İnsanlara hürriyət, millətlərə istiqlal!

İrfan Sapmaz:"Türkiyə artıq diktə ilə idarə olunan ölkə deyil"

2758 25.09.2018 16:47 Son xəbər A A

CNN TÜRK-ün xəbər koordinatoru, ünlü qəzetçi İrfan Sapmazın Musavat.com-a müsahibəsi:

- İrfan bəy, Türkiyənin gündəmi Ərdoğanın Amerika Birləşmiş Ştatlarına səfərinə köklənib. Əsas gözləntilər hansı məsələlərlə bağlıdır?

- Bu gün Türkiyənin uluslararası müstəvidə çözməli olduğu bir sıra məsələlər var. Bu səbəbdən prezident Ərdoğanın ABŞ səfəri, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasındakı çıxışı bir sıra məsələlə aydınlıq gətirəcək. Bəllidir ki, keşiş Bransonun Türkiyədə həbs edilməsinə görə ABŞ-Türkiyə münasibətləri yetərincə gərginləşib. Artıq bu gərginliyi ekspertlər "Branson böhranı" kimi dəyərləndirirlər. Çox təəssüf, hələlik bu böhranı aradan qaldırmaq mümkün olmayıb. ABŞ prezidenti Donald Tramp dəfələrlə Türkiyəyə Bransonun həbsdən azad edilməsi üçün çağırışlar etsə də, nəticəsi olmayıb. Prezident Rəcəb Tayyib Ərdoğan Trampın bu məsələ ilə bağlı çağırışlarına, əmr tonunda tvitlərinə "bura banan respublikası deyil, Türkiyədə hüquq alidir, ölkəni qanunlar idarə edir" cavabı verib. Ancaq bu məsələ bir şəkildə çözülməlidir. Oktyabrın 12-də Bransonun işi üzrə növbəti məhkəmə prosesi keçiriləcək. Ehtimal var ki, həmin məhkəmə prosesində keşiş haqqında həbs tədbiri dəyişdiriləcək. Keşiş Branson 2 ildən artıqdır həbsdədir. Məhkəmə ona 2,2-5 il həbs cəzası kəsərsə, istintaq müddəti nəzərə alınaraq o, məhkəmə zalından azadlığa buraxıla bilər. Prezident Rəcəb Tayyib Ərdoğanın bugünkü çıxışı da bu baxımdan önəmlidir. Sözsüz, siyasi gündəmin digər məsələləri də var ki, prezident Ərdoğan çıxışında bu məsələlərə də öz baxışını açıqlayacaq.

- ABŞ-Türkiyə münasibətlərində gərginləşmə lirənin dəfələrlə ucuzlaşmasına səbəb olub. Ərdoğanın BMT Baş Assambleyasındakı çıxışında yumşalma meylləri hiss edilsə, bu Türkiyə istisadiyyatında müsbət tendensiya yarada bilərmi?

- Mümkündür. Bu gün dollar bir qədər ucuzlaşıb. 1 dollar 6,8-6,9 lirəyə bərabər olub. İndi ABŞ Mərkəzi Bankının açıqlamalarını gözləyirik - faizlər yüksələ bilər. Türkiyədə 1 dollar 6 lirədən aşağı düşərsə, bu, ölkə üçün psixoloji açılım olacaq. Bu günlərdə birjalar da yüksəlmələr görülməkdədir. Türkiyə son bir neçə ayı ciddi iqtisadi sıxıntı içərisində keçirib. Bu dalğada qiymətlər inanılmaz dərtəcədə yüksəlib. Ümid edirik ki, siyasətdə yumşalmalar olarsa, bu, ən qısa zamanda iqtisadiyyata da təsirini göstərəcək.

- Türkiyə-ABŞ ilişkilərində gərginlik olduğunu söylədiniz. Türkiyə-Rusiya münasibətlərinin bugünkü durumunu necə dəyərləndirirsiniz?

- Prezident Ərdoğanın ABŞ səfəri Rusiya-Türkiyə münasibətləri üçün də önəmlidir. Bəllidir ki, ABŞ Türkiyənin Rusiya istehsalı S4 raketlərini almasını istəmir. Digər tərəfdən, NATO-dan Türkiyəyə dəstək var – Şimali Atlantika Bloku bildirir ki, Türkiyə bağımsız dövlətdir və istədiyi ölkədən raket ala bilər. ABŞ isə Ankaranın Moskva ilə istənilən sahədə yaxınlaşmasından əndişələnir. Türkiyə bu iki supergüc arasında balansı qorumağa çalışır. Hələlik, ABŞ-la Türkiyə arasında münasibətlər məsafəlidir. Prezidentlərin görüşləri də planlaşdırılmayıb. Bu gün ABŞ-a yola düşməzdən öncə mediaya açıqlama verən prezident Ərdoğan bildirdi ki, Ağ Ev görüş təklif versə, dəyərləndirə bilərik. Öncələrdə Türkiyə prezidentləri, ya da baş nazirləri Ağ Evdən gələ biləcək görüş təkliflərini əmrə müntəzir şəkildə gözləyirdilər. İndi isə durum dəyişib. Türkiyə prezidenti açıq deyir ki, bizim Trampa görüş təklifimiz yoxdur, əgər ondan belə bir təklif alsaq, dəyərləndirə bilərik. Bu, Türkiyənin artıq diktə altında qalmayan güclü bir ölkə olmasının da göstəricisidir. Ancaq başarılı siyasət yalnız güclü görünməklə deyil, eyni zamanda balansın saxlanması ilə yürüdülə bilər. Bir müddət öncə baş tutan Tehran zirvəsi də onu deməyə əsas verir ki, yaxınlarda bölgədə yeni hərəkətliliklər ola bilər.

- Rusiya dövlət başçısı Vladimir Putin Bakıdadır. Bu səfəri Türkiyə üçün nələr vəd edir?

- Prezident Putinin Azərbaycan səfərini Ankara ciddi şəkildə izləyir. Rusiya-Türkiyə ilişgilərinin Azərbaycana birbaşa təsiri olduğu kimi, Rusiya-Azərbaycan münasibətlərinin də Rusiya-Türkiyə münasibətlərinə təsiri var. Çünki ortada Türkiyə üçün də çox önəmli Qarabağ məsələsi var. Türkiyə bu məsələdə Azərbaycanla eyni mövqedədir. Ermənistanın yeni yönətimi, xüsusən prezident Paşinyan çox cəsur davranmış kimi görünür, ABŞ və Rusiya arasında ikili oyun oynamağa çalışır. Ancaq onun bu cəhdlərinin uğurlu olacağı ciddi sual altındadır. Ermənistanın durumu bəllidir. Qarabağı işğal etsə də, ölkə iqtisadiyyatı dış dünyadan çox asılıdır. Rusiya Ermənistanı Batıya güzəştə getmək istəmir. Bu anlamda prezident Putinin İrəvan səfəri də maraq doğurur. Hər iki səfərlər nəticələrini ciddi incələmək gərəkdir. Dəqiq olan odur ki, Türkiyə, prezident Ərdoğan Azərbaycanla ilişkilərə çox önəm verir. Bu dəfə də seçkidən sonra prezidentin ilk rəsmi səfəri Azərbaycana oldu. Ölkələrimiz, liderlərimiz arasındakı münasibətlər göstərir ki, Azərbaycan Türkiyə üçün vazkeçilməz ölkədir. Qardaşlıqdan başqa, hər bir Türkiyə vətəndaşı Azərbaycanı öz ölkəsi, öz dövləti sayır. Eynən Azərbaycan vətəndaşlarının Türkiyəni öz vətənləri, dövlətləri saydığı kimi.

- Güney Qafqazın digər ölkəsi Gürcüstanda oktyabrın 28-də prezident seçkisi gözlənilir. Siz Türkiyə-Gürcüstan münasibətlərinin perspektivlərini necə görürsünüz?

- Təbii, Ankara qonşu Gürcüstandakı siyasi prosesləri ciddi şəkildə izləyir və bundan sonra da münasibətlərin mehriban qonşuluq səviyyəsində qalmasını və yüksəlməsini arzulayır. Gürcüstan Türkiyə üçün önəmli ölkədir. Bir sıra sahələrdə illərdir uğurlu işbirliyi qurulub - Bakı-Tiflis-Ceyhan enerji xətti, Bakı-Tiflis-Qars dəmir yolu ölkələrimizi bir-birinə bağlayır. Bu gün siyasi münasibətlər o qədər də aktiv müstəvidə olmasa da Ankara Tiflislə münasibətlərin hər zaman yüksək səviyyədə olmasına diqqət edir. Azərbaycan Ermənistan arasında savaş durumu olduğu üçün ölkələrimizin quru yolu ilə bağlantısı Gürcüstan üzərindəndir. Bu mənada perspektivdə də iki ölkənin sağlam müstəvidə əməkdaşlıq edəcəyinə əminəm.

Aygün Muradxanlı

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR