İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda “seçki oyunu”, yoxsa sülh istəyi?

2278 30.12.2016 09:49 KİVDF layihələri A A

Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın hakimiyyəti Qarabağ məsələsi ilə bağlı addımlar atmağa çağırması işğalçı ölkədə geniş müzakirələrə səbəb olub. 

Qeyd edək ki, sabiq prezident danışıqlar masası üzərində olan sənədin 1997-ci ildə müzakirə edilən mərhələli həll planının eynisinin olduğunu deyib və xəbərdarlıq edib ki, İrəvan vəziyyəti düzgün dəyərləndirib razılaşmaya getməsə, həm Ermənistanın, həm də Qarabağdakı ermənilərin vəziyyəti getdikcə pisləşəcək. 

Ancaq Ter-Petrosyanın Qarabağa dair sülh razılaşmasına çağıran çıxışına Ermənistanın hakimiyyət dairələri və ekspertləri tənqidi reaksiya veriblər, belə çağırışların “Azərbaycanın maraqlarına xidmət etdiyini” deyiblər. Bunun ardınca Ter-Petrosyan onun nitqi ətrafındakı polemikaya məqalə ilə cavab verərək bildirib ki, əslində yeni heç nə deməyib və Ermənistan hakimiyyətinin danışıqlarda müzakirə etdiyi, prinsipcə razılaşdığı nizamlama variantı haqda danışıb. Hansı ki, bu variant ilkin mərhələdə 5 rayonunun Azərbaycana qaytarılmasını, Dağlıq Qarabağ üçün aralıq statusun müəyyən edilməsini nəzərdə tutur.

Image result for Sarkisyan

Eks-prezidentin Qarabağ münaqişənin həlli ilə bağlı təkliflərinə, nəhayət, ölkə prezidenti Serj Sərkisyan da reaksiya verib. (virtualaz.org) O, XİN-də ənənəvi yeni il qəbulu zamanı üstüörtülü şəkildə Ter-Petrosyanın dediklərinə reaksiya verib. Sərkisyanın  sözlərinə görə, ekspertlər, siyasi xadimlər və ya özlərini belə hesab edənlər periodik olaraq dövriyyəyə Qarabağ münaqişəsinin nizamlanmasına dair variantları buraxırlar. Lakin həqiqətdə bunların heç biri variant deyil, versiyalardır.

“Mən çox aydın şəkildə bildirirəm ki, indiyə qədər heç kim bizim danışıqlarda uzun müddətdir müzakirə etdiyimiz variantı təfərrüatları ilə açıqlamağa nail olmayıb. Bu da başa düşüləndir və qəbulediləndir, ancaq təfərrüatlara varmaq istəyəndə dərhal mahiyyətdən yayınırlar və arzular haqda danışmağa başlayırlar” -Serj Sərkisyan deyib.

Erməni dövlət başçısı deyir ki, 2007-ci ildən bəri danışıqlarda Madrid prinsiplərindən başqa heç bir nizamlama variantı müzakirə olunmayıb. Onun sözlərinə görə, ən azı iki səbəb var ki, ictimaiyyət danışıqların detalları barədə məlumatlandırılmır. Bunlardan biri odur ki, əgər hər şey razılaşdırılmayıbsa, deməli, heç nə razılaşdırılmayıb. “Erməni tərəfinin danışıqlarda bir məqsədi var-Dağlıq Qarabağ üçün statusun müəyyən olunması. Biz bu mövqedən geri çəkilən deyilik”-Sərkisyan bildirib.

Image result for Seyran Ohanyan

Qeyd edək ki, sabiq müdafiə naziri, Xocalı qatili Seyran Ohanyan da bugünlərdə “sülhməramlı” mövqedən çıxış edib. 2017-ci ilin aprelində ölkədə keçiriləcək parlament seçkilərinə keçmiş prezident Robert Köçəryanla bir blokda gedən Ohanyan bir neçə ay əvvəlki davranışlarının tam əksinə çıxış edir. Xatırlayırsınızsa, aprel döyüşlərindən sonra hərbi texnika, canlı qüvvə və strateji mövqelərin itirilməsinə görə Sərkisyan üçün arzuolunmaz şəxsə çevrilən S.Ohanyan o zaman Qarabağa “könüllülər”, əslində isə cani erməni saqqallılarını gətirmişdi. Əlavə qüvvələr cəlb etməklə sabiq nazir Azərbaycandan intiqam almağı planlaşdırırdı. 

Image result for Ter-Petrosyan

O zaman qatı müharibə tərəfdarı olan Ohanyanın hərbi mundirini soyunandan sonra “sülh carçısı” kimi görünməsi təbii ki, şübhələr yaradır. Düzdür, Ter-Petrosyan Azərbaycan ərazilərinin işğalı və Xocalı soyqırımının törədilməsi dövründə Ermənistana rəhbərlik edib. Odur ki, Qarabağdakı cinayətlərə görə ən birinci cavabdeh məhz odur. Lakin sonrakı illərdə o, vəziyyəti düzgün qiymətləndirərək güzəştlərə hazır olduğunu bildirdi və buna görə erməni diasporu tərəfindən cəzalandırıldı. İndi də Ermənistanın gələcəyini görə bilmədiyi üçün daha məqbul planın icrasına çağırır. Ancaq o da mümkündür ki, Ter-Petrosyan, həmçinin Ohanyan seçki oyununu oynayır. Keçmiş prezident hətta oğlunun mandat alması üçün çalışır və Ermənistan hakimiyyətinin səsini almaq üçün Qarabağ uğrunda itkilərə bais olan “Qarabağ klanı”nın rəhbəri S.Sərkisyan hökumətindən fərqli kursu təqdim edir. 

Image result for Arzu Nağıyev

Politoloq Arzu Nağıyev də “Yeni Müsavat”a bildirdi ki, düşmən ölkədə Qarabağ məsələsi ilə bağlı müzakirələrin ön plana çıxmasının bir neçə səbəbi var: “Məlumdur ki, gələn il Ermənistanda seçkilər ilidir və hər bir partiya funksioneri Dağlıq Qarabağ kartından istifadə etməyə çalışır. Bundan başqa, nəyin bahasına olursa-olsun ”Qarabağ klanı" öz namizədlərini irəli verməklə hakimiyyəti əlində saxlamağa çalışır, əks təqdirdə, sonlarının çox acınacaqlı olmasını görürlər. Ter-Petrosyan isə Qərbin demokratik dəyərlərini pafosla çatdırmağa çalışır və bununla da siyasi arenada ya özünün, ya da yaxın adamlarının, o cümlədən oğlunun qalmasını istəyir. Məlumdur ki, ABŞ-ın yeni seçilmiş prezidenti cənab Trampın inauqurasiya mərasimindən sonra xarici siyasətdə müəyyən korrektələr edilə bilər, məhz buna görə də hər bir siyasi partiya və qurumlar bundan öz xeyrinə maksimum istifadə etməyə çalışır. Əsas istifadə ediləcək nüans da məhz Dağlıq Qarabağ münaqişəsi və təbii ki, onun sülh yolu ilə həll edilməsinin vacibliyidir". 

A.Nağıyevin fikrincə, digər mühüm amil məhz Rusiya ilə əlaqədardır: “Kreml başa düşür ki, Ermənistanda ”Qarabağ klanı"ndan olan iqtidara qarşı narazılıqlar həqiqətən də artıb və qərbyönümlü siyasi qurumların da aktivliyi durmadan artır. Yəni növbəti parlament seçkiləri yenə müxtəlif siyasi oyunçuların Dağlıq Qarabağ münaqişəsindən öz xeyirlərinə istifadə etməklə aparılacaq. Deməli, ən yaxşı yol kimi Rusiya Ermənistana təzyiq edərək sülhdən danışdırmağa çalışır. Bununla əlaqədar həm də “xalq diplomatiyası”nın vacibliyini vurğulayır. Bundan başqa, Rusiya istəmir ki, parlament seçkiləri ərəfəsində növbəti aprel hadisələri təkrarlansın. Deməli, bütün baş verən proseslər müəyyən razılaşdırılmış ssenari üzrə gedir və Dağlıq Qarabağ kartı da əsas meyardır".

Cavid TURAN

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR