İnsanlara hürriyət, millətlərə istiqlal!

Həmsədr ölkələrin XİN başçılarından Bakı və İrəvana şifrəli mesaj

1438 10.12.2016 09:10 KİVDF layihələri A A

Almaniyanın Hamburq şəhərində keçirilən ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Rusiya və Ermənistan XİN başçılarının görüşü olub. Sergey Lavrov və Edvard Nalbəndyan beynəlxalq arenada Rusiya-Ermənistan qarşılıqlı fəaliyyətinə dair bir sıra məsələləri və Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə ediblər. 

Həmsədrlərin ciddi cəhdlərindən sonra Azərbaycan və Ermənistanın xarici siyasət idarələrinin rəhbərlərinin görüşünü təşkil etmək də mümkün olub. Qeyd edək ki, Elmar Məmmədyarov görüşə hazır olduğunu desə də, erməni tərəfdən müsbət reaksiyanın olmaması səbəbindən bu təmasın baş tutması sual altında idi. 

Əslində bu davranış hərbi ritorikaya üstünlük verən İrəvanın hazırkı mərhələdə Qarabağ münaqişəsinin tənzimlənməsində maraqlı olmadığını bir daha göstərir. Elə işğalçı ölkənin prezidenti Serj Sərkisyanın işğal altındakı Azərbaycan ərazilərinə üç günlük (!) səfər etməsi erməni həyasızlığının bariz nümunəsidir. Düzdür, erməni toplumu Qarabağa əsgər göndərməkdən imtina edir, müxtəlif yollarla övladlarını hərbi xidmətdən yayındırmağa çalışır. Elə bugünlərdə erməni mətbuatı böyük miqdarda rüşvətin qarşılığında hərbi xidmətdən yayınma halları ilə bağlı faktlardan bəhs edib. 

Image result for Ermənistan ordusunda

Bir tərəfdən Azərbaycan ordusunun layiqli müqaviməti ilə üzləşən, digər tərəfdən elə Ermənistan ordusundakı özbaşınalıqlar səbəbindən itkilər verən ermənilər anlayırlar ki, özgə torpaqları onlara xoşbəxtlik gətirməyəcək. 

Sərkisyanın Qarabağa son səfəri beynəlxalq ictimaiyyətə güc nümayişi kimi təqdim olunsa da, əslində o, Qarabağdakı işğalçı erməni hissələrindəki acınacaqlı durumun aradan qaldırılması, onlara mənəvi-psixoloji dəstək vermək məqsədilə işğal zonasına gəlib. Bir qayda olaraq Sərkisyanın Dağlıq Qarabağa və işğal altındakı digər ərazilərə gəlməsi təxribatları stimullaşdırır, düşmən ordusu aktivliyini artırır. 

Related image

Qarabağ cəbhəsindəki növbəti qarşıdurmanın daha böyük fəlakətlərə səbəb olacağını anlayan beynəlxalq təşkilatlar problemi həll edə bilməsələr də, hansısa səviyyədə tərəfləri bir araya gətirməyə çalışırlar. Belə ki,  Azərbaycan və Ermənistanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyəti arasında görüş barədə ilkin razılaşmalar əldə edilib. Ancaq S.Sərkisyanın hərbi geyimdə işğal zonasına səfər etməsi, hərbi hissələrdə olması  İrəvanın danışıqlar yolu ilə çözümə nə dərəcədə “sadiq olduğunu” göstərir. Bu mənada danışıqlar, sadəcə, görüntü məqsədi daşıyır. 

Elə ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin XİN rəhbərləri Sergey Lavrov, (Rusiya), Con Kerri (ABŞ) və Jan-Mark Eyronun (Fransa) Dağlıq Qarabağ münaqişəsinə dair birgə bəyanatı da simvolik məna kəsb edir. “Biz, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə tam sadiq qalırıq. Aprel ayında qoşunların təmas xəttində baş vermiş gərginliyi nəzərə alaraq, biz davam edən silahlı insidentlərdən, ağır silahlardan istifadədən, o cümlədən güc tətbiqi barədə yayılan məlumatlardan narahatlığımızı bildiririk və güc tətbiqi və ya güc tətbiqi təhlükəsini qətiyyətlə pisləyirik. Bu münaqişənin hərbi yolla həlli yoxdur və dinc əhalinin öldürülməsi və yaralanması yolverilməzdir”-bəyanatda deyilir (APA). Amma bəyanatda Ermənistanın işğala son qoyması ilə bağlı tələbi yazmaq yenə də “yaddan çıxıb”. 

“Biz Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə tərəflər arasında itkin düşmüş şəxslər barədə məlumat mübadiləsinin həyata keçirilməsində irəliləyişi alqışlayırıq” - yazan həmsədr ölkələr Kəlbəcərdə girov götürülən mülki şəxsləri 2 il yarımdır Şuşa həbsxanasında saxlayan işğalçını nəinki qınamayıb, hətta alqışlayıb da. 

XİN başçıları ardınca bəyan edib: “Biz tərəflərə xatırladırıq ki, münaqişənin həlli Helsinki Yekun Aktının əsas prinsiplərinə, yəni: güc tətbiq edilməməsi, ərazi bütövlüyü, bərabər hüquqlar və xalqların öz müqəddəratını təyin etməsi və həmsədr ölkələrin prezidentləri tərəfindən təklif olunan əlavə elementlər, o cümlədən Dağlıq Qarabağ ətrafında olan rayonların Azərbaycanın nəzarətinə qaytarılması; Dağlıq Qarabağın onun təhlükəsizliyinə və özünüidarəetməsinə təminat verən aralıq statusunun müəyyənləşdirilməsi; Ermənistanla Dağlıq Qarabağı birləşdirən dəhlizin yaradılması; gələcəkdə Dağlıq Qarabağın məcburi hüquqi qüvvəyə malik iradə ifadəsi yolu ilə yekun statusunun müəyyənləşməsi; bütün məcburi köçkünlərin və qaçqınların öz əvvəlki yaşayış yerlərinə qayıtmaq hüququ; və sülhməramlı əməliyyatlar da daxil olmaqla, beynəlxalq təhlükəsizlik təminatına əsaslanmalıdır. Bizim ölkələrimiz tərəflərlə sıx əməkdaşlığı davam etdirəcək və biz tərəfləri vasitəçi kimi Minsk Qrupu həmsədrlərinin yardımından tam istifadə etməyə çağırırıq”. 

Amma diplomatlar yenə unudub ki, görüşdən imtina edən tərəfin, işğalçı ölkənin başçısı elə bu ərəfədə Qarabağa qanunsuz olaraq gəlib və işğalı davam etdirmək siyasətinə sadiqdir. Bu mənada nə qədər ki, tərəflər arasında bərabərlik işarəsi qoyulacaq, bölgədə ədalətli sülh bərqərar olmayacaq, həmsədrlərin qorxduğu hərbi toqquşma riski də qalacaq. 

Image result for Elxan Şahinoğlu

Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a dedi ki, həmsədrlərin bəyanatında yeni heç nə yoxdur: “Madrid planında nə varsa, həmsədr dövlətlərin Hamburq bəyanatında yer alıb. Bu bəyanatda bircə maddədən başqa bütün digər maddələr Azərbaycan üçün münasibdir. Həmin maddə də ”gələcəkdə Dağlıq Qarabağın məcburi hüquqi qüvvəyə malik iradə ifadəsi yolu ilə yekun statusunun müəyyənləşməsi" ifadəsindən ibarətdir. Bu maddəni biz belə görürük: “Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağ öz statusunu müəyyənləşdirə bilər”. Ümumiyyətlə, beynəlxalq vasitəçilərin “ərazi bütövlüyü” ilə “xalqların öz müqəddəratını təyin etməsi” prinsiplərini bərabər tutması Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirməyəcək".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR