İnsanlara hürriyət, millətlərə istiqlal!

İran və Səudiyyə Ərəbistanı arasında söz dueli müharibəyə çevrilə bilərmi?

1880 20.04.2018 19:40 Gündəm A A

Regionun iki əzəli rəqibləri illərdir mandat savaşı aparırlar

İran və Səudiyyə Ərəbistanı arasında qarşılıqlı ittihamlar davam edir. Səudiyyə Ərəbistanı vəliəhd-şahzadəsi Məhəmməd bin Salmanın İranla müharibə haqda açıqlamaları Tehranda sərt etiraz doğurub. İran Ordusunun baş komandanının müşaviri polkovnik Rza Xürrəm-Tusi deyib ki, hərbi qarşıdurma yaranarsa Səudiyyə İran qarşısında 48 saatdan çox müqavimət göstərə bilməz.

İranın hərbi gücü barədə danışan müşavir deyib ki, İran ABŞ qarşısında yaxşı vəziyyətdədir. Sitat: “Bizim strategiyamız Amerika ilə qarşılaşmaqdır, region dövlətləri ilə deyil.”

Картинки по запросу polkovnik Rza Xürrəm-Tusi

Xatırladaq ki, ABŞ-da səfərdə olan Səudiyyə Ərəbistanı vəliəhd-şahzadəsi Məhəmməd bin Salman Amerika mətbuatına verdiyi müsahibədə İranı “şər üçbucağı”nın bir üzvü adlandırıb. Eyni zamanda o, vəziyyətin dəyişməyəcəyi təqdirdə 10-15 il ərzində İranla hərbi qarşıdurmanın labüd olacağını bildirmişdi. Həmçinin ali dini lideri Hitlerə bənzətmişdi.

İran və Səudiyyə Ərəbistanı arasında münasibətlərdəki soyuqluğun tarixi İslam inqilabının başladığı dövrə gedir. İlk dəfə islam inqilabının İranda uğurla nəticələnməsi Yaxın Şərqdə bütün monarxiyalar üçün qorxulu yuxuya çevrilmişdi. Bir tərəfdən İran şahının Səudiyyə Ərəbistanı ilə yaxın, hətta müttəfiq münasibətlərinin olması faktı, digər tərəfdən isə İslam inqilabının qələbə qazanması müsəlman aləmindəki bütün islamçı hərəkatları təlatümə gətirib. Ancaq iki ölkə arasında münasibətlərin “soyuqluq” mərhələsindən “qarşıdurma” mərhələsinə keçməsi “ərəb baharı” ilə baş verdi. Suriyada faktiki olaraq iki ölkə savaşan tərəflərdə yer aldı. 2014-cü ilin sentyabrında Yəməndə İranın dəstəklədiyi husilərin hakimiyyəti ələ keçirməsi ər-Riyad və Tehranın “arasını açdı”. Səudiyyə Ərəbistanı husiləri özünə qarşı birbaşa təhdid hesab edirdi və buna görə də Yəməndə hakimiyyəti husilərdən almaq üçün bu ölkəyə qarşı 2015-ci ilin martın 26-da hərbi əməliyyat başlatdı. 2015-ci ilin həcc ziyarəti zamanı əlaqədar qurumların səhlənkarlığı (İran tərəfi bunu qəsd adlandırırdı – K.R.) nəticəsində baş verən izdiham nəticəsində rəsmi məlumata əsasən 769, ancaq Qərb mediasının məlumatına görə, 2411 nəfər həlak olub, yüzlərlə insan yaralanıb. Ölən zəvvarların çoxu iranlılar olub və rəsmi Tehran 4700 zəvvarın öldüyünü açıqlayıb və buna görə ər-Riyadı ittiham edib. İki ölkə arasında qarşılıqlı ittihamlara səbəb olan bu hadisə nəticədə İran vətəndaşlarının Həcc səfərinin dayandırılması ilə nəticələnib.

Картинки по запросу İran və Səudiyyə Ərəbistanı arasında həcc

Hər iki ölkə regionda baş verənlərə görə bir-birini ittiham edir. Son illərdə ABŞ-dan və Avropa ölkələrindən böyük məbləğdə ən son model silah və texnika alan Səudiyyə Ərəbistanı regionda yeni güc mərkəzi kimi çıxış etməyə çalışır. Üstəlik regionun əvvəlki iddialı dövlətləri artıq xeyli zəifləyib və Suriya. İraq kimi dövlətlər isə ümumiyyətlə, xəritədən silinmək təhlükəsi qarşısındadır.

Belə bir vəziyyət, xüsusən də İraqın işğalından sonrakı proseslər Səudiyyə kimi böyük neft pullarına sahiblik edən ölkə üçün əlverişli şərait yaratdı. “Ərəb baharı”nın terror və radikal islam şüarlı müharibələrə çevrilməsi bu prosesi daha da sürətləndirdi.

Necə deyərlər, bütün sahələrdə “uclar”, yəni radikal fikirlər dominantlıq təşkil etməyə başladı.

İndi isə faktiki olaraq qarşı-qarşıya dayanan iki cəbhəni İran və Səudiyyə Ərəbistanı təşkil edir. İranın regiondakı müqavimət qruplarına, İsrailə qarşı savaşan islamçı hərəkatlara dəstək verməsinə qarşı Səudiyyə Ərəbistanı İsraillə yaxınlaşır və regionda İran əleyhinə müsəlman cəbhəsinin mərkəzində yer alır. Təbii ki, bu prosesdə İsrail və ABŞ, eləcə də Avropa dövlətləri də ər-Riyadı dəstəkləyir. Səudiyyə Ərəbistanı vəliəhd-şahzadəsi İrana qarşı cəbhəni təmsil etməklə əslində bir mənada anti-İran cəbhəsinin avanqardına çevrilmək xəttini tutub. Çünki İran həm də ABŞ və İsrailin əsas regional rəqibidir. Bu səbəbdən də qarşı-qarşıya güclərin birini təmsil etmək ər-Riyad üçün əlverişlidir. Bu səbəbdən də gənc şahzadə tez-tez İranı hədəfə alır. Halbuki hazırda Yəməndə faktiki olaraq husilərlə səudlar arasında savaş davam edir, məntiqlə Məhəmməd bin Salmanın ilkin hədəfi məhz Yəmən husiləri olmalıydı.

Картинки по запросу Yəməndə husilərlə səudlar arasında savaş

Yeri gəlmişkən. Ötən ilin noyabrında Livan baş naziri Saad Həriri gözlənilmədən Səudiyyə Ərəbistanına səfər edib və burada bəyan edib ki, baş nazirlikdən gedir. Həmin vaxt yaranmış böhranı Fransanın səyi nəticəsində həll olundu. Prezident Makron ər-Riyada gedərək Həririni Parisə apardı, daha sonra isə Beyruta qaytardı. O zaman iddia edilirdi ki, Məhəmməd bin Salman Hərini istefaya məcbur etməklə Livanda siyasi böhrana səbəb olmaq istəyir. Daha sonra isə İrana yaxın Hizbullaha qarşı əməliyyat başlamalı idi.

Ancaq bu plan alınmadı.

İran və Səudiyyə Ərəbistanının qarşı-qarşıya gəlib savaşması gözlənilməsə də, iki dövlət arasında Suriyada, Yəməndə, qismən İraqda mandat savaşı illərdir davam edir. Yəqin ki, bundan sonra da davam edəcək. Bəlkə də onlara elə bu cür davam etməsi lazımdır.

Kənan Rövşənoğlu,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR