İnsanlara hürriyət, millətlərə istiqlal!

Buraxılan sülh şansı, gündəmə qayıdan savaş riski

1480 19.10.2016 08:10 KİVDF layihələri A A
Azərbaycan prezidenti İlham Əliyevin Dağlıq Qarabağ mövzusunda son açıqlamaları konfliktin həllində olduqca həssas bir mərhələnin yetişdiyinə şübhə yeri saxlamadı. Bu həssaslıq da ondan ibarətdir ki, status-kvo, yəni işğal rejimi daha bir neçə il uzana bilməz və münaqişənin çözümündə real irəliləyişə nail olmaq zamanı çatıb.

Əfsus ki, 4 günlük aprel döyüşlərindən sonra təhlükəli status-kvonu yaxşıya dəyişmək, nizamlama prosesini, nəhayət, irəli aparmaq üçün unikal bir şans yaransa da, bu şansdan ATƏT-in Minsk Qrupu həmsədrləri istifadə edə bilmədilər. Daha doğrusu, istifadə etmək istəmədilər. 

Sözsüz ki, burada iki əsas həmsədr dövlət - Rusiya və ABŞ arasında yaşanan gərgin münasibətlər də öz neqativ rolunu oynadı və oynamaqdadır. Ancaq fakt, yaxud acı gerçək bundan ibarətdir ki, buraxılan sülh şansı yeni müharibə riskini təzədən aktuallaşdırıb. Qarabağda müharibə isə həm Qərbin (Amerikanın), həm də Rusiyanın cari və orta perspektivli maraqlarına qətiyyən cavab vermir. Səbəblər haqda dəfələrlə yazılıb. 

*** 

Bəs qarşıdakı dönəm, daha dəqiqi, ilin sonunadək qalan iki ay yarımlıq zaman kəsiyi nə vəd edir, nəhayət ki, sülh prosesini dalandan çıxarmaq mümkün olacaqmı? Birdaca qeyd edək ki, ötən həftə problemlə bağlı həm nikbin, həm də bədbin açıqlamaların şahidi olduq. Əsasən də Rusiya rəsmilərinin (Rusiya prezidentinin köməkçisi Yuri Uşakov, xarici işlər naziri Sergey Lavrov) dilindən belə bəyanatlar eşitdik. 

Politoloq Rasim Musabəyova görə, bu qəbildən ziddiyyətli açıqlamalar konflikt ətrafında yüksək dərəcədə qeyri-müəyyənliyin hökm sürməsindən qaynaqlanır. Onun sözlərinə görə, yaranmış durumda danışıqlar real nizamlama istiqamətinə də yönələ bilər, növbəti dəfə kor dalana dirənə də: “Prosesin gedişinə heç vaxt olmadığı qədər Rusiya tam nəzarət edir. ABŞ və Fransanın diqqəti bütünlüklə Ukrayna və Suriya cəlb edib. Üstəlik, bu iki ölkədə seçkilər və hökumət dəyişikliyi gözlənilir”.

Politoloq hesab edir ki, Rusiya-Türkiyə əlaqələrinin normallaşması, Suriya ilə bağlı iki dövlətin mövqeyinin yaxınlaşması, Moskva və Ankara arasında iri energetik layihələrin reallaşması Güney Qafqazda situasiyanın sabitləşməsində Türkiyənin Rusiya üçün tərəfdaş qismində rolunu artırır: “Bu isə Qarabağ nizamlanmasını irəli apara bilər. O ayrı məsələ ki, Rusiya Türkiyənin Azərbaycana təsirindən istifadə edib Bakını qeyr-məqbul güzəştlərə sövq etmək istərdi. Ancaq Ankarada əla bilirlər ki, Bakı ilə nə haqda danışmaq olar, hansı məsələyə isə ən yaxşısı, toxunmamaqdır”.

Ekspert ehtimal edir ki, İstanbuldakı Beynəlxalq Enerji Konqresində iştirak edən prezident İlham Əliyevin Rusiya və Türkiyə prezidentləri ilə təmas imkanı olub və Dağlıq Qarabağ probleminin nizamlanmasına dair Moskvadan, digər vasitəçilərdən hansı səylərin ola biləcəyi haqda bilgilidir. “Prezident bağlı qapılar arxasında Azərbaycana ərazi bütövlüyünə toxunan güzəştlərə getmək üçün təzyiqlər olduğu haqda sözləri də yalnız ona görə dilə gətirib ki, bu güzəştlərin qəti şəkildə qəbul edilməzliyinə diqqət yönəltsin” - Musabəyov vurğulayıb.

“Əgər beynəlxalq hüquqa uyğun surətdə sülhə nail olunmaması o demək deyil ki, dərhal böyük müharibə başlayacaq. Ancaq ermənilərin nəqliyyat-kommunikasiya izolyasiyası, iqtisadi tənəzzülü, onlara hərbi, diplomatik və informasiya təzyiqləri davam edəcək. Ermənistanın demoqrafik, maliyyə-iqtisadi imkanları durmadan daralır. Bu ölkənin on minlərlə əhalisi emiqrasiyaya gedir, doğum faizi aşağı düşür. Ermənistanın büdcə xərcləri gələn il üçün 10% az, hərbi xərcləri 25% çox nəzərdə tutulub. Bu da o deməkdir ki, onsuz da kasad olan sosial xərclər amansızcasına daha da azaldılacaq. Ermənistanın dəstəklənməsi ağır yük kimi Rusiyanın üstündə qalacaq. Təmas xəttində toqquşmaların bərpası isə Moskvanın Azərbaycan və Türkiyə ilə layihələri üçün əlavə risklər yaradacaq. İrəvandakı paradda nümayiş etdirilən heç bir ”İsgəndər" bu reallıqları dəyişmir. Rusiyanın vasitəçiliyində həqiqət anı başlayır" - sonda politoloq qeyd edib.

***
 
“Münaqişənin dondurulmuş halda qalması müharibəyə gətirə bilər”. Bu sözləri isə Azərbaycanın Prezident Administrasiyası (PA) rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov “Azərbaycan” qəzetində dərc olunan “Müstəqil Azərbaycan dünyada böyük nüfuza, güclü beynəlxalq mövqeyə sahibdir” başlıqlı məqaləsində yazıb.
“Minsk Qrupunun vasitəçiliyi ilə aparılan danışıqlarda bu günə qədər irəliləyiş əldə edilməyib. Ermənistan Dağlıq Qarabağ münaqişənin həllində maraqlı deyil”, - deyə PA yetkilsi qeyd edib. Onun sözlərinə görə, Ermənistan “Nə hərb, nə də sülh vəziyyəti”ni saxlamaq istəyir: “Lakin 2016-cı ilin aprel ayının əvvəllərində Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində qoşunların təmas xəttində çoxsaylı insan tələfatı ilə müşayiət olunan gərginlik bir daha göstərdi ki, Qarabağ münaqişəsinin dondurulmuş qalması hər an qaynar müharibəyə səbəb ola bilər. Beynəlxalq vasitəçilər isə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləsələr də, nədənsə bununla bağlı birmənalı mövqe nümayiş etdirmirlər. Biz Minsk Qrupu həmsədri olan dövlətlərin, eləcə də dünya ictimaiyyətinin münaqişənin ədalətli həlli üçün konkret addımlar atmasını gözləyirik. Ədalət prinsipinə əməl edilməməsi nəinki regionu, bütün dünyanı böhrana sürükləyir”.

*** 

Bu da Ermənistana, həmsədrlərə növbəti sülh çağırışı. Əfsuslar olsun ki, bu çağırışlara işğalçı ölkə daha çox hərbi ritorika ilə, İrəvanda hərbi parad, Azərbaycanın işğal altındakı ərazilərində isə hərbi təlimlər keçirməklə cavab verir. Vasitəçi dövlətlər isə Ermənistanın sülhə qarşı bu cür de-marşlarını susqunluqla qarşılamaqdadır. Əksinə, işğalçı ölkənin Rusiyadan aldığı yeni silahlar, ABŞ-dan isə aldığı müasir müşahidə sistemi təcavüzkar tərəfi bir az da özünəarxayın edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR