İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın düşmənə qarşı sürpriz silahları

5616 26.12.2016 10:00 KİVDF layihələri A A

Dağlıq Qarabağ münaqişəsinin mərhələli həll variantı yəqin ki, gələn il danışıqlar prosesində daha aktual olacaq. Çünki bu, nisbi sülhü təmin eləməyin və böyük müharibədən qaçmağın yeganə variantı kimi görünür. 

İşğalçı tərəfin israr elədiyi isə paket variantıdır. Yəni İrəvan Dağlıq Qarabağın statusunun qabaqcadan müəyyən edilməsini şərt kimi qoyulur. Bu isə əlbəttə ki, mümkünsüzdür. Ən azı ona görə ki, o halda Dağlıq Qarabağ ətrafındakı ərazilər (7 rayon) siyasi alver - bazarlıq predmetinə çevrilir. Təxminən, “Dağlıq Qarabağın ”müstəqilliyini" tanıyın, 7 rayonu qaytaraq" şəklində.

Lakin Ermənistanın sabiq prezidenti, ana müxalifət lideri Levon Ter-Petrosyanın bu yaxınlarda etdiyi son çıxışı göstərdi ki, işğalçı ölkədə rəsmi İrəvanın mövqeyini heç də hamı bölüşmür. Biz hələ noyabr ayında erməni ictimai fəallarının da imzaladığı Bakı bəyannaməsini - Sülh Platformasını demirik. Orada konfliktin həlli Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, iki xalq arasında böyük barışın nəticəsi kimi görülür - nəyi ki, Ermənistan rəhbərliyi süngü ucunda qarşılayıb. 

Bu da təəccüblü deyil. 1998-ci ildən Ermənistanda hakimiyyəti zorla qəsb eləmiş Köçəryan-Sərkisyan kriminal dəstəsi az qala, ikinci on ildir ermənilərin beyninin doldurur ki, Azərbaycan xalqı ilə erməni xalqı bir yerdə yaşaya bilməz. Eks-prezident Robert Köçəryan bunu bir vaxt hətta həyasızcasına Avropa Şurası Parlament Assamblyeasının tribunasından bəyan eləmişdi. Ksenofobiya və faşizm mərəzinə tutulan bu Xocalı hərbi canisi demişdi ki, iki xalq bir-biri ilə etnogenetik olaraq uyuşmayan xalqlardır. 

Image result for Azərbaycanın istehsal etdiyi silahlar

Şübhəsiz ki, bütün bu təbliğati Azərbaycan ərazilərinin, Qarabağın ilhaqına haqq qazanmaq üçün uydurulub. Fəqət, həm bir çox erməni ictimai fəalın da imzaladığı Bakı bəyannaməsində, həm də Ter-Petrosyanın Qarabağla bağlı fikirlərində qırmızı xətt qismində keçən məqam budur ki, problem tezliklə yoluna qoyulmayınca nə Ermənistan, nə də onun xalqı nicat tapmayacaq, inkişaf etməyəcək. Sənədi imzalayan ermənilərdın biri - Anait Nersesyana görə, “biz (ermənilər-red.) Qarabağa görə Ermənistanı da itirə bilərik”.

***** 
Bu arada ABŞ-ın Ermənistandakı səfiri Riçard Millz yerli nəşrə müsahibəsində işğalçı ölkəyə, faktiki, xəbərdarlıq xarakterli açıqlama verib. Diplomat bildirib ki, heç olmasa, iqtisadi-ticari əlaqələr üçün Ermənistan-Türkiyə sərhədləri açılmayınca Ermənistanın öz potensialını bütünlüklə açması mümkün olmayacaq. 

Ancaq amerikalı səfir də gözəl bilir ki, türk-erməni sərhədi yalnız bir halda açıla bilər: Dağlıq Qarabağ məsələsində Azərbaycanı qane edən ciddi irəliləyiş olduqda. Qarabağ probleminin öz problemi sayan rəsmi Ankara bununla bağlı dəfələrlə açıq və birmənalı mövqe bildirib. Demək, amerikalı səfir erməni tərəfinə anladıb ki, inkişaf eləmək istəyirsizsə, öncə Dağlıq Qarabağ konflikti ilə bağlı pozitiv mövqe tutun.  

Image result for Azərbaycanın istehsal etdiyi silahlar

Türkiyə-Ermənistan sərhədinin açılmasının önəmi barədə az öncə keçmiş prezident Levon Ter-Petrosyan da analoji fikir demiş, ixtilafın yalnız mərhələli şəkildə həllini mümkün saymışdı. Nəhayət, analoji yanaşma daha əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov tərəfindən İrəvanda bəyan edilmişdi. Bu xüsusda ABŞ səfirinin son söylədikləri Ter-Petrosyanın çıxışına cavab və ona dəstək anlamına da gəlir.

***** 

Ancaq əfsus ki, mərhələli həll variantı aprel döyüşlərindın sonra da praktikaya yönəlmədi. Əsas günahkar əlbəttə ki, Rusiyadır - hansı ölkə ki, öz xarici işlər naziri səviyyəsində bir ara guya Qarabağ məsələsinin yerindən tərpənməsi üçün diplomatik həmlə etmişdi. Nəticə isə olmadı. Çünki bəlli oldu ki, aprel döyüşlərindən sonra Moskva daha çox öz forpostunu “sakitləşdirməklə”, onu silahlandırıb hərbi balansı bərpa eləməklə, başqa bu kimi daha “mühüm” işlərlə məşğul imiş, nəinki Qarabağ ixtilafının həlli ilə. Vasitəçi qismində çıxış edən başqa dövlət - ABŞ isə öz növbəsində işğalçı tərəfin apreldən sonra özünü daha güvənli hiss eləməsi üçün ona gizlincə təmas xəttində kəşfiyyat-müşahidə sistemi vermişdi.   

Odur ki, Azərbaycan heç nəyə baxmadan öz hərbi qüdrətini artırmaqda və işğalçının hərbi balansa nail olmasını əngəlləməkdə haqlıdır. Bu yöndə artıq real nəticələr var və belə demək mümkünsə, düşmənin eyforiyası keçmiş sayıla bilər. Bunu hərbi ekspertlər də təsdiqləyir.   
   
“Azərbaycan Silahlı Qüvvələrinin real döyüş atışları icra etməklə, ”İldırım" zenit-raket komplekslərini nümayiş etdirməsi Ermənistanda birmənalı şəkildə şok effekti yaradıb". Bunu ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib.

O qeyd edib ki, adətən istənilən məlumata şərh verən erməni ekspert-mütəxəssisləri bu dəfə iflic vəziyyətinə düşüblər: “Artıq necə gündür ki, onların susqunluğu davam edir. Düşmən tərəfinin əldə etdiyi ”İsgəndər"lərə Azərbaycanın “İldırım”la cavabı özünü çox gözlətmədi. Maraqlıdır, qısa müddət “İsgəndər”lərlə öyünən erməni rəhbərliyi indi öz xalqının başını yenidən hansı “oyuncaqla” aldatmağa başlayacaq?"

Image result for Azərbaycanın istehsal etdiyi silahlar

Ş. Ramaldanov onu da bildirib ki, aparılan uğurlu ordu quruculuğu, dövlətimizin iqtisadi imkanları, təbii resursların bolluğu, demoqrafik üstünlük və digər amillər Ermənistanın Azərbaycanla ayaqlaşa bilməməsinə əyani sübutdur. “Azərbaycanın hava məkanının eşalonlaşdırılmış mühafizəsi, hələ bundan sonra ordumuzun silahlanmasına qəbul ediləcək silahlar Ermənistan üçün sürpriz olacaq və düşmənin vahimə içində qalması şübhəsizdir. Onlar başlarına yağdırılacaq raketlərimizi nə ilə zərərsizləşdirəcəklər? Bu böyük sual doğurur”.

***** 

Ölkəmizin işğalçı üzərində qələbəsi sözsüz ki, həm də milli barış və vəhdətdən keçir. Bu xüsusda prezident İlham Əliyevin 31 dekabrla bağlı dünya azərbaycanlılarına etdiyi müraciətdə əksini tapmış fikirlər diqqət çəkir.

Image result for İlham Əliyev

“İnanıram ki, bütün soydaşlarımızın əlbir fəaliyyəti, doğma Azərbaycan torpağına sarsılmaz sədaqəti gücümüzü daha da artıracaq, inkişafımıza əngəl törədən yeganə ağrılı problemi - Ermənistanın hərbi təcavüzünü tezliklə aradan qaldırmağa, ölkəmizin ərazi bütövlüyünü bərpa etməyə imkan yaradacaq”, - deyə müraciətdə qeyd olunur.

Prezidentin müraciətində daha sonra bildirilir ki, bu ilin aprelində Ermənistanın hərbi təxribatı nəticəsində cəbhədə baş vermiş hadisələr zamanı Azərbaycan Silahlı Qüvvələri düşmənin məkrli niyyətlərinin qarşısını qətiyyətlə alıb və torpaqlarımızı istənilən an işğaldan azad etməyə hazır olduğunu sübut edib.

Müraciətdə həmçinin Azərbaycanın öz inkişafının çox məsuliyyətli bir dövrünə qədəm qoyduğu vurğulanır. Qeyd olunur ki, bu gün qarşıya Vətənimizin çiçəklənməsi, qüdrətinin artırılması və suverenliyinin möhkəmləndirilməsi kimi böyük vəzifələr qoyulub. Prezident İlham Əliyev həmin vəzifələrin həlli üçün bütün həmvətənlərimizı, o cümlədən xaricdə yaşayan soydaşlarımızı sıx birləşməyə, harada yaşamalarından asılı olmayaraq, milli maraqlarımızı qətiyyətlə qorumağa, anti-Azərbaycan dairələrin təxribatçı əməllərinə qarşı prinsipial mübarizə aparmağa səsləyib.


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR