İnsanlara hürriyət, millətlərə istiqlal!

İspaniyada yaşayan həkim Azər Ağalarov: “O vaxt ya özünü asmalı, ya da ölkədən qaçmalı idin”

3124 25.04.2018 10:10 Müsahibə A A

“Azərbaycanlılar musiqili xalqdır”

Mənim budəfəki qəhrəmanım 1959-cu ildə Bakıda doğulub. Neyrocərrah ata və bioloq ananın oğlu özü üçün də gözlənilmədən Bakıda Bülbül adına Musiqi Məktəbində 4 il oxuyub, sonra səhhəti üzündən oranı tərk edərək 160 saylı məktəbə yerini dəyişib və orada özündə şairlik kəşf edib.

Azər Ağalarov rejissor olmaq, heç olmasa, Moskva Dövlət Universitetinin (“MQU”) jurnalistika fakültəsinə daxil olmaq, lap uzağı, dillər institutlarından birinə girmək istəyirdi. Atası Azərbaycanda neyrocərrahlıq xidmətinin banisi, Azərbaycan Dövlət Tibb İnstitutunun (hazırda universitet - red.) neyrocərrahiyyə kafedrasının müdir müavini Əliqulu Ağalarov  isə övladının tibbi təhsil almasında təkid edirdi.

Yekunda 1976-cı ildə o, müalicə fakültəsinə daxil olur. Oranı bitirdikdən sonra Təcili Yardımda, operativ şöbədə Bakının o vaxt üçün ən narahat nöqtələrindən olan Bayılda baş həkim işləyib. 1992-ci ildə, Almaniyaya emiqrasiyadan öncə paytaxtdakı 5 nömrəli xəstəxana nəzdində Qastroentereloji Mərkəzdə də 4 il işləməyə müvəffəq olub.

Azər Ağalarov Almaniya və Çexiyada radio jurnalisti kimi çalışıb. Almaniyada tibbi təcrübə sahəsində 14 illik staja malikdir. İspaniyada laquna ilə dəniz arasındakı qumlu hissədə musiqili və təmiz ispan adı daşıyan yerdə - Le Manqa del Mar Menorda yaşayır.

Azər Ağalarovun 4 övladı var. Ən böyüyü - Nərgiz dillər institutunu bitirib. Oğlu Alik Avropa şou-biznesində kifayət qədər tanınan rəqqasdır, rəqslərə quruluş verməklə məşğuldur. Digər oğlu Mixael Münhen Universitetinin hüquq fakültəsini bitirməkdədir. İkinci qızı İzabel-Dəniz isə Lamborgini Avtokonserni nəzdində menecment məktəbində təhsil almağa başlayıb.

Biz həkim, yazıçı, jurnalist və musiqiçi Azər Ağalarovla şairlər, “Yaqub yolu” və Azərbaycandakı yaxşı şeylərdən danışdıq.

- Belə təəssürat yaranır ki, siz günün birində qərara gəlmisiz ki, cənub səmtinə, ilim-ilim gedəsiz, ancaq birdən kontinental Avropa qurtarıb və belə bir füsunkar yerdə ilişib qalmışsınız. Mənim tanıdığım, vaxtilə aktiv, ünsiyyətcil olan bir insanın nədənsə şüurlu seçiminə oxşamır bu. 50-dən sonra həyatı nə dərəcədə darıxdırıcı təsəvvür edirdiniz?

- İspaniyaya köçməklə bağlı heç bir planım olmayıb. Sadəcə, belə alındı. Ancaq seçim tamamilə şüurlu olub. Bundan əlavə, əgər sən daima yaradıcı prosesdəsənsə, o zaman sənin üçün darıxdırıcı ola bilməz. Mən tənhalığın ilk təcrübəsini yüksək qiymətləndirdim, mənə elə gəldi ki, sanki öz planetimi tapmışam. Özümə aparatura aldım, musiqi yazıram, heç kimə mane olmuram, coqqinqlə məşğul oluram. Darıxanda isə kafeyə, bara gedirəm - harda ki, hamı gülümsəyir, ingiliscə bilmirlər, ancaq dialoq istənilən halda alınır. Yerli adamların açıq qəlbliliyi - məndən ötrü daha bir kəşfdir.

Dünyanın hər yerindən dostlar bura tez-tez baş çəkirlər, əlavə olaraq sosial şəbəkələrdə yazışıram. Elə özüm də səbrli deyiləm, daim səyahət edirəm. La Manqda yalnız mövsüm zamanı hay-küylü olur: uzağı 3 ay. Yerdə qalan vaxtda burada kosmik sükut hökm sürür. Drayv istəyirsən? Buyur - Valensiya və Qranada buradan 300 km-lik məsafədədir.

- Mən sizin yaradıcılığınızla təxminən on il qabaq tanış olmuşam. “Siz Stefan Volf” təxəllüsü ilə yazırdınız. Və bu, povest idi. “Zamanın xaricində vitraj” adlanırdı. Orada maraqlı bir giriş var idi: “Bu, psixodelik povestdir və Maxavişna, Corc Benson, El Cerrou orkestrinin musiqi motivləri əsasında yazılıb”. Mən sizin başqa hekayələriniz də oxumuşam. Onların hamısı bu və ya digər dərəcədə “musiqilidir”. Musiqiyə nə dərəcədə dərindən uymusuz və La Manqda yeni nə yazırsız?

- Bu, ədəbi psevdonimdir. Mən onu öz qurum - German Hessenin təsiri altında seçmişəm. “Stephan Wolf” imzası isə “Yalquzaq” sevimli romanın şəkli dəyişdirilmiş adıdır (Steppenwolf). Düzünü desəm, indi mən Mütləqlə yalnız musiqi vasitəsilə ünsiyyətdəyəm. İspaniyadakı bütün 4 illik həyatımda bircə bədii mətn belə yazmaq mənə müyəssər olmayıb. Siz axı özünüz də yaxşı bilirsiniz ki, yazıçı üçün ilham pərisi və hövsələ nə deməkdir. Hərgah, məndə ilham da var, hətta kifayət qədər material toplanıb, di gəl, emosional enerji yoxdur. Hər necə olmasa, həyatımın bu mərhələsində məndə musiqi dominantlıq edir.

WhatsApp-Image-2018-04-20-at-17.31.06.jpeg (201 KB)

Burada La Manqda mənim dostlarım - müxtəlif ölkələri və xalqları təmsil edən həmfikir musiqiçilər var. Musiqi bizi birləşdirir. Biz bu 7 notdan ibarət möcüzənin əsiriyik. Mən mübtəla olmağımızı yalnız bu cür eksperimentlərlə izah edə bilərəm. Bundan başqa, mən öz uşaqlıq dostum Salman Qəmbərovla daimi əlaqədəyəm. O, hətta keçən il mənə qonaq gəlmişdi. Onunla dünyanın arzuladığı bir ifaçı olaraq fəxr edirəm. O, dünya əhəmiyyətli, mükəmməl və avanqard musiqiçilərlə çalır.

“Azadlıq” radiosunda Mirzə Xəzər mənim qarşımda şərt qoydu”

Biz hələ də inersiya üzrə Bakını “caz şəhəri” adlandırırıq, elə deyilmi? Bu ad ona yapışıb, hərçənd belə bir iddianın reallıqla heç bir əlaqəsi yoxdur. Bu ənənəyə nə oldu, nədən Bakını belə bir mühüm, sivil komponentdən məhrum elədilər? Azərbaycanda gözəl, istedadlı, musiqidən fundamental şəkildə baş açan gənclik var. Biz dərin musiqi ənənələri olan ölkəyik. Çəkinmədən deyirəm: azərbaycanlılar musiqili xalqdır. Elə isə nə baş verdi? Bir dəfə necə oldusa burada Rusiyadan olan bir turistlə tanış oldum. Hardan olduğumu bilən kimi Vaqif Mustafazadəyə heyranlığını bildirdi. İspaniyada bir rusdan Vaqif haqda, Azərbaycan cazı haqda bunca xoş söz eşitmək çox gözlənilməz idi.

- Sizin bioqrafiyanızda mərhum şair Aydın Əfəndi ilə dostluq səhifələri də var. O kim idi?

- Aydın əsl, təmiz şair idi, qəlb adamı idi. Biz onunla 160 saylı məktəbdə oxumuşuq. O zaman mən də şeir yazırdım. Amma Aydın, əlbəttə ki, rəqabətdən kənarda idi. O illər məni o, yasaq edilmiş Kamyü ilə tanış elədi. Məhz Aydının sayəsində müasir Qərb fəlsəfəsindən anlamağa başladım. Onun poeziyası - başdan-ayağa güclü ehtirasdır. Onun əzabları, iztirabları idraka sığmır. Sanki o, fani dünyanın bütün ağırlığını öz üzərinə götürmüşdü. Aydının yaralı qəlbi o tərəf - bu tərəfə vurnuxur, dinclik tapa bilmirdi. O yazırdı:

“Pogt pogtu

çerez tıhi let

neset naivetşayşiy svoy zavet:

ne jivi slişkom pestro,

sotvori sebe ostrov,

ukrepisğ v odinoçestve".

(Təxmini tərcümə: “Şair şairə az illər sonra öz müdrik vəsiyyətini edir: çox təmtəraqlı yaşama, özünə ada yarat, tənhalıqda qal”).

Mənim başqa bir dostum - anadangəlmə rəssam Ucal Haqverdiyev də güclü ruha malik, emosiyalı adam idi. Ancaq onun da, Aydının da sonu faciəvi oldu. Onlar elə tez getdilər ki. Sanki tələsirdilər. Mən isə yaşayası oldum. Ağırdı bütün bunlar, ağla sığmır. Ancaq ola bilsin, mən müqəddəs “Yaqub yolu”nda bəzi suallara cavab tapdım. Bu il mən Santyaqo de-Kompostelə ziyarətə hazırlaşıram. Bu, məbədləri, qonaq evləri və finalda Atlantik okeanı ilə uzun bir yoldur.

- Bir skeptik (bədbin - red.) olaraq mənim üçün bu ziyarəti şərh eləmək qəlizdir. Ancaq bu “Yol”da sizə səmimi-qəlbdən uğur arzu edirəm. Təəssüratlarınızı bilmək üçün qayıdışınızı səbrsizliklə gözləyəcəyəm. Dünyəvi işlərə qayıdıb da sizdən Avropaya emiqrasiyanız haqda soruşmaq istərdim. Deyəsən, siz ilk dəfə Almaniyada 1992-ci ildə olmusunuz!

- Doğrudur, bu 92-ci il idi. Həmin il xəyalpərəst Əzimov dünyasını dəyişmişdi.  Təkcə Azərbaycan yox, bütün İttifaq alovlanmışdı. Axmaq bir dövr idi, baş verənlər psixikanı dağıdırdı. Ya özünü asmalı, ya da qaçmalı idin.

Münhendə olanda ilk işim iri şəhər xəstəxanalarından birinə getmək oldu - cibimdəki iki arqumentlə: ingiliscə sərbəst bilirəm və həkim diplomum var. Amma mənə çox tez anlatdılar ki, alman dilini öyrənmədən heç bir həkimlik işi məni gözləmir. Sanitar işindən başlamaq isə heç ürəyimcə deyildi. Odur ki, özüm üçün hesabladım, alman dilini öyrənmək üçün nə qədər vaxt lazım ola bilər və tez də anladım: “Azadlıq” radiosunun mənzil-qərargahında, ola bilsin mənim gəlməyimə daha şad olarlar.

Radioda əfsanə adamla - Mirzə Xəzərlə tanış oldum. O adamla ki, səsini xüsusən də yanvar hadisələri günlərində bütün Azərbaycan dinləyir, hər sözünü öz canına çəkirdi. Onunla uzun-uzadı söhbət elədik. Çox şeydən, o cümlədən işsizlikdən danışdıq. O, hər şeyi başa düşdü və mənə radio jurnalisti olmağı, hər gün “Azadlıq” radiosunun efirinə çıxmağı təklif elədi. Bu, inanılmaz idi.

“Azadlıq” radiosunun Azərbaycan xidmətində türklər işləyirdi. Münhendə 90-cı illərin əvvəllərində Mirzə Xəzər azərbaycanlıları hardan tapasıydı ki? Əlbəttə, ingilis dilini bilməyim, - buna görə Azərbaycanın görkəmli amerikanisti, əziz dostum və müəllimim Faiq Əhmədoviç Hacıyevə minnətdaram, - mənim muzdlu işlə bağlı şanslarımı xeyli artırırdı. İngiliscəm radioda ilk işçi dilim oldu. Ancaq Mirzə Xəzər mənim qarşımda şərt qoydu: ən qısa zamanda ədəbi Azərbaycan dilini öyrənmək. O, uzun müddət nazla oynayan adam deyildi. “Ədəbi dili mütləq öyrənin! Güc vurun, gecə-gündüz çalışın. Belədə diksiya, səs qaydasındadır. Di gəl, Ordubad ləhcəsi - hansı ki, azərbaycanca danışmağa cəhd edəndə sizdə nədənsə özünü göstərir, bax, onu boş verin, ona dəyməyin. Sadəcə, düzgün danışmağı öyrənin”,-deyirdi.

- O, sizdən ötrü şefdən daha çox müəllim idimi?

(Davamı olacaq)

Ələkbər ƏLİYEV,
yazıçı İsveçrə

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR