acı gerçəyi dərk eləməsi, oyanması prosesi yavaş-yavaş da olsa gedir və heç şübhəsiz ki, Anna Payatayan kimilərin fəaliyyəti sayəsində sürətlənəcək. Bu proses eyni zamanda  kriminal Sərkisyan rejiminin sonuncu dayaqlarının da dağılması ilə müşahidə ediləcək. Politoloqların bu xüsusda maraqlı yanaşmaları var. 

“Ermənistan siyasi rəhbərliyi hazırda sıxılmış vəziyyətdədir, daxildən də təzyiqlər artır”. 

Image result for Qabil hüseynli

Bunu axar.az-açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Qərbin prosesə çoxdan qoşulduğunu bildirən politoloqun qənaətinə görə, Rusiyanın qeyri-diplomatik formada təzyiqləri də bura əlavə olunur: “Beş rayonun Azərbaycana qaytarılması barədə Rusiyanın səylərindən sonra Ermənistan bu təklifdən yayındı. Putin və ya Lavrov planını rədd edən İrəvan bir növ danışıqlar prosesinin dalana dirənməsində əsas səbəbkar rolunu oynadı. Bunun ardınca hərbi təlimlərə başlayan ermənilərin bu hərəkəti isə Rusiyanı tam olmasa da, qismən qəzəbləndirdi. Moskva İrəvanın qeyri-itaətkar davranışına səssiz qalmadı. Çünki sülh prosesinin pozulması və ATƏT-ə göndərilən təhdidlər beynəlxalq ictimaiyyətdə Rusiyanın günahı kimi qiymətləndirildi. Ermənistanın məhz Rusiyanın qəyyumluğu sayəsində daha da qudurduğu bildirildi. Bunun ardınca Rusiya Ermənistana qarşı təzyiq siyasətinə keçdi. Əvvəlcə, belə bir fikir yayıldı ki, Rusiya hər iki tərəfi bəlli şərtlər altında sülh sazişinə vadar edəcək. Sonra isə tamam başqa bir versiya da üzə çıxdı. Müəllifi ermənilərin olduğu bu versiyaya görə, guya 2017-ci ildə Rusiyanın qəsdən susqun olması nəticəsində Azərbaycan yenidən hücuma keçəcək. Hətta bir az da qabağa gedərək məhz Rusiyanın diktəsi ilə Azərbaycanın Ermənistana qarşı sui-qəsd planı hazırladığını iddia edirdilər. Bütün bunlardan o qənaətə gəlmək olar ki, yenidən Rusiya ilə Ermənistan arasında soyuq küləklər əsməyə başlayıb”.

Q.Hüseynlinin sözlərinə görə, Levon Ter-Petrosyanın Qarabağla bağlı məlum mövqeyi bu prosesi sürətləndirib və hazırda daxili ictimai rəydə çox ciddi rezonans yaşanır: “Sərkisyanı nüfuzdan salan amillərdən biri də Ermənistanla Azərbaycan arasında sülh platforması oldu. İrəvandan Bakıya erməni axını baş verməsə də, ermənilərin gəlişi prosesi sürətlənir. Ermənistanın işğalçı və genosid siyasəti faş olur. Ermənistan siyasi rəhbərliyi hazırda sıxılmış vəziyyətdədir, daxildən də təzyiqlər artır. Qərb prosesə onsuz da çoxdan müdaxilə edir. İndi Rusiyanın qeyri-diplomatik təzyiqləri də bura əlavə olunur. Bir sözlə, Sərkisyan rejimi çox ciddi böhran yaşayır və bu, onun süqutu deməkdir”.

Öz növbəsində politoloq İlqar Vəlizadə hesab edir ki, müharibə gözləntisi belə Ermənistanda miqrasiya dinamikasını artıracaq. Onun fikrincə, 2016-cı il Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində bir sərhəd rolunu oynayıb: “Aprel müharibəsi həm Qarabağ məsələsində, həm də Ermənistanda çox mürəkkəb proseslərə start verdi. Ötən il Ermənistanı 60 min nəfər tərk etdi. Bundan öncə ölkəni ən pis halda 45 min nəfər tərk edirdisə, indi bu proses getdikcə sürətlənir. Danışıqlar prosesi dayanıb, ancaq müharibəyə hazırlıq gedir. Erməni cəmiyyəti hər an növbəti müharibədən ehtiyat edir. Müharibə gözləntisi belə Ermənistanda miqrasiya dinamikasını artıra bilər. Ermənistan çox acınacaqlı bir durumdadır və hər an müharibəyə hazırlıqlı bir cəmiyyət formalaşdırılır, hətta ölkə iqtisadiyyatında gedən proseslər belə bu duruma uyğun hesablanır”.

Image result for politoloq İlqar Vəlizadə

Politoloqun fikrincə, normal cəmiyyət belə bir vəziyyətdə yaşaya bilməz və bu, mövcud Ermənistan siyasi sistemi üçün sarsıdıcı zərbədir: “Bundan qurtulmaq üçün müxalif erməni siyasi qüvvələr açıq şəkildə hakimiyyət dairələrinə çağırışlar edirlər ki, Dağlıq Qarabağla bağlı siyasətlərinə dəyişiklik etsin. Bu isə Ermənistanın daxili siyasətində, şərti desək, müharibə və sülh partiyaları arasında toqquşmaları artırır. Rusiya başa düşür ki, Ermənistanın siyasətində sülhə sifariş artır və buna görə də istəməz ki, İrəvan birbaşa hərbi ssenariyə qatılsın. Çünki bu, ən azı Azərbaycanla münasibətləri korlaya bilər. Sülh tərəfdarları və Rusiya siyasətçiləri bu il müəyyən siyasi danışıqlara gedə bilərlər, belə bir gedişatsa Ermənistan hakimiyyətinin dəyişməsinə gətirib çıxara bilər. Hər halda, bu ilin aprel seçkilərində Ermənistan Milli Konqresi və ayrı-ayrı siyasətçilər Rusiyadan real siyasi dəstək alsalar, demək, Moskva doğurdan da regionda proseslərin sülh yolu ilə tənzimlənməsində maraqlıdır”.

***** 

Bir çox digər analitiklər də 2017-ci ili konfliktin həllində Rusiyanın nəhayət, hərəkətə keçməsi üçün həlledici il hesab edirlər. Çünki əks halda, vəziyyət geridönməz şəkildə korlana bilər ki, bu da Rusiyanın regiona yönəlik orta perspektivdəki maraqlarına ciddi zərbə vurardı. 

Başqa sözlə, nə sülh, “nə də müharibə vəziyyəti” limiti Moskva üçün də sonsuz deyil və artıq bitmək üzrədir. Kremlin məsələdə real irəliləyiş əldə eləməsi üçünsə böyük səylərə ehtiyac da yoxdur. Onun işğalçı Ermənistanın rəhbərliyinə sadəcə, göz ağartması yetər. 







Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR