İnsanlara hürriyət, millətlərə istiqlal!

“Kaş Qurgen məni öldürəydi...”

2291 19.01.2019 14:02 Yazarlar A A

Bu cür söhbətlər (erməni-azərbaycanlı qovğasına münasibət) əvvəllər ildə 3-4 dəfə, yəni fəsildən-fəsilə yoğunlayırdı və ölkənin kosmopolitləri ilə patriotları virtual səngərlərə girib atışırdılar.

Əlbəttə, virtual səngərlərdə mövqe tutanların “atışma”sının silah-sursatı nə olacaqdı? Status, şərh, skrinşot, şəkil-filan... Real olaraq öldürücü olmayan şeylər. Hərçənd bu atışmada xeyli yaralananlar olurdu.

İndi, maşallah, həftənin o başı da virtual səngərlərdə “atışma” gedir, bu başı da. Deyəsən, “hərbi əməliyyatlar” fəal fəzaya daxil olub, atəşkəs rejimi pozuq-pozuq olub, tərəflər geri çəkilmir.

Düzü, bilmirəm, bənzər “atışma” sosial şəbəkənin Ermənistan seqmentində də gedirmi? Hərçənd ağlım kəsmir ki, hansısa bir fəal erməni cəsarət nümayiş etdirərək çıxıb belə bir status yaza bilər: “Azərbaycanlılar bizim düşmənimiz deyil, o vaxt biz Xocalıda vəhşilik etmişik, azərbaycanlılardan üzr istəməliyik, yenidən dost olmalıyıq, Qarabağı qaytarmalıyıq”.

Yox, Allah adamın üstünə od tökər, tək-tək də olsa belə yazan, deyən ermənilər (məsələn, Vahe Avetyan) var, intəhası, onlar Ermənistanda deyillər, uzaq ölkələrdədirlər və nə vaxt İrəvana dönsələr, onları elə “Zvartnots” aeroportundaca şillə-qapazın altına salacaq, aparıb türməyə basacaqlar – vətən xaini kimi.

Amma biz həm cürətliyik, belə sözləri sərbəstcə yaza bilirik, həm də tolerantıq, bizdə düşmənlə barışıq çağırışı edənlərə dözümlü yanaşırlar, onları şillə-təpiyin altına salmır, türməyə basmırlar, eləcə, peşəkar və həvəskar mediada “xain”, “zatıqırıq”, “qanıpozuq”, “kosmopolit”, “Qərbin tulası”-filan adlandırırlar. Onlar da borclu qalmır, qınayıcılarına “faşist”, “ura-patriot”, “psevdo-patriot”, “barbar təfəkkürlü” adı qoyurlar. Əslində bu da “var-yox söyüşü” kimi bir şeydir.

Yadınızda olar, bizim “virtual vətəndaş müharibəsi”nin ən şiddətli dövrü Ramil Səfərovun Macarıstandan alınıb gətirilməsi vaxtı oldu. O nəydi? Biz o vaxt niyə belə elədik? Türkün sözü, hələ də adamın ağlı almır.

Ermənistandakı qurgensevərlər (Macarıstanda öldürülən zabitin adı Qurgen idi) qaldı qıraqda, bizim qurgençilər girdilər sosial şəbəkəyə, 9 il həbsdə yatmış Ramil Səfərovu bəlkə də ilk dəfə Qurgeni öldürdüyünə peşman elədilər. Ola bilər, Ramil o pəstəhanı görərək öz-özünə düşünürdü: “Kaş Qurgen məni öldürəydi, bu günü görməyəydim”.

Düzdür, sonradan məhkəmə materialları açıqlandı və məlum oldu ki, Qurgen farağat adam olmayıb, ölümü 3-4 qat artıq şəkildə haqq edibmiş, məsələn, Ramilin gözünün qabağında bayrağımıza həqarət edirmiş, hırıldaya-hırıldaya ermənilərin əsir qadınlarımızı necə zorladıqlarını danışır, Ramilə eşitdirirmiş, avtobusa minəndə ona badalaq verirmiş, hər fürsətdə sataşırmış, bir sözlə, açıq-aşkar deyirmiş, al baltanı, vur başıma. Ancaq bu xüsusatlar bizim fəalların Ramilə qarşı hirs-hikkəsini soyutmadı. O dava hələ də gedir.

Bax, biz beləyik. Bəşəri dəyərlərə, insan haqlarının müqəddəsliyinə, xalqlar dostluğuna, müharibənin mənasızlığına inanırıq, aqressiv müharibə ilə öz torpağını qorumaq üçün aparılan müharibə arasında fərq qoymuruq.

Bəs o Ermənistanla müharibədə həlak olan 30 min, yaralanan 70 min insan, evindən didərgin düşən 700 min (indi artıb 1 milyonu keçiblər) qaçqın-köçkün necə olsun? Onları bu günə qoyanlar heç bir məhkəmədə cavab verməsin və biz barışaq, təzədən qardaş olaq?

Elə şey olarmı? Bunun adı tolerantlıq yox, qeyrətsizlik olar. İtirdiyimiz torpaqları geri almadan, aqressoru yerində oturtmadan barışmaq, məşhur dublyajda deyildiyi kimi, “sənin anan yaxşı qadın deyil, Con” söhbəti olar. Bu cür hərəkət edən millətin bu dünya üzündə yaşamaq haqqı olmaz. Sadəcə, ona görə ki, o haqqı ona verməzlər, vaxtaşırı belə hadisələr törədə-tərədə, hər dəfə 100 kilometr qabağa gələ-gələ, bir gün gəlib dirənərlər Biləcəriyə və deyərlər, sizi Biləcəridən bu tərəfdə tanıyan yoxdur, doluşun bərələrə, varın gedən əcdadlarınızın gəldiyi torpaqlara, Altaya, Orhon-Yenisey vadilərinə, Çin səddinin dibinə.

Edərlər, ya etməzlər? Deyərlər, ya deməzlər?

Ona görə də hər kəs birdəfəlik anlasın ki, bu mövzuda ehtiyatlı olmaq lazımdır. Kəndirbaz olmaya-olmaya kəndirin üstünə şüvülsüz çıxmaq kimi bir şeydir, bir millimetr o yan-bu yana meylləndinmi, təpəsi üstə yerə gələcəksən. Düzdür, naşı kəndirbazların da kosası olur, amma fors-major hallarda ona heç nə olmur, əsas yıxılanın canı ağrıyır.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR