İnsanlara hürriyət, millətlərə istiqlal!

İşğalçı-separatçılara və himayəçilərinə Bakıdan son savaş siqnalı

4197 07.11.2016 10:10 KİVDF layihələri A A
Bu həftə Azərbaycan öz müstəqilliyi tarixində ən böyük hərbi təlimlərə başlayır. Ərazisinin 20 faizi üçüncü on illikdir Ermənistanın işğalçı qüvvələrinin tapdağı altında olan bir ölkə kimi Azərbaycanın belə hərbi manevrləri təbiidir və sözsüz ki, ən əvvəl təcavüzkara hərbi güc nümayişi niyyəti güdür. 

Bu, həmçinin, düşmənə aydın bir mesajdır ki, müharibə bitməyib, biz işğalla barışmamaşıq, barışmaq fikrində deyilik və o üzdən qarşı tərəfin arxayınçılığına da əsas yoxdur. Aprel döyüşlərində qulaqburması alan işğalçı tərəfin təzədən təxribatçı və kompromissiz mövqeyə köklənməsi səbəbindən indi bu miqyaslı təlimlər xüsusilə böyük önəm daşıyır. Təsadüfi deyil ki, ordumuzun geniş miqyaslı təlimləri düşmən tərəfdə ciddi təlaş yaradıb. Bu  barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı son bəyanatda bildirilir.              

***** 
Yerli və əcnəbi siyasi və hərbi analitiklər də ölkəmizin hərbi potensialının işğalçını ram eləməsi üçün yetərli olduğu qənaətindədir. Məsələn, sabiq diplomat, politoloq Fikrət Sadıqov yaxın gələcəkdə genişmiqyaslı müharibənin olacağına inanmasa da, aprel hadisələrinə bənzər toqquşmalar istisna etmir (Axar.az). 

Bu xüsusda o, Azərbaycanın bu həftə başlayacağı genişmiqyaslı hərbi təlimlərin əhəmiyyətini olduqca böyük hesab edir. 

“Azərbaycan vaxtaşırı düşmənə öz gücünü nümayiş etdirməlidir. Əzələ nümayişi, ümumiyyətlə, diplomatiya praktikasında hər zaman istifadə olunur. Qarşıdakı böyük hərbi təlimlər isə birbaşa Ermənistanın ”İsgəndər" komplekslərinə bir cavabdır. Ermənistan anlamalıdır ki, Azərbaycanla oyun oynamaq olmaz. Yaxın gələcəkdə genişmiqyaslı müharibənin olacağına inanmıram, ancaq aprel hadisələrinə bənzər toqquşmalar istisna edilmir. Vəziyyəti gərginləşdirən Ermənistan və ona himayədarlıq edən qüvvələrin siyasətidir. Ermənistan Azərbaycanı məcbur etsə, toqquşmalar mütləq olacaq. Təcrübə göstərir ki, məsələ bu dəfə də ermənilərin xeyrinə həll olmayacaq. İrəvan gec-tez bu həqiqəti dərk etməlidir. Çünki sıravi erməni zabiti başa düşür ki, artıq özgə torpaq uğrunda həlak olmaq onlara heç bir uğur qazandırmayacaq. Ermənistandakı real durum da bunu təsdiq edir, artıq hakim rejimə qarşı vəziyyət pisləşir".

Keçmiş xarici işlər naziri, uzun müddət Qarabağa dair danışıqların içində olmuş Tofiq Zülfüqarov isə qəzetimizə bildirib ki, Azərbaycanın müdafiə imkanları kifayət qədər genişlənib və aprel döyüşləri də sübut edib ki, hər an Azərbaycan düşmənə sürprizlər edə bilər. 

“Aprel döyüşləri həm də onu göstərdi ki, Azərbaycan torpaqları vermək niyyətində deyil. Yəni həm dövlət, həm də ictimaiyyət buna heç vaxt getməz. Üstəlik, Azərbaycan işğal altındakı torpaqların azadlığı uğrunda qan verməyə və qan tökməyə hazırdır. Bu - çox vacib bir siqnaldır. Ermənistan buna müxtəlif münasibətlər göstərir. Amma əgər Ermənistandan miqrasiya artırsa, deməli, erməni ictimaiyyəti bu siqnalı çox düzgün başa düşür. Yəni siz qan tökmüşünüz və gələcəkdə də qan tökəcəksiniz. Bu, çox vacib siqnaldır” - eks-nazir qeyd edib.

*****

Əslində siqnalı işğalçı ölkənin hərbi-siyasi rəhbərliyi də yaxşı anlayır. Bu siqnal həmçinin o anlama gəlir ki, Azərbaycan xalqının gözləmə limiti bitib və erməni xalqının təhlükəsizlikdə yaşaması, normal inkişafı üçün ən azından Dağlıq Qarabağ ətrafındakı rayonların azad olunmasının zamanı çatıb. Bunu ya rəsmi İrəvan, Sərkisyan rejimi xoşluqla edəcək, ya da Azərbaycan ordusu hərəkətə keçəcək.  

“Serj Sərkisyan bu dəfə ictimaiyyəti saxta döyüş vədləri ilə aldada bilməyəcək”. Bu fikri isə sabiq dövlət müşaviri Qabil Hüseynli deyib: “Hazırda ermənilər arasında Ermənistan ordusunun çürüyüb, rus ordusunun tərkibinə qarışması ilə bağlı fikirlər yayılmaqdadır. Yəni bu o anlama gəlir ki, yenidən danışıqlara qayıdırlar. Qondarma DQR-in danışıqlar prosesində iştirakının irəli sürülməsi də məhz bundan xəbər verir. Azərbaycan isə Bişkek protokoluna əsasən, atəşkəs imzasına Dağlıq Qarabağın erməni icması ilə yanaşı, Azərbaycan icmasının da qol çəkdiyini sübut edib. İrəvanın hər hansı bir saxta uydurması indiki şəraitdə heç bir fayda verməyəcək. Bir sözlə, Ermənistan Azərbaycanın çox düşünülmüş və cəsarətli addımları qarşısında manevrlərini dəyişmək məcburiyyətində qalıb”.

Image result for Qabil Hüseynli

Təəssüflər olsun ki, Sərkisyan iqtidarı yenə təhlükəli dərəcədə vaxt udmağa, status-kvonu uzatmağa çalışır. Özünü heç nə olmayıbmış kimi aparır. Hətta təmas xəttində təxribatlar törədir, sülh yox, hərbi ritorika sərgiləyir. Bunun da əsas səbəblərindən biri əlbəttə ki, təcavüzkara qarşı vasitəçi dövlətlərin loyal münasibətidir. 

*****

Qeyd edək ki, az öncə erməni işğalçı qüvvələri işğal altındakı torpaqlarımızda - başqa dövlətin ərazisində növbəti dəfə təxribatçı və qanunsuz hərbi təlimlər keçirmişdi. Lakin ATƏT-in Minsk Qrupunun həmsədrləri kövrək sülh danışıqlarını sabotaj edən bu təxribatçı manevrləri yenə görməzlikdən gəldilər və hər hansı qınayıcı bəyanat vermədilər. Sanki belə də olmalı idi. Susmaq isə razılıq əlaməti sayılır. 

Əfsus ki, təcavüzkar tərəf, qeyd olunduğu kimi, məhz vasitəçilərin özünə qarşı loyallığından istifadə edərək, təzədən azğınlaşıb və kompromissiz mövqe tutmaqla onsuz da ağır gedən, faktiki isə, dayanan danışıqlar prosesini sabotaj edir. 

Həmsədr dövlətlərin Azərbaycan və Ermənistana münasibətdə ikili standart siyasəti yeni deyil. Əks halda, konflikt çoxdan həllini tapardı. Nə yazıq ki, ümidlər bağladığımız həmsədr ABŞ-ın mövqeyi də Ermənistanın əsas siyasi-hərbi müttəfiqi Rusiyadan ciddi fərqlənmir. Bunun təzahürlərindən biri də Azərbaycanın işğal altındakı ərazilərə Amerika şirkətlərinin də qanunsuz şəkildə ayaq açmasıdır.  

Image result for OSCE

Yeri gəlmişkən, ötən həftəsonu Azərbaycanın ATƏT yanında daimi nümayəndəliyi ABŞ hökumətinin öz fiziki və hüquqi şəxslərinin işğal altındakı ərazilərdə qanunsuz fəaliyyətlərinin qarşısının alınması istiqamətində öz öhdəliklərini yerinə yetirə bilməməsini qınayan bəyanat yayıb. Bu barədə daimi nümayəndəliyimizin ATƏT Daimi Şurasının 1117 saylı iclasında Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz iqtisadi fəaliyyətlə bağlı bəyanatında deyilir.

Image result for Aprel Döyüşləri

Bildirilir ki, ATƏT-ə üzv ölkələr hüquqi və fiziki şəxslərin qanunsuz fəaliyyətlərinin qarısının alınması və dayandırılmasına yönəlik bir sıra öhdəliklər götürüblər. “Biz ABŞ hökumətini ATƏT yanında və digər öhdəliklərini yerinə yetirməyə və bu kimi fəaliyyətlərin qarışını almaq üçün təcili tədbirlər görməyə çağırırıq” - bəyanatda vurğulanır.

***** 
Ancaq işğalçı-separatçıların həmsədr dövlətlər tərəfindən müxtəlif formalarda dəstəklənməsi çətin ki, onları sonadək xilas edə bilsin. Çünki beynəlxalq hüquq bütünlüklə Azərbaycanın tərəfindədir - bu hüquq müəyyən mənada böhran keçirsə də. Bu, o deməkdir ki, Azərbaycan özü razılıq verməyincə heç kəs onun bir qarış ərazisini belə qoparıb Ermənistana verə, yaxud işğalı rəsmiləşdirə, ərazimizdə ikinci saxta erməni dövləti yarada bilməz. 

Bunu kim bilməsə də, Sərkisyan rejimi yaxşı bilir. Odur ki, enində-sonunda acı gerçəyin dərkinə gələcək, zamanın düşmən ölkənin, erməni xalqının xeyrinə işləmədiyinin fərqinə varacaq. Bəlkə də onda gec olacaq.  


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR