İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransalı yeni həmsədrin sıfırlanan Qarabağ nikbinliyi

1278 14.12.2016 09:20 KİVDF layihələri A A

ATƏT-in Minsk Qrupunun Fransadan olan yeni həmsədri Stefan Viskonti Bakıya səfər edib. O, Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb. Bu, fransız diplomatın yeni vəzifədə ölkəmizə ilk səfəri idi. Yəni ziyarət tanışlıq məqsədi daşıyıb.  

Azərbaycanda olarkən yeni həmsədr deyib ki, “Fransa Dağlıq Qarabağ münaqişəsinin qərəzsiz və ədalətli həllinin asanlaşdırılması  üçün ABŞ və Rusiya ilə birlikdə öz səylərini davam etdirəcək”. Əlbəttə ki, buna inanmaq istərdik, ancaq əfsus ki, bu, daha çox arzuya bənzəyir, nəinki reallığa. Çünki cənab Viskonti də bilməmiş deyil ki, konfliktin həllində hələ ki əsas söz sahibi Rusiyadır. Rusiya isə təəssüf ki, problemin həllində dönüş olması üçün ciddi addımlar atmağa tələsmir. 

Ancaq bir sıra müşahidəçilərə görə, Moskva şəraitin diktəsi ilə gec-tez bunu etmək zorunda qalacaq. Rusiyadakı Siyasi Araşdırmalar İnstitutunun direktoru, Rusiya prezidenti yanında İctimai Palatanın üzvü Sergey Markov da eyni qənaətdədir. Politoloq hesab edir ki, regionun lider ölkəsi kimi Rusiya bu məkanda baş verən hadisələrə görə məsuliyyət daşımalıdır. Onun fikrincə, Rusiya öz yaxın qonşuları ilə münasibətlərinə ciddi şəkildə yenidən baxmalı və bu münasibətlər yenilənməlidir. 

“Əgər Rusiya liderdirsə, o, məsuliyyət daşımalıdır. O, problemləri, o cümlədən Dağlıq Qarabağ problemini həll etməlidir. Bu problem daim havadan asılı vəziyyətdə qalmamalıdır”, - politoloq vurğulayıb. Markov Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Azərbaycan və erməni xalqları arasında dialoqa şərait yaradılmasının vacibliyini də qeyd edib.

***** 

Image result for Sergey Markov


Lakin aydındır ki, xalqlar arasında dialoqdan öncə siyasi rəhbərlər səviyyəsində ilkin anlaşma olmalıdır. Əfsus ki, Kremlin məsələdə heç bir təzyiqini görməyən Ermənistan rəhbərliyi israrla bundan qaçır. Prezident Serj Sərkisyanın işğal altındakı Dağlıq Qarabağa son qanunsuz səfəri bunu bir daha ortaya qoydu. Əslində bununla İrəvan növbəti dəfə danışıqlar prosesinə arxa çevirdiyini, ədalətli nizamlamada maraqlı olmadığını ortaya qoydu. Sülh danışıqlarının alternativi isə müharibədir.

Image result for Sarkisyan

Maraqlıdır ki, düşmən müharibədən də çəkinir. Çünki öz hərbi, iqtisadi-maliyyə potensialını yaxşı bilir. Bu mənada Sərkisyanın işğal altındakı ərazilərimizdən qayıtdıqdan sonra verdiyi açıqlama pessimizm nümunəsi sayıla bilər.

AzadlıqRadiosunun erməni xidmətinin məlumatına əsasən, İrəvanda mədəniyyət xadimləri qarşısında çıxış edən Sərkisyan bildirib: “Dağlıq Qarabağ münaqişəsinə dair heç bir danışıqlar aparılmır, ordu, əhali çətin dövrə hazır olmalıdır. Bu məsələ ilə bağlı sonuncu dəfə avqustun 10-da ciddi söhbət olub. Bundan sonra problemə dair heç bir ciddi müzakirələr aparılmayıb. Hazırda təmas xəttində xüsusi gərgin vəziyyət yoxdur. Adi vəziyyətdir, belə demək olarsa, bir il əvvəlkindən xeyli sakitdir”.

İrəvan Kukla Teatrının direktoru Ruben Babayan Sərkisyana Qarabağa niyə məhz bu günlərdə getdiyini sual edib. Sərkisyan isə deyib ki, bu səfər onun üçün öhdəlikdir. “Bu, daxili öhdəlikdir. Çünki indi elə dövrdür ki, ordu, əhali, Dağlıq Qarabağın sakinləri artıq çətin dövrə hazır olmalıdır. Ordunun çoxlu tələbatı var və bu tələbatı dəyərləndirmək lazımdır. Çünki bizim imkanlarımız hüdudsuz deyil ki, bütün problemləri, bütün məsələlər həll edək. Ona görə də tələbatı qiymətləndirmək, hansı problemin ilk növbədə həll olunmalı olduğunu müəyyənləşdirmək və onları həll etmək lazımdır. Zamanın seçilməsi bununla bağlıdır”.

Göründüyü kimi, düşmən ölkənin başçısı faktiki surətdə Fransanın yeni həmsədrinin Qarabağla bağlı nikbinliyini dərhal sıflırlayıb. Obrazlı ifadə eləsək, onun siftəsini korlayıb.    
   
***** 

Image result for Netanyahu

Bu arada İsrail baş naziri Benyamin Netanyahunun dünənki Bakı səfəri Ermənistanda əlavə narahatlıq yaradıb. Bu da təbii ki, iki dövlət arasında hərbi-texniki əməkdaşlığın son illər inkişaf etməsi ilə bağlıdır. Bu xüsusda erməni lragir.am saytının siyasi şərhçisi Naira Ayrumyan yazır: “Əgər Israil həqiqətən Azərbaycana hansısa müasir silahlar versə, o zaman bu, Ermənistanın təhlükəsizliyi üçün təhlükə olacaq. Apreldə Qarabağdakı müharibəsi zamanı Azərbaycanın texniki üstünlüyünü müəyyən ölçüdə İsrailin kamikadze-dronları təmin etmişdi. İsrailin Azərbaycanla Ermənistana qarşı hərbi əməkdaşlığı davam edəcəkmi?”

Sualın cavabı bəllidir: təbii ki, davam edəcək. Həm də o səbəbə ki, kasıb Ermənistandan fərqli olaraq Azərbaycanın maliyyə potensialı nəinki İsraildən, eləcə də digər ölkələrdən müasir müdafiə və döyüş sistemləri almağa imkan verir. Odur ki, işğalçı ölkənin narahatlığı əbəs deyil. 

Bunu İsrailin Cənubi Koreyadakı səfiri Xaim Xoşenin açıpqlaması da təsdiq edir. Belə ki, bugünlərdə səfir Seuldakı konfransda çıxışı zamanı bildirib ki, ölkəsi Cənubi Koreyanı Şimali Koreyanın ballistik raketlərindən qorumaq üçün Seula “Dəmir günbəz” raketdən müdafiə batareyaları təklif edir (virtualaz.org). Onun sözlərinə görə, “Dəmir Günbəz” İsrail hökumətinə döyüş meydanında daha çevik idarəçiliyə imkan verəcək. O, İsrailin hazırda istənilən tip raketlərdən qorunmaq üçün geniş spektrdə raketdən müdafiə sistemlərinə malik olduğunu da deyib. 

Image result for “Dəmir günbəz”

Məsələnin ən maraqlı tərəfi budur ki, İsrail diplomatının bu çıxışından sitatlar gətirən “The Algemeiner” nəşri qeyd edir ki, ötən ay Azərbaycanın yəhudi dövlətindən bir neçə batareya “Dəmir günbəz” almağa hazırlaşdığı məlum olub. 

İş ondadır ki, İsrailin “Rafael Advanced Systems” hərbi sənaye şirkətinin istehsal etdiyi bu raketdən müdafiə sistemlərinə dair açıq mənbələrdə yer alan informasiyalar onların kiçik mənzilli raketlərinin artilleriya mərmiləri üçün nəzərdə tutulduğunu göstərir. Lakin indi İsrail bu sistemləri Şimali Koreya diktatoru Kim Çen Inın ballistik raket təhdidlərinə qarşı həll yolu kimi təklif edirsə, deməli, təkmilləşdirilmiş “Dəmir günbəz” batareyaları həm də Ermənistan diktatoru Serj Sərkisyanın “İsgəndər” raketlərinə qarşı effektiv ola bilər. Hansı ki, Azərbaycanın İsraildən bu sistemləri almağa hazırlaşdığı haqda xəbərlər yayılanda Ermənistanda özlərinə təsəlli verirdilər ki, “Dəmir günbəz” ancaq kiçik mənzilli (70 kilometrə qədər) raketlərə qarşı tətbiq olunmaq üçündür. İndi isə aydın olur ki, söhbət həm də uzaq mənzilli raketlərin zərərsizləşdirilməsindən gedir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR