İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın 2016-da akkord hərbi təlimi – döyüş hazırlığı təkmilləşdirilir

3241 22.12.2016 08:50 KİVDF layihələri A A

Sülh danışıqlarının dalana girməsi Azərbaycanı öz hərbi qüdrətini, Silahlı Qüvvələrinin döyüş hazırlığını daha da artırmaq zorunda qoyur. Dövlət büdcəsinin mühüm bir hissəsi bu istiqamətlərə yönəlsə də, ayrı yolumuz yoxdur. Çünki işğalçı Ermənistanı, belə görünür, konstruktiv mövqeyə yalnız güc amili hesabına gətirmək mümkün olacaq. Yəni ya böyük müharibə qaçılmaz olacaq, ya da düşmən Azərbaycanın əzici hərbi üstünlüyü qarşısında sülhə vadar olacaq.

Ərazisinin 20%-i işğal altında olan ölkəmiz, onun ordusu əlbəttə ki, hər iki variantı ciddiyə alıb da hərbi məsələlərə mühüm diqqət ayırır. Bu yöndə təbii ki, o, ilk növbədə dost-müttəfiq və strateji tərəfdaş ölkələr - qardaş Türkiyə, Pakistan, İsraillə sıx əlaqələrdən istifadə eləməyə çalışır. 

Sözsüz ki, Rusiyadan da silahlar alırıq. Ancaq son illər Azərbaycanın hərbi parkında rus silah-sursatının azalması, başqa ölkələrin payının isə artması müşahidə edilir ki, bu da hərbi analitiklərin fikrincə, Moskvadan asılılığın azalması baxımından yaxşı tendensiya sayılır. Hər necə olmasa, Rusiya Ermənistanın 1 nömrəli müttəfiqidir və əslində Azərbaycana bir yandan silah satıb pul qazanırsa, o biri yandan da işğalçını silahlandırır ki, hərbi balans pozulmasın və işğalçı tərəf Qarabağ məsələsində öz radikallığını saxlasın.

O üzdən Azərbaycan öz ordusunun ən müasir silahlarla təchiz olunması, düşmənin hərbi balans yaratmasına imkan verilməməsi üçün mümkün hər şeyi edir və bunda sonra da edəcək. Şübhə yox ki, əsas diqqət həm də Silahlı Qüvvələrimizin döyüş hazırlığını gücləndirməyə yönəlib. 

***** 

Bu arada Azərbaycan Silahlı Qüvvələrinin bütün rəhbər heyətinin iştirakı ilə üçgünlük toplantı başlayıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumatına görə, müdafiə nazirinin müavinlərinin, Silahlı Qüvvələrin növləri və qoşun qisimləri komandanlarının, nazirliyin baş idarə, idarə və xidmət rəislərinin, birlik və birləşmə komandirlərinin, qərargah rəislərinin və digər məsul zabitlərin iştirakı ilə keçirilən toplantıda müdafiə naziri, general-polkovnik Zakir Həsənov çıxış edib.

Nazir Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələrin fəaliyyətinə verdiyi yüksək qiyməti və ordu qarşısında qoyduğu tapşırıqları diqqətə çatdırıb, aparılan fəaliyyətlər və əsas istiqamətlər üzrə yerinə yetirilən vəzifələri bir daha xüsusi vurğulayıb.
Toplantıya qatılan heyət təlim mərkəzində və çöl-səhra şəraitində təşkil olunan hazırlıq məntəqələri və nöqtələrində nəzəri və praktiki məşqlərdə iştirak edir. İştirakçılardan ümumqoşun nizamnamələri, rəhbəredici və digər normativ sənədlərlə bağlı biliklər üzrə məqbullar qəbul edilib, şəxsi heyətin fiziki hazırlığının səviyyəsi yoxlanılıb.

Image result for Silahlı Qüvvələrin rəhbər heyətinin döyüş hazırlığı

Silahlı Qüvvələrin rəhbər heyətinin döyüş hazırlığının, bacarıq və qabiliyyətlərinin yoxlanılması məqsədilə silahlanmada olan zirehli texnikanın ştat silahından və atıcı silahlardan atışlar icra olunur, generallar və zabitlər müxtəlif növ tırtıllı və təkərli döyüş maşınlarının, avtomobil texnikasının idarə edilməsi üzrə yoxlama tapşırıqları yerinə yetirirlər.

***** 
Azərbaycan ordusunun həm döyüş qabiliyyətini, həm də hərbi potensialının artması əlbəttə ki, Ermənistanla yanaşı, Rusiyada da diqqətlə izlənilir. Eyni zamanda Moskva Azərbaycanı imkanlı bir silah alıcısı kimi itirmək də istəmir. Ötən həftə İsrailin baş naziri Benyamin Netanyahunun Bakı səfərinin ardınca Rusiya baş nazirinin müavini, ölkənin hərbi-sənaye kompleksinə əsas cavabdeh şəxs Dmitri Roqozinin Bakıya gəlişi müstəsna olaraq, bu imperativlə bağlı idi. 

Bu iki səfər və onun mümkün nəticələri hələ də siyasi və hərbi analitiklərin müzakirə mövzusudur. O sırada rusiyalı politoloq Vadim Dubnov həmin səfərlərdə təəssüblü bir şey görmür. “Dmitri Roqozinin Azərbaycan paytaxtına bu yaxınlardakı səfəri hay-küylü, intriqalı oldu, ancaq gerçəkdə burada qeyri-adi heç nə yox idi. Çünki aydın idi ki, Rusiya Azərbaycana ciddi silah növlərini verməsini Azərbaycanla razılaşdırır”, - deyə o, 1 in.am erməni nəşrinə müsahibəsində bildirib.

Related image

Yada salaq ki, Azərbaycan rəhbərliyi ilə görüşdən sonra Roqozin bəyan edib ki, “Moskva və Bakı diskussiya mövzusu olan bir sıra məsələləri yoluna qoyublar”. Söhbət əlbəttə ki, öncəliklə işğalçı Ermənistanda peyda olan və hətta nüvə başlıqları daşıya biləcək “İsgəndər” operativ-taktiki raket komplekslərindən gedir.

Bu mövzuda danışan rusiyalı siyasi şərhçi daha sonra deyib: “Şübhəsiz ki, Moskva Bakıdakı tərəfdaşlarına bu və ya başqa anlaşmanın mahiyyətini izah edir. Odur ki, belə bir koordinasiya silah bazarı üçün, belə incə situasiya üçün tamamilə normal haldır. Əgər Rusiya qərara alıbsa ki, bir-biri ilə vuruşan iki ölkəyə silah satsın, o zaman Moskvanın məntiqi tamamən aydın və şəffafdır. Bu mənada Roqozinin Bakı səfəri qanunauyğundur”.

Image result for Silahlı Qüvvələrin rəhbər heyətinin döyüş hazırlığı

Dubnov hesab edir ki, eyni sözləri Netanyahunun Azərbaycana səfəri haqda demək olar: “Səfər zamanı  ənənəvi İsrail-Azərbaycan dostluğu haqda çoxlu bəyanatlar verildi. Bəzi konspiroloqlar bu münasibətlərdə yeni Təl Əviv-Bakı geosiyasi oxunu görürlər. Ancaq mən düşünürəm ki, bu, adi tərəfdaşlıq, silah bazarının işində növbəti epizoddur”.

Politoloqun sözlərinə görə, bütövlükdə bu kontekstdə çoxlu ehtimallar, virtual təsəvvürlər var: “O cümlədən söhbət ”İsgəndər" komplekslərinin tətbiqindən və Azərbaycanın İsraildən aldığı “Dəmir günbəz” sistemlərindən gedir. Bir tərəfdən bizdə “İsgəndər”lər var - hansı ki, guya Bakıya belə zərbə endirə bilər, hərçənd buna mən o qədər də əmin deyiləm - başqa tərəfdən isə guya “İsgəndər” raketlərindən qoruyacaq “Dəmir günbəz” var. Yəni burada çoxlu “guya”lar və ehtimallar mövcuddur. “İsgəndər”lərə qarşı “Dəmir günbəz” - bu, virtual bir sxemdir. Çünki biz hamımız başa düşürük ki, Moskvanın icazəsi olmadan heç kəs “İsgəndər”lərin düyməsinə basa biməz".


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR