İnsanlara hürriyət, millətlərə istiqlal!

İşıq gələn tərəfə getməyin cəzası

1923 14.07.2018 09:10 Yazarlar A A

Azərbaycan xalqı Mingəçevir və Gəncə sınağından da uğurla çıxdı. Necə ki, bu xalq 90-cı ildə, sovet tanklarının üstünə yumruğunu düyünləyib getmişdi, 2016-cı ilin aprel döyüşlərindən sonra birliyini nümayiş etdirib döyüşə hazır əsgərə çevrilmişdi, bu dəfə də nə təxribatçılara uymadı, nə terrordan çəkindi, nə də dövlətinə asi çıxdı.

Diqqət edin, bir enerji blokunda baş verən müəmmalı qəzadan sonra nə qədər insan əzab-əziyyətlərlə üz-üzə qaldı. Hətta prezident hökumət üzvləri ilə keçirilən iclasda özü də vətəndaşın yanında dayanaraq, onun mövqeyindən çıxış edərək, sadə vətəndaşların əziyyət çəkdiyini məmurlara bir daha xatırlatdı. Amma bu əzab-əziyyətlər xalqı hövsələdən çıxartmadı, heç bir qüvvənin onu idarəolunmaz vəziyyətə gətirməyə gücü yetmədi. Çünki bu xalq “ellə gələn yas toy-bayramdır” deyimini də heç zaman unutmayıb.

Həm də axı ortada dövlət amili var. Azərbaycan xalqı bu dövlətin qurulması, bu bayrağın ucalması, imzamızın imzalar içərisində olması üçün nə qədər şəhid verib. İndi bu xalq elektrik enerjisinin kəsilməsinə görə küçəyə töküləsi, “qaranlıqda qara pişik axtarası” deyildi ki. Bir blokda baş verən qəzanı az sonra bərpa etmək olar, amma bir ölkənin çırağını bütün mənalarda söndürmək üçün çeşidli planlar quranları sevindirmək qəti şəkildə olmaz, bunu müdrik xalqımız gözəl anlayır!

Eləcə də Gəncədəki qanlı hadisələrdə nə Azərbaycan xalqı, nə Gəncənin qəhrəman insanları iştirak etmədilər. Araşdırmalardan görünür ki, baş verənlər Ermənistan xüsusi xidmət orqanlarına qədər uzanır. Deməli, burada olsa-olsa, xainlər ola bilər, onlarınsa nə dövlətimizə, nə də gözəl Gəncəmizə, keçmiş başkəndimizə qəti aidiyyəti yoxdur.

Qətlə yetirilən polis polkovniki İlqar Balakişiyevin son sözləri çox təsirlidir: “Gəncəlilər mənə əl qaldırmaz”. Bu, polisin öz vətəndaşına, rəhbərlik etdiyi insanlara etimadının sübutudur. Təəssüf ki, Gəncəyə və Azərbaycana dəxli olmayan birisi əliyalın polis zabitini xəncərlə qətlə yetirdi o anda. Tarix boyu o qədər belə xəyanətlərlə üzləşənlərimiz, kürəyindən və ürəyindən xəncərlənənlərimiz olub ki. Dövlətimizin kürəyinə və ürəyinə saplanan xəncərlərin də sayı-hesabı bilinmir. Elə Cavad xanı tikə-parça edənlərin xələfləridir indi yenə də bu qədim şəhərimizi qarışdırmaq istəyənlər. 

Məqsəd-məram birdir: Azərbaycanı sarsıtmaq, gözəl Vətənimizi növbəti dəfə piroq kimi dilimləmək, həzm-rabedən keçirmək. Niyəsini artıq əksəriyyət bilir. Azərbaycan “işıq gələn tərəfə” getmək istəyir. Elə buna görədir ki, onun işığını söndürürlər. Azərbaycan sivil dünyaya doğru yön alıb, odur ki, “din” pərdəsi altında cəhalət toxumu səpməyə, məzhəblərarası təfriqə salmağa, məmləkətimizi qana boyamağa çalışırlar. Təsəvvür edin, dini tolerantlıq mərkəzinə çevrilən ölkəmizdə din amilindən yararlanmaqla qan tökmək istəyirlər. Amma Azərbaycanı Suriyaya, Liviyaya çevirmək istəyənlərin ilk planı elə beşikdəcə boğuldu, təəssüf ki, iki polisimiz bu yolda şəhid oldu.

Amma dövlət başçısı bu yolda qurban gedən polislərimizə sahib çıxmaqla, onlara “Azərbaycan Bayrağı” ordeni ilə təltif etməklə bu dövlətin əmin əllərdə olduğunu, onu hədəfə almaq istəyənlərin cavabının veriləcəyini bir daha nümayiş etdirdi. Ölkə başçısı hüquq-mühafizə orqanlarının rəhbərləri ilə keçirdiyi toplantıda da kifayət qədər aydın dildə və qətiyyətlə Azərbaycana yol göstərmək, onun seçiminə mane olmaq istəyənlərə cavab verdi.

Ukrayna və Gürcüstan Avropa İttifaqı və NATO ilə əməkdaşlıq istiqamətində addımlar atarkən orada baş verənləri yada salın. Azərbaycanda baş verən qanlı hadisələr Avropa İttifaqı ilə sənədlərin paraflanması və prezidentin NATO səfəri ərəfəsində baş verdi. Bunlar sizə bir söz demirmi? Azərbaycan prezidenti Avropa İttifaqı ilə əməkdaşlıq üçün yeganə şərtini irəli sürmüşdü: Azərbaycanın ərazi bütövlüyünün müdafiə olunması. Qərbin ən iri təsisatları Qarabağı Azərbaycan torpağı olaraq tanıdığını bəyan elədi. Nədən bu qurumla əməkdaşlıq etməyək? Bu əməkdaşlıq isə dövlətimizi qaranlığa qərq etmək istəyənlərin marağında deyil. Əsr dəyişib, amma yenə də “atan kazaklardır”...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR