İnsanlara hürriyət, millətlərə istiqlal!

İslam Oyunlarından sonra dollar bahalaşacaqmı...

4804 23.05.2017 10:10 İqtisadiyyat A A

“Dollar-manat münasibətlərində birdən-birə kəskin hərəkətlərin olmasını da gözləmək olmaz, çünki...”

Azərbaycan valyuta bazarı nə qədər çalxalansa da, manat öz sabitliyini qorumaqda davam edir. Mərkəzi Bankın bu istiqamətdə atdığı addımlar iqtisaidyyatı iflic etsə də, hökumət dolların hazırki qiymətində qalmasında maraqlıdır. Səbəb kimi isə ölkəmizdə keçirilməkdə olan IV İslam Həmrəyliyi Oyunları göstərilir. Belə ki, hökumçət ölkəmizə gələn turistlərdən dolları ucuz almaq da maraqlıdır.
Son aylar cəmiyyətdə belə bir rəy var ki, bu idman oyunlarından sonra manatın məzənnəsi kəskin ucuzlaşa bilər. Çünki Mərkəzi Bank gec-tez dövriyyədəki manat kütləsini artırmağa məcbur olacaq.


Artıq İslam Oyunları başa çatdı. Bəs görəsən manat-dollar cəbhəsindəki durumu iqtisadçılar necə dəyərləndirirlər?


Bu sualı cavablandıran iqtisadçı ekspert Natiq Cəfərli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, manatın məzənnəsi ilə bağlı proqnozları təkcə İslam Oyunları ilə bağlamaq doğru deyil: “Çünki bu oyunlardan sonra Formula 1 yarışlarının başlaması da gözlənilir. Bu mənada dollar-manat münasibətlərində birdən-birə kəskin hərəkətlərin olmasını da gözləmək olmaz. Mərkəzi bank bunun manat kütləsini də kifayət qədər daraldıb. Birdən-birə manatın dövriyyəsini artırmaq və dolların məzənnəsini qaldırmaq daha ciddi fəsadlara gətirib çıxara bilər. Ancaq burada xarici faktorlar da rol oynayır. ABŞ-ın Federal Rezerv Sistemi iyun ayının 14-15-də növbəti toplantısını həyata keçirəcək. Ayın 15-də Bakı vaxtı ilə gecə saatlarında növbəti qərarını açıqlayacaq. 90 faiz ehtimalla FED faizləri artırmaqla bağlı qərar çıxaracaq. Bundan sonra da bizdə də dollarla bağlı ciddi hərəkətlilik gözləmək mümkündür”.


Ekspert avronun manat qarşısında bahalaşmasının da valyuta bazarı üçün ciddi hadisə olduğunu vurğuladı: “Daha bir maraqlı faktor ondan ibarətdir ki, Azərbaycanda nədənsə hamı dollarla maraqlanır, ancaq avro ilə maraqlanan yoxdur. Son 3 həftədə avro təqribən 10 qəpiyə yaxın bahalaşıb. Manatın digər bir dünya valyutası qarşısında ucuzlaşması artıq baş verib. Bunun ardınca, dünya dollarla gedən proseslərin də olması ehtimalı , Azərbaycanda Mərkəzi Bankın daha yumşaq monitor siyasət aparması , manat kütləsinin dövriyyəsini artırmaq cəhdi mütləqdir. Çünki onsuz da aşağı səviyyədə olan iqtisadi aktivlik daha da bərbad duruma düşə bilər. Hər ay iqtisadi aktivlik aşağı düşür, ümumdaxili məhsul 1,3 faiz azalıb. Bunun qarşısını almaq çün manat kütləsi artmalıdır. Bunun üçün də banklardan kreditləşmə genişlənməlidir, banklar iqtisadiyyata ciddi şəkildə yatırım qoymağa başlamalıdırlar. Bütün bunların fonunda deyə bilərik ki, gələn ayın sonuna yaxın, ümumiyyətlə ilin sonuna yaxın dolların manata olan nisbəti mərhələli şəkildə artan xətt üzrə gedəcək”.


N.Cəfərli Formula 1 yarışlarının bitməsindən etibarən ilin sonuna qədər dolların mərhələli şəkildə bahalaşaraq 1.92 məzənnəsinə geri dönəcəyini vurğuladı: “FED-in növbəti faiz artımı da sentyabr ayının sonuna təsadüf edəcək. Təqribən 20-25 sentyabr tarixləri arasında bu qurumun növbəti toplantısı olmalıdır. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, hazırda avro ilə bağlı ciddi proses gedir, avronun bahalaşmasını bir müşahidə edirik. Dollarda baş verən proseslər isə gələn ayın ortalarından başlayaraq ilin sonuna kimi addım-addım gedəcək. Ən azından bir şey dəqiqdir ki, Mərkəzi Bankın ən aşağı qırmızı xətti 1.70 -dir. Dolların bundan aşağı düşməsini istəmir, çünki bu AMB-nin özünə də sərf etmir. Büdcənin formalaşdırılması ilə bağlı problem yaşanır. Yuxarı hədd isə biz yanvar ayında gördük. Dollar manat qarşısında 1.92-ə qədər bahalaşdı. Ola bilər ki, proses addım-addım həmin mərhələyə yaxınlaşsın. Lakin kəskin addımların , bir gecəlik devalvasiyaların olacağını söyləmək yersizdir. Bunu heç kim gözləmir. Mən düşünmürəm ki, hazırda belə bir addıma ehtiyac var və Mərkəzi Bank belə bir addım ata bilər”.


Nərgiz LİFTİYEVA

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR