İnsanlara hürriyət, millətlərə istiqlal!

HAVALANSIN XANIN SƏSİ...

1647 09.03.2012 09:25 KİVDF layihələri A A

Elə bu yazıda da həmin faktı araşdırmağa çalışacağıq: Şuşa xanəndələrinin irsi necə qorunur? Onların ev-muzeylərinin işğal nəticəsində dağıdılması bəllidir. Bəs hazırda Bakıda, digər yerlərdə bu muzeylərin bərpası, onların irsinin indiki nəslə çatdırılması barədə hansı işlər görülür?
Qarşıdan "Eurovision" musiqi yarışması gəlir, məlum. Azərbaycana bu ərəfədə çoxsaylı qonaqların təşrif buyuracağı faktını nəzərə alıb, xanəndələrimizi, onların sənətini daha yaxşı tanıtmaq üçün bir fürsət yaranıb. Yollara, körpülərə sərf olunan iri vəsaitlərlə yanaşı, mədəni irsin yaşaması üçün nələr edilə bilər? Və ya edilib?

Xanəndələrin ev-muzeyi yox, amma evlərinin fotosu var...

Elə mövzuyla bağlı gəzişmə edərkən məlum oldu ki, hazırda ev-muzeyi olan xanəndələrimiz demək olar ki, yoxdur. Saytlarda, habelə Mədəniyyət və Turizm Nazirliyinə aid olan sənədlərdə bu evlərin ancaq Şuşadakı görüntüləri yer alıb. Şuşadan olan sənətçilər arasında ancaq Bülbülün ev-muzeyi hazırda Bakıda fəaliyyət göstərir. Hətta bu barədə Mədəniyyət və Turizm Nazirliyinin saytında da məlumata rast gəlmək mümkündür.

Yeganə istisna Bülbüldür - Bakıda ev-muzeyi olan xanəndə kimi...

Amma bu sahədə istisna ölməz korifey Bülbülə aiddir. Çünki onun Şuşadakı muzeyi ilə yanaşı, Bakıda da ev muzeyi var. “400 eksponat Şuşadakı muzeydə itdi. Oğlum Polad (Polad Bülbüloğlunu nəzərdə tutur - S.T.) işğaldan sonra düz iki dəfə orada olub. Muzeydən əsər-əlamət qalmayıb. Qapı-pəncərələr sındırılıb, Bülbülün büstü dağıdılıb. Bunlar insanı o qədər ağrıdır ki...” Ölməz sənətkar Bülbülün ev muzeyində həyat yoldaşı, eyni zamanda muzeyin direktoru Adeliada Məmmədova ilə söhbətləşərkən demişdi bunları. Hazırda Bakıda fəaliyyət göstərən muzeydə isə otaqlardan üçü xatirə kimi saxlanılıb, biri isə sərgi otağıdır. Bu mənzildə Bülbül 1937-ci ildən ömrünün son günlərinədək, yəni 1961-ci ilin sentyabr ayının 26-dək yaşayıb yaradıb. Muzeyə gələnləri vestibüldə Bülbülün büstü qarşılayır. Sol divarda respublika rəhbərlərinin, SSRİ Böyük Teatrı ustalarının iştirakı ilə Bülbülün memorial muzeyinin təntənəli açılışının fotoşəkilləri və görkəmli mədəniyyət və incəsənət xadimlərinin böyük müğənni haqda fikirləri yazılmış lövhələr asılıb. Yadigar əşyalardan ibarət sağdakı divarda haşiyəli güzgü asılıb. İkinci otaqda - 1914-cü ildə indiki Gəncə şəhərində Bülbülə verilmiş pasport ekspozisiya olunub. Otağın sol divarında Bülbülün xaricdə yaşadığı müddətdə çəkdirdiyi şəkillər asılıb. Vitrində isə nadir və maraqlı materiallar nümayiş etdirilir: Bülbülün İtaliyaya qastrol səfərini əks etdirən rəsmi sənədləri, xarici pasportu, Milan şəhərinin məlumat kitabçası...
Otaqda Bülbül ömrünün yadigarları - servant, royal, saat, mebel, əlvan metaldan dolçalar, büllur vazlar qoyulub.
Bülbülün elmi və pedaqoji fəaliyyətinə aid bir çox materiallar üçüncü otaqda - kabinetində ekspozisiya edilib.
Diqqəti cəlb edən daha bir divar vitrini. Bülbülün sovet ordusu döyüşçüləri ilə dostluğunu, eləcə də sovet ordusu hissələrinə səfərini əks etdirən sənədlər gözə dəyir. Həmin günlərdə Bülbül tank hissələrinə və döyüşçülərin uşaqlarına kömək məqsədilə Dövlət Müdafiə Fonduna öz şəxsi hesabından 200 min manat pul keçirib.
Adeliada xanım deyir ki, Şuşa vaxtilə beynəlxalq kurort olduğu üçün muzeyə də hər zaman xarici qonaqlar, turistlər gəlib. Bülbülün sənətkarlığı haqda eşidənlər onun barəsində daha çox bilmək üçün bu muzeyə üz tutublar: “Biz Bülbülün muzeyi ilə üzbəüz ev tikmişdik. İnanın ki, heç bir gün də yaşamadıq orada. Azərbaycanın incilərindən biri idi Şuşa. Görməyənlər bilməz - amma Şuşaya cəmi bir yol var. Onu satmasaydılar, almaq mümkün olmazdı. Biz Şuşa ilə birgə çox şey itirdik. Eləcə də böyük bir sənətkarın sənət arxivini. Ermənilər hər zaman maraqlı olublar ki, bizim böyük insanlar barədə dünyada daha az bilsinlər. Bizim böyük sənətkarlara kölgə salmağa, onların əsərlərini mənimsəməyə çalışıblar. Bülbülün Şuşadakı ev muzeyini dağıtmaqla onlar həm də buna nail olmaq istəyiblər”.
Amma A.Məmmədova inanır ki, gec-tez Şuşa geri alınacaq və oradakı bir çox əmanətlərimiz kimi Bülbülün ev-muzeyi də xalqa geri qaytarılacaq: “Bəlkə də mən həmin günü görməyəcəyəm. Amma tarixdə qalacaq. İnanıram ki, muzey əvvəlkindən də gözəl olacaq”.

Xan Şuşinskinin övladları çalışır - fond var, amma ev-muzeyi yox...

Amma dahi sənətkar Xan Şuşinski haqqında eyni optimistliklə danışa bilməyəcəyik. Ona görə ki ki, onun ev-muzeyi hələ də yoxdur. Yubiley ili ərzində ailə üzvləri Xan Şuşinskinin ev muzeyini açmağı planlaşdırsa da, bu baş tutmadı. Bu barədə “Yeni Müsavat”a açıqlamasında Xan Şuşinskinin qızı Bəyimxanım Verdiyeva məlumat verdi. Onun dediyinə görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin xeyir-duası, dəstəyi ilə Xan Şuşinski adına fond açılıb. Artıq fond dövlət qeydiyyatından da keçib.
B.Verdiyeva atasının bəstələdiyi daha bir neçə mahnını da Müəllif Hüquqları Agentliyində qeydiyyatdan keçirmək niyyətindədir. 2004-cü ildə Xan Şuşinskinin 8 mahnısı qeydiyyata alınlb. Bunlar “Şuşanın dağları”, “Ay qəşəng ceyran”, “Qəmərim”, “Ay qara qız”, “Keçən il gördüm səni” (və ya “Qızıl gül”), “Ay gözəl”, “Dilbərim” (və ya “Bağda sarmaşıq”) və “Ay dilbər” mahnılarıdır: “Əsərləri qeydiyyata almaqda əsas məqsədimiz ondan ibarət idi ki, ermənilər heç olmasa, bu mahnıları öz adlarına çıxmasınlar. Çünki bu mahnıların çoxu xalq mahnısı kimi tanınır”.
Bu ilin iyun, ən geci sentyabr aylarında həm saytın, həm də fondun açılışı nəzərdə tutulub. Qızı onu da dedi ki, Xan Şuşinskinin Tiflisdə saxlanan lent yazıları hələ Azərbaycana gətirilməyib. Bu lent yazılarının ölkəyə gətirilməsi ilə bağlı ölkəmizin Gürcüstandakı səfiri Namiq Əliyevə müraciət edilib: "Amma hələ ki bir xəbər yoxdur. Düzdür, Xanın Tiflisdəki lent yazılarının sayı o qədər də çox deyil. Bizim bildiyimizə görə, orada cəmi 15-20 lent var. Xan gürcülərin milli qəhrəmanı “Georgi Sarkadze” haqda Gürcüstan kinostudiyasının və “Mosfilm”in birgə çəkdiyi ikiseriyalı filmdə həmin muğamlardan bəzilərini oxuyub. Daha doğrusu, o filmdə Xanın ifasında “Heyratı”, “Zəminxarə” muğamlarından və “Zabul”un maye hissəsindən istifadə edilib".
Gürcüstanda saxlanan bu lent yazıları Xan Şuşinskinin ilk lent yazılarıdır və bu, Azərbaycanda yoxdur. Bu lentlərin yazılma tarixi isə 1938-39-cu illərə təsadüf edir: “Bu lentlərin yazılma tarixi o qədər də dəqiq deyil. O dövrdə Tiflisdə bir musiqi olimpiadası keçirilib. Xan da o vaxt Səid Rüstəmovun rəhbərliyi ilə Üzeyir Hacıbəyov adına xalq çalğı alətləri orkestrinin müşayiətilə orada çıxış edib və birinci yerin qalibi olub. Həmin çıxışlar lentə yazılaraq saxlanıb.
Hazırda Bakı şəhərində Xan Şuşinskinin xatirəsi, Üzeyir Hacıbəyov 37,43 ünvanında barelyef şəkilndə yad edilir. Amma sənətkarın oğlu Aslan Cavanşirov müsahibələrində dəfələrlə deyib ki, barelyef də korlanır. Buna səbəb binanın üst mərtəbələrindəki kondisioner sularıdır. Bundan başqa, ailəsi Xan Şuşinskinin son yaşadığı evdə hazırda kimlərin yaşadığını da bilmir. Bu səbəbdən də orada yenidən ev-muzeyinin açılması hələlik mümkünsüz görünür. Onunla bağlı materiallar, sənədlər Musiqi Mədəniyyəti Muzeyində saxlanır.
Bu arada övladları Xan Şuşinskinin əllərində olan bütün lentlərini disk şəklində çap etdiriblər. Mehriban Əliyevanın təşəbbüsü ilə Qarabağ xanəndələrinin ifası silsilə kitab şəklində çap edilib və Xan Şuşinskinin ifa etdiyi bütün əsərlər disk şəklində buraxılıb. Xatırladaq ki, sözügedən kitabda bütün tanınmış xanəndələrimizin əsərləri yer alıb.

Ev -muzeyi olmasa da, “Muğam” radiosu var...

Xanəndələrin ev-muzeyləri ilə bağlı durum ürəkaçan olmasa da, onların irsinin qorunmasında yeni vasitələrdən istifadə olunub. Məsələn, 2010-cu il oktyabrın 15-dən etibarən Azərbaycanın radio məkanında yeni “Muğam” radiosu fəaliyyətə başlayıb. Qeyd edək ki, hazırda sözügedən radio yalnız internet vasitəsilə yayımlanır. Radionun saytı həm də ingilis dilindədir və internet səhifəsində muğamla bağlı məlumatlar yerləşdirilib. Sayta daxil olan dinləyicilər Azərbaycan muğamlarına qulaq asa bilərlər. Saytın rəhbəri Elnur Baimov bildirib ki, muğam barəsində məlumat almaq və ya muğamı dinləmək istəyən hansısa xarici ölkə vətəndaşı bundan məhrumdur: “Onlar internetdən bir muğam faylı da əldə edib özləri üçün köçürə bilmirdilər. Bu məsələ bizi ciddi şəkildə narahat etdiyindən internetdə muğam radiosu açmağı qərarlaşdırdıq. Yəni həftənin 7 günü 24 saat ərzində ”muğamradio.az" saytı vasitəsilə bütün ölkələrin vətəndaşları gözəl muğam dinləyə bilərlər. Bundan başqa, biz radio studiyamıza tanınmış muğam ifaçılarını dəvət etməklə onların canlı ifasını saytımız vasitəsilə yayırıq. Bu layihənin başlıca məqsədi Azərbaycan muğamını geniş xarici dinləyici auditoriyasına hərtərəfli təqdim etməkdir".

Ev-muzeyləri təsərrüfat hesablı deyil...

Azərbaycanın ayrı-ayrı bölgələrində, əsasən də Bakıda fəaliyyət göstərən saysız-hesabsız mənzil və xatirə muzeylərinin heç biri təsərrüfat hesablı deyil, onların hamısı dövlətdən illik dotasiya alır. Məlum olduğu kimi, ev-muzeylərinə giriş pulsuz olduğundan, başqa profilli muzeylərdən fərqli olaraq, onlar dövlət büdcəsinə gəlir gətirmir. Əksinə, dövlət büdcəsindən ayrılan vəsait hesabına fəaliyyətini davam etdirir. Bəzən bu sahəyə lazımi maliyyənin ayrılmaması da bu səbəbdəndir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR