İnsanlara hürriyət, millətlərə istiqlal!

İsa Qəmbər: “ABŞ getmir, Azərbaycan hakimiyyəti onu ölkədən çıxarır”

5332 12.01.2015 08:39 Son xəbər A A


2015-ci ilə Paris terroru ilə start verildi. Azərbaycanda isə ötən ildən qalma və bu ilə keçən, ilin startı sayıla biləcək olaylar var. Söhbət Qərblə, xüsusən ABŞ-la Azərbaycan münasibətlərindəki gərginlikdən gedir. Azərbaycan hakimiyyəti vəziyyəti xeyli gərginləşdirib. Durum o yerə gəlib çatıb ki, bəzi dostlar zarafatla Birləşmiş Ştatların Azərbaycanda yalnız səfirliyinin qaldığını, qalan bütün hər şeyin bağlandığını deyir və yazırlar... 

Birdən-birə Azərbaycan hakimiyyətinin ABŞ kimi nəhəng dünya gücünə, anadolular demiş, qafa tutması ortaya çıxdı. Hər kəs heyrət içərisindədir ki, ABŞ gərəkən təpkini vermir. 
Bu mövzuları eks-spiker, MSDM-in rəhbəri İsa Qəmbərlə müzakirə etməyə qərar verdik. Müsavatın son qurultayından sonra mediaya geniş danışmayan İsa Qəmbər qəzetimizin “Bizim qonaq” rubrikasına ətraflı, həm də maraqlı açıqlamalar verdi. Onunla söhbətin 2-ci hissəsini təqdim edirik:

(əvvəli ötən sayda)

- Sizcə, bu, Azərbaycanın siyasi orientasiyasını dəyişməsidirmi - Qərb yönümündən, strateji müttəfiqliyindən Rusiyaya transferdirmi, yoxsa bu, Azərbaycanın gizli Rusiya, İran və başqa basqıdan sanksiyalı müdafiəsinə hesablanmış, rəsmi Vaşinqtonla, ya da tutaq ki, Pentaqonla razılaşdırılmış manevrlərdirmi; yoxsa baş verənlər Azərbaycan hökumətinin özünün bu mərhələdə ortaya qoyduğu siyasətdirmi? Azərbaycan hara gedir, yönünü, yerini dəyişirmi? Sizcə, Azərbaycan hakimiyyəti bu addımları atarkən hansı informasiyalardan çıxış edir?

- Önəmli mövzudur. Bilirsiniz, o qədər qəribə olaylar baş verir ki, təhlil edərkən çox diqqətli ifadələr seçməyə çalışıram. Azərbaycana sevgimi pafoslu ifadə eləməyə adət etməmişəm, amma  Azərbaycana kiçiltmə gətirən ifadələri də işlətmək istəmirəm. Rusiya kimi nəhəng bir dövlət ABŞ-la, Qərblə mübarizədə 6 ay ayaq üstə dayana bilmədisə, Azərbaycanın ABŞ-la rəqabətə girməsinin nə anlamı ola bilər? Deyirsiz ki, ABŞ olanlara əhəmiyyət vermir, dözümlü yanaşır. Amerika axı heç yerə tələsmir. ABŞ dövrün ən güclü dövlətidir. 

Bütün parametrlər üzrə ən üstün keyfiyyətlərə, rəqəmlərə, göstəricilərə malikdir. Pessimistlər 50-60 il deyirlər, ancaq ABŞ üçün dünya liderliyi dönəmi daha artıq görünür. Müstəqilliyimizin ilk dönəmlərində məşhur bir zarafat vardı. Deyirdilər ki, Moskva hansısa bir xalqı, ölkəni qorxutmaq istəyəndə deyir, siz bizim dediklərimizi qəbul etməsəniz, biz sizin ölkəyə gələcəyik. Vaşinqton isə hansısa bir ölkənin, xalqın davranışını bəyənməyəndə cəza yerinə deyir: siz bizim dediyimizi eləməsəz, biz sizin ölkədən çıxıb gedəcəyik. Təbii, ABŞ istəyir ki, Azərbaycanda "Azadlıq" Radiosu da fəaliyyət göstərsin, ABŞ-a, Qərbə bağlı müxtəlif fondlar da çalışsın. 

Ancaq guya bu qurumlar işləməyəndə Amerikaya nə olacaq? ABŞ bilir ki, müəyyən bir proses gedir. Fukuyamanın “tarixin sonu” tezisi gözəl bir metafora idi, amma həqiqətən proses bəlli istiqamətə gedir. İstənilən vaxtdan bu günə qədər tarixi dönəmi götürün, dünyada totalitarizmin, avtoritarizmin azalmasına, demokratiyanın genişlənməsinə şahid olacaqsız. ABŞ bilir ki, gec-tez bu dəyərlər dünyada yayılacaq, qəbul olunacaq. O baxımdan Amerika tələskən deyil. Amerikanın indi öz vətəndaşlarını işlə təmin etmək problemi yoxdur.  Burada ABŞ fondlarında çalışan insanlar vardı, onlar Azərbaycandakı iş yerlərini itirdilər, ancaq 100 ölkə var ki, həmin insanların gəlib orada işləməsini arzulayır.

Moskva hansısa bir xalqı, ölkəni qorxutmaq istəyəndə deyir, siz bizim dediklərimizi qəbul etməsəniz, biz sizin ölkəyə gələcəyik. Vaşinqton isə hansısa bir ölkənin, xalqın davranışını bəyənməyəndə deyir, siz bizim dediyimizi eləməsəz, biz sizin ölkədən çıxıb gedəcəyik” 


- O zaman ABŞ Azərbaycana cəza olaraqmı burdan gedir?

- ABŞ getmir, Azərbaycan hakimiyyəti onu ölkədən çıxarır. Amerika da deyir ki, yaxşı çıxıram, sonra? İran kimi bir dövlət gündən-günə kompromislərə doğru addım atır. Yadınıza gəlir, İranın Azərbaycanda bir səfiri vardı, deyirdi, İran boynuyoğun dövlətdir.

- Nəhavəndiyan...

- İndi həmin İran kompromislərə doğru addım atır, ABŞ-la, Avropa ilə anlaşıb ölkəsini sosial-iqtisadi böhrandan xilas eləməyə çalışır. Rusiyada artıq bütün ciddi təhlilçilər ya rejimin gedəcəyi, ya da Qərbin mövqeyini hər hansı ölçüdə qəbul edəcəyi ilə bağlı proqnozlar verirlər. İndiki dünyada Birləşmiş Ştatlarla qarşı-qarşıya gələ biləcək yeganə güc Çindir.

- Bir də Azərbaycan. Elə görünür...

- Çinlə Amerika Birləşmiş Ştatları bir-birinə o qədər bağlıdırlar, onların arasında yaxın 50 ildə hər hansı ciddi qarşıdurma olacağı gözlənilmir. “Bir də Azərbaycan” məsələsi ilə razı deyiləm. Yadınıza gəlir, Venesuelanın bir prezidenti vardı... Uqo Çaves. İki gündən bir Amerikanı təhqir edirdi, Vaşinqtona qarşı yuxarıdan aşağı danışırdı. Nə oldu onun axırı?

- Öldü...

- İndi isə Venesuelada durum bərbaddır. Dövlət rəhbərləri, dövlətin aparıcı şəxsləri kiməsə, hansısa dövlətə meydan oxumaqla daxildə güc göstərməyə çalışmamalıdır. İki məsələni vətəndaşlar mütləq bilməlidir. Birincisi, bu gün Çindən başqa heç bir dövlətin Birləşmiş Ştatlarla kəllələşmək gücü yoxdur. İkincisi də..
 
- İsa bəy, icazə verin opponentlik eləyim. Siz deyirsiz, Çindən başqası qafa tuta bilməz, ancaq Rusiya  bu gün Qərblə kəllə-kəlləyə gəlir.

- Rusiya əzilir...

- Avropa, Qərb də əzilir. ABŞ-ın bir problemi yoxdur. O bu prosesdə daha da gücləndi.

- Avropanın da elə bir problemi yoxdur.

- Mən AzTV-nin verdiklərini demirəm, elə Avropanın özünə istinadən deyirəm. Avropada da ciddi problemlər yaranıb - işsizlik artıb, inflyasiya, defilyasiya baş verib, problemlər getdikcə dərinləşir. Sanksiyalara görə insanlar biznes imkanlarını itirirlər. Rusiya böyük bazardır. Milyardlar dövriyyədən çıxıb. Avropa Rusiya boyda bazarı itirib. ABŞ Avropa ilə Rusiyanı toqquşdurdu, nəticədə özü gücləndi, valyutası möhkəmləndi. Bir də Azərbaycan gücləndi. (gülüş)

- İcazənizlə bayaqkı fikrimi tamamlayım. İkincisi, Amerika Birləşmiş Ştatları İkinci Dünya savaşından sonra bir çox dövlətləri məğlub etdi və tam nəzarətə götürdü. Xüsusən də Almaniya və Yaponiyanı. Bu gün bu iki dövlət dünyanın 4-5 ən güclü iqtisadiyyatına sahibdir. Eləcə də vətəndaşlarının azadlığı, xoşbəxtliyi baxımından lider dövlətlərdirlər. Xüsusən də Almaniya tam müstəqil siyasət aparır. 45-ci ildən 91-ci ilə qədər faktiki olaraq tam şəkildə, indi də qismən ABŞ qoşunlarının Almaniyada qalmasına baxmayaraq bu müstəqil siyasət davam edir. 

2003-cü ildə rəsmi Vaşinqton nə qədər tələb etdi, xahiş etdi, maraqlandırmağa çalışdı, Almaniya ilə Fransa İraq savaşına qatılmadılar. Yəni, ABŞ-la əməkdaşlıq müstəqilliyin məhdudlaşdırılması demək deyil, dəyərləri, oyun qaydalarını qəbul etmək, müəyyən normalara əməl etmək deməkdir. Həmin oyun qaydaları, normalar, prinsiplər nəzəri cəhətdən heç bir xalqın maraqlarına zidd deyil. Hansısa xalq, ölkə bu qaydaları qəbul etməyi öz prinsiplərinə zidd sayırsa, ABŞ prosesi zamana həvalə edir. Adi həqiqətləri cəmiyyətə çatdırmaq lazımdır. Dünyada anlaşılmaz bir antiamerikanizm var. Onun yeganə izaholunan səbəbi odur ki, ABŞ yeganə güclü, qüdrətli dövlətdir.

“- İndiki dünyada Birləşmiş Ştatlarla qarşı-qarşıya gələ biləcək yeganə güc Çindir... 

 - Bir də Azərbaycan ?”


- İsa bəy, prosesləri izlədikcə belə assosiasiya da yaranır ki, ABŞ “özününküləri” müdafiə etmir. "Azadlıq" Radiosunun, ABŞ-a bağlı digər qurumların qapadılması zamanı biz bunu gördük.

- Sizin sualınızla söhbətin ikinci bir müstəvisinə keçək. Birincidə onu izah eləməyə çalışdım ki, Amerika ilə kəllə-kəlləyə gəlmənin heç bir anlamı yoxdur. Almaniya və Fransanın timsalında göstərdim ki, ABŞ indi heç bir dövləti işğal etmək arzusunda deyil, onun trendi qoşunlarını Əfqanıstandan, İraqdan və başqa ölkələrdən çıxarmaqdır. Yuxarıda dediyim yarızarafat həqiqəti bir də yada salmaq istəyirəm: ABŞ harasa daxil olmaq yox, haradansa çıxmaq uğrunda mücadilə verir. Müasir tarix də göstərir ki, Amerika öz nəzarətində olan dövlətləri belə özündən asılı oyuncağa çevirmək niyyətində deyil. Bu həqiqətləri deyəndə mən də başa düşürəm ki, adam kənardan amerikapərəst kimi görünməyə başlayır. Bəs bu həqiqətləri insanlara kim deməlidir?

- Bunlar həqiqətdirmi?

- Həqiqət deyilsə, nədir? Yanlışı hardadır? Əks arqumentiniz varsa, deyin, diskussiya aparaq.

- Opponentlik etmək yox, məsələnin tam açılmasını istəyirik. Bir daha onun üzərinə qayıdıram ki, Amerika Əfqanıstandan, İraqdan qoşunlarını, Azərbaycandan da institutlarını çıxarır. Azərbaycanda sanki razılaşdırılmış şəkildə bütün təsisatlarının bağlanmasına razılıq verir, susur, göz yumur. Bəyanatlar var, amma gözlənilən təpki yoxdur. Birləşmiş Ştatların dünyadakı bu dərəcədə üstün bir vəziyyətində Azərbaycan hökuməti onunla sanki alay edir. Bu da insanlarda haqlı şübhə yaradır ki, Vaşinqtonla Bakı bu məsələni razılaşdırıblar, anlaşıblar, “oyun danışılıb”.  ABŞ niyə Azərbaycanı tərk edir? Rusiyayamı verib bu ərazini? Yoxsa manevrdirmi? Biz bunun açılmasını istəyirik.

- Heç biri deyil.

Dünyada anlaşılmaz bir antiamerikanizm var”


- Siz Amerika Birləşmiş Ştatlarının dəyərlərini dünyaya, Azərbaycana verdiyi faydaları ümumi şəkildə dediniz, amma biz istəyirik bu balaca ölkəmizdə Amerika ilə baş verən prosesi tam şəkildə açasınız. Çünki siz bu sahədə  məlumatlı adamsınız.

- Məndən qat-qat məlumatlı insanlar da var. Açığı bu, mənim diqqətimi xüsusilə çəkən bir mövzu deyil, çünki proses mənə aydındır. Əlinizdə böyük bir media quruluşu, savadlı jurnalistləriniz var, tapşırıq verin, dünya dövlətlərinin ABŞ-la münasibətlərinin təsnifatını aparıb sonra bir cədvəl düzəltsinlər, ya bir təhlil versinlər. Təxmini təsəvvürümə görə, dünyadakı 200-ə yaxın dövlətin yarısından çoxu ABŞ-la dost və müttəfiq olmaq istəyir.  Qalanların da yarısından çoxu istəyir ki, Amerikanın irəli sürdüyü iş prinsipləri ilə yaxşı münasibətlər qursun. 5-10 dövlət var ki, ABŞ-la düşmənçilik etmək istəyirlər. Bu da onların daxili səbəblərindən irəli gəlir. 

Yəni öz ölkəsini şəxsi nəzarətində saxlamaq, ölkəsində azad seçkilərə imkan verməmək, azad sözə imkan verməmək, bunu da guya Qərbin, Amerikanın basqısına cavab olaraq baş verən hadisələr kimi izah eləməyə cəhd göstərirlər. Azərbaycanın da o dövlətlər içərisində olması çox acınacaqlı bir haldır. Yenə deyirəm, Amerika getmir, Amerikanı ölkədən Azərbaycan hakimiyyəti çıxarır. ABŞ da buna çox sakit yanaşır. Birincisi, ona görə ki, Amerikanın çox ciddi qlobal problemləri var. Rusiya məsələsi, Yaxın Şərq problemləri, Uzaq Şərqdə həllini gözləyən işlər var. Hələ bu problemlərin içərisində Dağlıq Qarabağ da daxil olmaqla, postsovet məkanındakı bir çox münaqişələr də var. ABŞ-ın prioritetlərini sıralayanda Azərbaycan, Güney Qafqaz nə birinci üçlükdə, nə birinci beşlikdə deyil. Amma yeri gəlmişkən bir həqiqəti da yada salım, Qərb-ABŞ amili olmasa, Kreml təhlükəsi qarşısında  Azərbaycan və digər yeni müstəqil dövlətlərin öz istiqlal haqqını qoruması həddindən artıq çətin olardı. 

- Burada İran amilinin təsiri nə qədərdir? İran ABŞ-ı daha öncələrdə olduğundan daha az maraqlandırdığı üçün Azərbaycanın önəmi azala bilərmi?

- Təbii... İranla Birləşmiş Ştatlar arasında durum normallaşdıqca Amerikanın Güney Qafqaza ehtiyacı azalmağa başlayacaq. Həm plazdarm kimi, həm geosiyasi bölgə kimi, həm enerji qaynağı kim, həm də İslam aləmində faktor kimi. Onsuz da ABŞ-ın bu mənalarda Azərbaycana ehtiyacı həddən artıq çox deyildi, bundan sonra daha da azalacaq.

- Sizcə, bu antiamerikanizm ritorikası haraya qədər gedəcək?

- Bu sualı hakimiyyət nümayəndələrindən soruşsanız daha dəqiq cavab ala bilərsiniz. Mən düşünürəm ki, proses Cənubi Qafqaz ABŞ-ın ilk 3-5 prioriteti içərisinə daxil olana qədər davam edə bilər. Deyirsiz ki, ABŞ Azərbaycandan getdiyinə görə, imkanları məhdudlaşır. Təbii, məhdudlaşır. Amma  ABŞ-ın, Qərbin zaman baxımından problemləri yoxdur. Onlar öz dövlətlərini qurublar, öz xalqlarının inkişafını təmin ediblər, öz vətəndaşlarının xoşbəxtliklərini bugünkü ən yaxşı standartlara yüksəldə biliblər, indi də yavaş-yavaş öz dəyərlərinin təsir dairəsini genişləndirirlər. Dünyada hər bir şey böyüməlidir. Böyümürsə, kiçilir. Dünyada hər bir dövlət, hər bir qurum, hər bir ideologiya öz təsir dairəsini artırmağa çalışır. O baxımdan Rusiyanın avtoritarizmi yaymağa cəhd göstərməsi də aydındır, Qərbin demokratiyanı yaymağa cəhd göstərməsi də.

ABŞ-la əməkdaşlıq müstəqilliyin məhdudlaşdırılması demək deyil, dəyərləri, oyun qaydalarını qəbul etmək, müəyyən normalara əməl etmək deməkdir”


- Sizcə, 2015-də kimin təşəbbüsü üstün olacaq?

- Maraqlı sualdır. 2015-də proses hələ  bitməyəcək. İndiki mərhələdə biz həmin prosesin bitməsindən çox, başlamasını təmin etməyə çalışmalıyıq. 2015-ci ildə Azərbaycanda demokratikləşmə prosesinin başlanması ehtimalı 2014-cü ildən çoxdur. Hətta bu, 2013-cü ildəkindən də çoxdur.

- Bu, nə şəkildə olacaq?

- Böhran dərinləşib. Bölgədə və dünyada böhran dərinləşdikcə münasibətlər kəskinləşib. Hər bir böhran isə, dəfələrlə dediyimiz kimi, həm ciddi risklər, həm də ciddi imkanlar, yeni fürsətlər deməkdir. Bu baxımdan bu gün dünyada gedən proseslər istər Rusiyanın Ukraynaya hərbi təcavüz etməsi ilə, istər Krımı ilhaq etməsi ilə başlayan beynəlxalq münasibətlər sisteminin çökməsi, istərsə də neftin qiymətinin fantastik dərəcədə düşməsi ilə bağlı dünya iqtisadiyyatında baş verən və baş verəcək dəyişikliklər bir sıra təsirlər göstərir və hələ bundan sonra da göstərəcək. Azərbaycanın dövlət başçısı da yaxın zamanlara qədər çox rahatlıqla bəyan edirdi ki, dünyada neftin qiymətinin düşməsini Azərbaycan vətəndaşı hiss eləməyəcək. Mən bu çıxış yayılanda dedim ki, demək, artıq hiss edilməyə başladı. İlin ilk günlərindən də hər kəs bunu hiss etməyə başlayıb. Çünki hiss olunmaması mümkün deyil.

- Maşınlara gömrük rüsumu artdı, bank hesablarına vergi tətbiq olundu, mülkiyyət vergiləri artırıldı, digər tədbirlərin də olacağı çox gözləniləndir. Necə düşünürsünüz, bu tədbirlər manatın möhkəmliyini qoruya biləcəkmi?

(ardı var)














Qələmə aldı Aygün MURADXANLI

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR