İnsanlara hürriyət, millətlərə istiqlal!

İran-Azərbaycan əlaqələri ciddi sınaqdan keçir – politoloq

1188 10.12.2018 08:05 Siyasət A A

Ekspert: “Azərbaycan hökuməti ABŞ-la münasibətləri nəzərə alaraq, bir çox planları təxirə salmağı düşünür”

Bu il noyabrın 5-dən etibarən ABŞ-ın İrana qarşı sanksiyalarının ikinci paketi qüvvəyə minib. Həmin sanksiyalar İranın enerji, maliyyə-bank və gəmi-hava daşımaları kimi iqtisadiyyatın strateji sahələrinə şamil olunub.

Sanksiyalar siyahısına 300-ü yeni olmaqla 700-dən çox hüquqi və fiziki şəxsin adı salınıb. Vaşinqton bəyan edib ki, sanksiyalar vasitəsilə İranın neft ixracını sıfıra endirəcəklər. Bununla belə, ABŞ 8 ölkə - Çin, Hindistan, Türkiyə, Cənubi Koreya, Yaponiya, Tayvan, İtaliya və Yunanıstana sanksiyalardan müvəqqəti güzəşt edərək 6 ay ərzində onların İrandan neft idxal etmələrinə icazə verib. Bir şərtlə ki, həmin dövlətlər İran neftinin idxalını tədricən azaldacaqlar. Lakin hələ bəzi istisnalar var ki, sanksiyalardan kənarda qalıb.

Sanksiyalar İranın xarici dövlətlərlə ticarət əlaqələrinə də təsirsiz ötüşməyib. Bəs Azərbaycanla olan əlaqələr hansı səviyyədə qalıb?

“Yeni Müsavat”a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, İranla bağlı Azərbaycanın sanksiyalardan öncə planları çox olub: “Söhbət dərman, gübrə zavodunun açılması, ”Şimal-Cənub" nəqliyyat dəhlizi ilə bağlı planlar mövcud idi və danışıqlar gedirdi. Gübrə zavodu ilə bağlı ilkin anlaşma var idi ki, Azərbaycanda bununla bağlı problemlər var və ölkə ərazisində aqrar sektora xidmət etmək üçün də bir zavodun açılması lazımdır. Görünən odur ki, Azərbaycan hökuməti Amerika ilə münasibətlərin korlana biləcəyindən ehtiyat edərək, bir çox planları təxirə salmağı düşünür. Heç də təsadüfü deyil ki, bu yaxınlardan İran rəsmiləri Azərbaycanda səfərdə olmuşdular və müxtəlif istiqamətlər üzrə danışıqların davam etdirilməsi ilə bağlı müəyyən addımlar atıldı. Lakin konkret olaraq nəticə yoxdur. Düşünmürəm ki, Azərbaycan hökuməti Amerika ilə əlaqələri sual altına qoyub İranla hansısa sanksiyaların altına düşə biləcək addımlar atsın. Sərhədyani ticarətlə bağlı da hələ ki böyük problemlər olmasa da, Azərbaycan tərəfindən ümumi qaydaların dəyişdirilməsinə görə İrandan gətirilən məhsulların həcmində də azalmalar müşahidə olunur və bu, davam edəcək. Lakin hesab edirəm ki, bu məsələ təkcə sanksiyalarla bağlı deyil. Belə ki, Azərbaycanda daxili bazarın qorunmasının sərtləşdirilməsi yönündə atılan addımlar var. Yaxın gələcəkdə Amerika-İran danışıqları baş tutmasa və müəyyən yumşalma olmasa, Azərbaycan tərəfi böyük layihələrin hamısını təxirə salma və ya uzatma yolunda addımlar atacaq. Yeganə məsələ Neftçaladakı avtomobil zavodu ilə bağlıdır. Hələ ki sanksiyaların tətbiqindən öncə gətirilmiş, böyük həcmli detallar vardı. Hansı ki, bu detalların böyük əksəriyyəti hazır halda gətirilib və Neftçalada ancaq yığımla məşğul olurdular. Bunlarla bağlı konkret qərar qəbul olunmayıb.  Düşünürəm ki, yığılan avtomobillərin satışında da problem olduğu üçün nəzərdə tutulmuş həcmlərə çatılmayıb. Bu günə qədər orada yığılan maşınların böyük əksəriyyətini dövlət alıb. Gələn ilin əvvəllərinə qədər həmin zavodun işləməsi üçün detallar mövcuddur. Fevral ayında isə bununla bağlı Azərbaycanda müəyyən qərarlar qəbul oluna bilər. Çünki Amerikanın avtomobil sənayesinə yönəlmiş də sanksiyaları var. Ola bilər ki, Neftçaladakı zavodun da işləməsi müəyyən müddətə təxirə düşsün".

Natiq Cəfərli ile ilgili görsel sonucu

Cəfərli İrandakı vəziyyət barəsində də fikir bildirib: “İranda hələ də sosial- iqtisadi vəziyyətlə bağlı problemlər davam edir. Yeri gəlmişkən, İran realının qiymətdən düşməsi sürətlənib. Eyni zamanda əhalinin iqtisadi vəziyyətdən doğan narazılıqlarının artması prosesi də gedir. Zaman-zaman hətta etirazlar da olur. Bu yaxınlarda İran parlamentində nadir görünən hadisə də baş verdi - 17 deputat istefa verdi. Onlar hökumətin sosial-iqtisadi siyasətinə etiraz edib, sosial layihələrin təxirə salınması ilə bağlı qərarına etiraz etdilər. Səhv etmirəmsə, İranda ilk dəfə idi ki, bu cür toplu şəkildə deputat istefa verirdi. Bu, vəziyyətin mürəkkəb olduğunu göstərir. Lakin bir məsələ də var ki, bunu Qərb dövlətləri, o cümlədən Amerika sonuna qədər hesablaya bilmir. Belə ki, İran kimi toplumlarda, yəni Şərq toplumlarında xarici aqressiya qarşısına vətəndaşların daha da sıx birləşməsi amili var. Üstəlik, bu amil ciddi rol oynayır. Qərb dünyasının İrana qarşı çox ciddi aqressiv münasibəti, daxildə əhalini hökumətin, yaxud da həmin rejimin ətrafında birləşməsinə sövq edir. Müvəqqəti olaraq bir effekt yaranıb. Yəqin ki, Qərb düşünür ki, bir müddət sonra bu effekt qalmayacaq və sosial problemlər üstünlük təşkil edəcək. Hələ ki Amerikanın sanksiyalar yolu ilə müxtəlif nəticələr əldə etmək hədəfi tam tutmayıb. İrana qarşı aqressiya artdıqca, əhalinin bir qismi hökumətin arxasında durmağa çalışır. Bunu isə Qərb dövlətləri hesablaya bilmir”.

Əli RAİS,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR