İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ və Rusiyanın Qarabağ rəqabəti nə vəd edir?

3904 22.07.2015 08:45 KİVDF layihələri A A

Ötən həftə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Moskvaya qəfil səfər etdi. Artıq bəllidir ki, belə bir səfər qabaqcadan planlaşdırılmayıb. Hər halda, bu səfər haqda ictimaiyyətə heç bir bilgi verilməmişdi. Maraqlıdır ki, təxminən ayarım öncəki səfərdən fərqli olaraq bu dəfə Məmmədyarovun rusiyalı həmkarı Sergey Lavrovla görüşündən sonra sonuncu bəzi nikbin açıqlamalar səsləndirdi. Rusiya XİN başçısı münaqişənin nizamlanması üçün danışıqlar prosesini intensivləşdirməyin vaxtı çatdığını və Kremlin tərəflərin nəticə əldə etməyə hədəfləndiyini nəzərə alaraq bu prosesə kömək etməyə hazır olduğunu söylədi.

Daha bir mühüm detal Lavrovun Məmmədyarovdan sonra Ermənistan xarici işlər naziri Edvard Nalbəndyanla da telefonda Qarabağ mövzusunu müzakirə eləməsi oldu. Bu da bəzi siyasi müşahidəçilərdə belə təəssürat yaratdı ki, Rusiya yeni bir Qarabağ sammiti hazırlayır. 
Ancaq 21 illik danışıqların təcrübəsi göstərir ki, bu cür “birtərəfli” sammitlər, - istər Rusiya tərəfindən təşkil olunsun, istərsə də ABŞ - effektli olmur. İranın nüvə dosyesi ilə bağlı əldə edilən Vyana anlaşması da təsdiqlədi ki, yalnız beynəlxalq güclər çəkici eyni zindana vuranda bu qəbildən konfliktli məsələləri dinc yolla tarixin arxivinə göndərmək olar. 
Təsadüfi deyil ki, Azərbaycan xarici işlər naziri İranın nüvə proqramına dair uzun illərdir davam edən danışıqların, nəhayət, müsbət nəticə verdiyini xatırladaraq bunun Qarabağ münaqişəsinin də həllinə ümid yaratdığını qeyd edib.



*** 
Məlumdur ki, son vaxtlar prezidentlərin görüşünə ABŞ səviyyəsində təşəbbüslər göstərilir. Növbəti belə bir təmasın Nyu-Yorkda baş tutacağı gözlənilir. Ancaq təkrar edirik, növbəti belə “birtərəfli” sammit də səmərəsiz yekunlaşa bilər. Hər halda, Rusiya təşəbbüskarlığın Ukraynaya görə gərgin münasibətlərdə olduğu Amerikaya keçməsinə isti baxmır və onu qabaqlamağa çalışır. Olsun. Təki Qarabağ nizamlanması uğrunda “yarış” konfliktin həllinə yardımçı oldun, böyük müharibə riskini aradan qaldırsın, bölgədə daimi və ədalətli sülhün bərqərar olmasına sanballı töhfə versin, nəinki Qarabağa görə regiona “nifaq alması”na çevrilsin. 

Əfsus ki, pozitivə inam azdır. Çünki Moskva və Vaşinqton İran məsələsindəki kimi Qarabağ məsələsində də çəkici eyni zindana vurmaq iradəsindən çox uzaq görünür. Siyasi iradə göstərsələr, əlbəttə ki, kardinal irəliləyiş mümkündür və İranla bağlı diplomatik uğur da nümayiş etdirdi ki, Ukrayna böhranı kimi heç bir başqa problem onlara mane ola bilməz. 

***   


ATƏT-in Minsk Qrupunun həmsədrləri isə iki gündür regiondadırlar. Səfərdə əsas məqsədin sentyabrda Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü hazırlamaq olduğu bildirilir. 

Lakin politoloq Qabil Hüseynli mediaya müsahibəsində deyib ki, Moskvada xarici işlər nazirlərinin görüşü daha ciddi detallar üzərində qurulub. O əmindir ki, Dağlıq Qarabağ məsələsi ətrafında bir rəqabət mühiti formalaşıb: “Belə görünür ki, Qərblə Rusiya Dağlıq Qarabağ məsələsi üzərində bir növ rəqabətə girişib. Hər halda, Rusiyanın Dağlıq Qarabağ məsələsi üzərində təxminən bir müddət bundan öncəki açıq bəyanatları, xüsusən də ardınca Elmar Məmmədyarovun Moskvada çox yaxın zamanlarda məsələnin həll olunmasının vacibliyi ilə bağlı fikir səsləndirməsi sözün əsl mənasında prosesin yerindən tərpəndiyini deməyə əsas verir. Amerikalı həmsədrin Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonun qaytarılmasına dair bir neçə gün öncəki bəyanatı və bunun Vaşinqtonun mövqeyi olmasını bildirməsi, bununla paralel, Almaniya Bundestaqının Azərbaycanın ərazi bütövlüyünə dair qətnamə çıxarması ona dəlalət edir ki, Qərb Bakının Rusiyaya tərəf meyllənməsi və Qarabağ probleminin həllində Moskvanın təşəbbüsü ələ almasından narahatdır. Hazırda bir rəqabət mühiti formalaşıb. Ancaq bunun həqiqətən sağlam rəqabət olmasını çox arzulardıq”. 

Politoloqun sözlərinə görə, sentyabra qədər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda müəyyən dəyişikliklərin şahidi ola bilərik: “Bu gün Ermənistana yeganə təsir edəcək ölkə Rusiyadır. Ona görə də Azərbaycan sövdələşməni Rusiya ilə aparır. Bununla bağlı həqiqətən də ciddi irəliləyişlər var. Düzdür, ATƏT-in Minsk Qrupunun həmsədrləri sentyabrda Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü hazırlamaq istəyirlər, ancaq Moskvada xarici işlər nazirlərinin görüşü daha ciddi detallar üzərində qurulub. Rusiyanın Azərbaycanla bağlı maraqlı strateji planları çoxdur. Bura Azərbaycanı Şanxay Əməkdaşlıq Təşkilatına cəlb etməklə yanaşı, Avrasiya Birliyi və Gömrük İttifaqına dəvət etməyə qədər məsələlər daxildir. Çünki Rusiya Azərbaycan kimi geosiyasi cəhətdən getdikcə inkişaf edən bir ölkə ilə belə birliklərdə Ukraynın yerini doldurmağa çalışır. Belə olan halda da strateji maraqlar fonunda müəyyən sövdələşmələr əldə edilə bilər. Azərbaycan belə addımların öncə onun maraqlarına uyğun olaraq atılmasının üzərində qətiyyətlə durur. Güman edirəm ki, sentyabrın sonuna qədər Dağlıq Qarabağ prosesində korrektiv dəyişikliklərin şahidi olacağıq”. 

*** 
Bu arada Lavrov-Məmmədyarov görüşünün yeni detalları bəlli olub. (“Turan”). Diplomatik mənbələrin məlumatına görə, tərəflər Qarabağ məsələsindən savayı digər istiqamətlər üzrə - “regional sahədə, BMT, ATƏT-də, Xəzərdə vədigər formatlarda” ikitərəfli münasibətləri dərinləşdirmək niyyətlərini ifadə ediblər. Lavrov qeyd edib ki, əlaqələrin intensivləşdirilməsi “yay tətilindən sonra” başlayacaq - sentyabrda Yekaterinburqda ticari-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclası, regionlararası forum keçiriləcək. “Sentyabrda Rusiya Sverdlovsk şəhərində böyük silah və hərbi texnika sərgisi təşkil edəcək. Azərbaycan nümayəndələrini də gözləyirik” - Lavrov deyib. 



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR