İnsanlara hürriyət, millətlərə istiqlal!

Kitabsevən gənclərin Elman dayısı - 30 ilin kitab aşiqi - FOTOLAR

5342 02.04.2017 18:12 Mədəniyyət A A

"Elman dayının kitab dükanı" - buranı hamı belə adla tanıyır. 

İçərişəhərdə, Qız Qalasının yaxınlığında yerləşən və oxucular arasında "Elman dayının kitab dükanı" kimi tanınan kitab mağazasında olduq.

Elman dayı kitabsevərlər arasında çox məşhurdur. Ömrünün böyük hissəsini kitaba həsr edən Elman Mustafayev bu yaşda belə öz işinə sevərək davam edir.

Elman Mustafayev, 1978-ci ildən fəaliyyət göstərən bu kitab mağazasında 1985-ci ildən bəri çalışır. Buna qədər isə o, 13 il Fəvvarələr Meydanında yerləşən Tədris Pedaqoji Kitab Mağazasının müdiri, daha sonra isə 1980-ci ildə açılmış Bakı Kitab Evinin ilk direktoru olub.

30 ildir kitabla məşğul olan Elman dayıdan niyə bu yaşda tək işlədiyini soruşduq. Cavab isə üzücü idi: "Bakıda ən ucuz kitab satan mənəm. Əslində mənim fikrimcə kitab ucuz olmalıdır ki, hamı onu əldə etməyi bacarsın. Gərək insanlar kitab alanda çətinliklə qarşılaşmasınlar. Kitab insan üçün hava və su qədər önəmlidir. Oxumaq üçün hər şərait olmalıdır. Amma indi oxumağa maraq azdır. Ona görə də, tək işləyirəm. Əlavə işçiyə ehtiyac olacaq qədər kitab alan yoxdur. Arada turistlər içəri girib, sağa-sola baxıb, gedirlər. Kitab alan azdır. Amma sevinirəm ki, gənclər də gəlirlər, kitab alırlar. İndi mağazalar çoxdur. Təki oxusunlar".

Mağazada həm yeni nəşrlər, həm də əski əlifba ilə çap edilmiş köhnə nəşrlər var. Əsasən bədii ədəbiyyat, uşaq ədəbiyyatı, tarix, memarlıq və turizm və səyahətlə bağlı kitablar satılır. Mağazada rus dilində kitablar da az deyil. Onların da öz sevəni, oxuyanı var.

Kitab dükanında olduğumuz zaman içəri bir neçə gənc oxucu da daxil oldu. Onlarla da söhbətləşmək imkanı tapdıq. Vüsalə Cavadzadə buraya tez-tez gəldiyini dedi: "Bəzi kitab mağazalarında qiymətlər çox bahadır. Əvvəllər oxucu azlığından şikayət edirdilər, indi bizim kimi oxumağı sevən gənclik yetişir, onlar da qiymətlərdən narazıdırlar. Elə mən özüm də... Bu səbəbdən kitab almaq üçün buraya gəlirəm. Elman dayının kitab evi ilə bağlı internetdən xəbər tutmuşam. Elə o vaxtdan gəlib-gedirəm. Sağ olsun, yaşı çox olsa da, nazımızla oynayır. Deyir ki, təki siz oxuyun, mən gücüm çatana kimi burdayam, gəlin kitab alın.

Tarix mənim üçün həm təhsilimlə bağlı vacibdir, həm də özüm üçün maraqlıdır. Burada da demək olar ki, istədiyim kitabı tapıram. Seçim məşhur mağazalar qədər bol deyil, amma istədiyini tapmaq olur".

Lalə adlı BDU-nin tarix fakültəsinin 2-ci kurs tələbəsi ilk dəfədir buraya gələnlərdəndir: "Rəfiqəm dedi ki, "Gedək, səni əsl kitabsevərin yanına aparacam". Eləcə gəldim. Gəncləri çox vaxt kitab oxumayan nəsil kimi təqdim edirlər. Əslində elə deyil. Şərait və maddi imkan olandan sonra oxuyuruq. Təki bizi də nəzərə alsınlar. Tələbəyik, büdcəmiz bəllidir".

Elman dayının kitab dükanının sadə oxucularla yanaşı, məşhur simalar da ziyarət edir. Təbii ki, bu simalar sırf yazarlardan ibarətdir. Tanrı Elman dayıya daha da çox güc versin ki, kitaba olan sevgisini uzun illər yaşatsın. Onunla birgə bu mağaza da yaşasın. Çünki onsuz buranın kitab mağazası olaraq davam etməsi şübhə altındadır.

Məhəmməd Türkmən
Musavat.com
Fotolar müəllifindir

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR