İnsanlara hürriyət, millətlərə istiqlal!

Karvansaray ermənisi

2000 30.04.2018 08:30 Yazarlar A A

 

Mayın 1-də Ermənistanda qeyri-adi hadisə baş verməyəcək. Nikol Paşinyan baş nazir kürsüsünə sahiblənəcək. Ermənilər indiki durumda hakimiyyət uğrunda mübarizənin qanla nəticələnməsinin onları hara aparacağını yaxşı anlayırlar. Qan tökülsə, birdəfəlik param-parça olarlar, tikələrini nə diaspor, nə də Eçmiədzin keşişləri yığıb birləşdirə bilər.

2008-ci ilin martında Serj Sərkisyan qırğın törədib hakimiyyəti qəsb etdi - arxasında Rusiya olduğu üçün. Bu dəfə isə Moskvadan iki quru təbrik alsa da, dəstək ala bilmədi. Üstəlik, Rusiyanın dünya boyunca qayğıları o qədər artıb ki, onun özünə dəstək lazımdır. Ancaq indi Paşinyanın özü də anlayır ki, Rusiyasız mümkün olmayacaq. Azərbaycan və Türkiyə ilə düşmən münasibətlərinin davam etdirilməsi şəraitində Moskvadan üz çevirmələri sadəcə, intihar deməkdir.

Qəribəsi budur ki, bəziləri Nikol Paşinyanı az qala “qəhrəman” kimi qələmə verir, onun gəlişi ilə Qarabağ məsələsində ciddi irəliləyişlərin əldə olunacağını iddia edir. Başı gah yarımçıq təhsil almağa, gah həbsxana həyatına, gah da jurnalistikaya qarışmış bu İcevan ermənisindən Azərbaycana qarşı hansısa ədalətli mövqe gözləmək absurddur. Düzdür, Paşinyan Qarabağda döyüşməyib. Əsgərlikdə olsaydı, o da döyüşərdi, əmin olun.

Bu, 2016-cı ilin aprel döyüşlərindən sonra Qarabağa gələn və ardınca Azərbaycana sarsıdıcı zərbə vurmağa, iri şəhərlərindən birini tutmağa (!) çağırış edən həmin bu Nikoldur, unutmayaq! Əmin olun ki, Ter-Petrosyan, Robert Köçəryan və Serj Sərkisyandan fərqli olaraq, əli azərbaycanlı qanına batmasa belə, Paşinyan Azərbaycana qarşı onlardan az nifrət etmir.

Hələ küçələrdə dolaşdığı bu günlərdə o, Qarabağ separatçılarının başçısı Bako Saakyanla görüşə vaxt ayırırsa, bizə münasibəti bəllidir. Bəlkə də onun arxasında elə Rusiyadakı hansısa qüvvə dayanır, Sərkisyan da “rus kadrı” Karapetyanı vurmasının cəzasını çəkir. Sonuncu dəfə Pşinyanın “səsi” Avropa, ya Amerikadan yox, elə Rusiyadan gəldi. Üstəlik, nə Rusiya əleyhinə bir kəlmə deyir, nə Avrasiya Birliyindən çıxacağını söyləyir, nə “Rus NATO”-sunu tənqid edir, nə də Ermənistanı işğalda saxlayan 5 minlik rus hərbi bazasının çıxarılmasından danışır. Beləsini “müstəqil siyasətçi” saymaq olarmı?

Xankəndi ermənisi Serj Sərkisyanı əvəzləməyə hazırlaşan 43 yaşlı Nikol Paşinyan 1930-cu ilin sentyabrından “İcevan” adlandırılan qədim Azərbaycan torpağında - Karvansaray rayonunda doğulub. Çar Rusiyası dövründə Qazax qəzasının ərazisinə aid olan bu tarixi torpaqlarımızda kök salan gəlmə ermənilərin soyundan olan birisinin Ermənistan hökumətinin başına keçməsi Qarabağ üçün yaxşı heç nə vəd eləmir, əmin olun.

Əvvəla, ona görə ki, Nikol Paşinyan həftələrdir “dəmir çarığı”nı Ermənistanın küçələrini dolaşmaqla az qala “azadlıq aşiqi”, “əzabkeş xalqın lideri”, “erməni xalqının sevimlisi” imici qazanmağa çalışıb. Xalqın iradəsi ilə baş nazir seçiləndən sonra onun Qarabağla bağlı mövqeyi daha da kəskinləşəcək. Ondan Qarabağla bağlı güzəşt istəyənlərə deyəcək ki, xalq mənə mandat verib, geri addım ata bilmərəm.

Sərkisyan Qarabağda döyüşsə də, artıq dayaqları alt-üst olmuşdu, hakimiyyətinin davamı mümkünsüz idi. Artıq Ermənistanda onu “gəzəyən qadın” deyə çağırırdılar. Paşinyansa erməni millətçiliyini bir az da tətiklədi. Bəli, Paşinyan Sərkisyan-Köçəryan klanına qarşı daim barışmaz olub. Nə hakimiyyət, nə də həbs həyatı onu islah edə bilməyib. Ona da ümid etmək olmaz ki, Nikolun keçmiş prezident Levon Ter-Petrosyana yaxınlığı onun “sülh göyərçini” olmasına rəvac verəcək. 26 il əvvəl Tehranda Qarabağ danışıqları gedən zaman Şuşanı işğal edən ölkənin başçısı Levon Ter-Petrosyan idi, bunu da unutmamışıq.  

Ümumiləşdirsək, Ermənistan hakimiyyətinə Qarabağla bağlı sadəcə, “yeni mövqe sahibi olan”, əslində isə vaxtın uzadılmasına xidmət edəcək biri gəlir. Sərkisyanın status-kvonu uzatdığını Bakı da hər zaman bəyan edirdi və danışıqların davamını mənasız sayırdı. ABŞ kəşfiyyatı məhz bu səbəbdən “yayda Qarabağda dağıdıcı müharibə olacaq” xəbərdarlığını etmişdi. Rusiya öz forpostunu qorumaq üçün Serj Sərkisyanı qurban verdi. Amma bu, heç nəyi dəyişməyəcək, sadəcə, “danışıqlar” üçün daha 5-10 ilimizi oğurlamaqdır qəsdləri.

Ermənilər daxildə nə edir, kimi seçir, özləri bilər, biz gərək Qarabağımızla bağlı oğurluğa dözməyək. Karvansaray ermənisinin qarşısına konkret vaxt qoymaq, Qarabağın qaytarılması zərurətini anlatmaq lazım gələcək...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR