İnsanlara hürriyət, millətlərə istiqlal!

İqtisadiyyatın Strateji Yol Xəritəsi: yolun harasındayıq?

2231 15.04.2017 08:25 İqtisadiyyat A A

Ekspertə görə, atılan addımlar iqtisadiyyatda müəyyən irəliləyişlərə səbəb olub, amma...

Ötən ilin sonunda prezident İlham Əliyev 12 istiqamət üzrə Strateji Yol Xəritəsi imzaladı. “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında" sərəncamda bu xəritələrin istiqamətləri müəyyən edildi. 

Prezident sərəncamı ilə milli iqtisadiyyat perspektivi üzrə, neft və qaz sənayesinin (kimya məhsulları daxil olmaqla) inkişafına dair, kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair, kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair, ağır sənaye və maşınqayırmanın inkişafına dair, ixtisaslaşmış turizm sənayesinin inkişafına dair, logistika və ticarətin inkişafına dair, uyğun qiymətə mənzil təminatının inkişafına dair, peşə təhsili və təliminin inkişafına dair, maliyyə xidmətlərinin inkişafına dair, telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair, kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritələri təsdiqlənib və müvafiq orqanlara tapşırıqlar verilib.
Bu yol xəritələrinin icrasına başlansa da, ciddi bir fəaliyyət nəzərə çarpmır. Əksinə Mərkəzi Bankın yaratdığı pul qıtlığı nəticəsində iqtisadi aktivlik daha da zəifləyib.


Bəs görəsən, hökuməti bu strateji yol xəritələrinin icrasına başlayıbmı? Hazırda bu yolun harasındayıq?


“Yeni Müsavat”ın suallarını cavablandıran iqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, yol xəritəsinin istiqamətləri doğru təsbit olundu, lakin bu sahələrin birgə koordinasiyalı şəkildə inkişafının bir ümumi mənzərəsi yaradılmadı: “Ayrı-ayrı sahələrdə müxtəlif addımlar atılır. Bəzən bu addımlar effekt vermədikdə dəyişdirilir. Atılan addımların digər sahələrə təsirlərinin ölçülməsi mexanizmi yoxdur. Məsələn, kənd təsərrüfatı prioritet sahələrdən biridir. Bu sahədə müəyyən addımlar atılır. Pambıqçılıq əsas sahələrdən biri kimi elan olunub. Ancaq bu sahədə atılan addımların digər sahələrə necə təsir edəcəyi ilə bağlı bir araşdırma ortaya qoyulmayıb. Rayonlarda əkin yerlərinin, otlaq sahələrinin ləğv edilərək yerində pambıq əkilməsi ilə yem bahalaşdı, bununla paralel olaraq ətin də qiyməti qalxdı. Hər hansı addımın atılması üçün prioritetlər doğru seçilə bilər, kağız üzərində sözlər yazıla bilər, ancaq bütün bunlar həyata keçirilərkən onun digər sahələrə təsirinin ölçülməsi mexanizmləri olmalıdır”.


İqtisadçının sözlərinə görə, dünya təcrübəsində də görmək olar ki, yol xəritəsinin əsas mahiyyəti onun baş tutacağı zaman kəsiminin göstərilməsidir: “Hər bir işin icrası ilə bağlı zaman kəsimi göstərilməlidir. Birinci problemlərin təsbit edilməsi dövrü olmalıdır, daha sonra ilk 100 gündə görüləcək işlər, daha sonra 200 gündə görüləcək işlər və sair qeyd olunmalıdır. Tədbirlər planının aylar üzrə bölgüsü aparılmalı idi. Çox təəssüf ki, belə olmadı. Çünki istiqamətlər doğru təsbit olunsa da, atılan addımlar bir sahədə müəyyən irəliləyişə səbəb olsa da, başqa bir sahədə zəifləməyə səbəb oldu. Bu baxımdan yol xəritəsinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş bir koordinasiya mərkəzi, beyin mərkəzi olmalıdır. Hər həftə bu mərkəzdə gələn məlumatlar ciddi şəkildə araşdırılmalıdır. Belə olmasa, ayrı-ayrı sahələrdə atılan addımlar ümumi mənzərədə ciddi dəyişikliyə səbəb olmaz”.


N.Cəfərli qeyd etdi ki, iqtisadi islahatlar idarəetmə və hüquq islahatları ilə paralel aparılmalıdır: “Yol xəritəsində ən əsas problem o idi ki, iqtisadiyyatda atılan addımlarla paralel olaraq idarəçilikdə atılan addımlar təsdiqini tapmadı. Çünki iqtisadiyyat idarəetmə ilə sıx bağlı olan bir sahədir. İdarəetmədə hər hansı problemlər varsa, onu həll olunmadan iqtisadi islahatlar keçirmək effekt vermir. Paralel olaraq idarəetmədə dəyişiklik olmalıdır. Hüquq-mühafizə orqanlarında və məhkəmə sistemində dəyişiklik olmalıdır. Bu çox vacibdir. İqtisadi uğura imza atmış ölkələrin təcrübəsinə baxanda görürük ki, bu 3 xəttə həmişə paralel olub. Cari islahatlar idarəetmə islahatları və məhkəmə islahatları ilə paralel aparılıb. Cənubi Koreya misalında da, Sinqapur misalında da, Asiya ölkələrinin misalında da biz bunu görürük. Bu ölkələrin hamısında idarəetmə, hüquq və iqtisadi islahatlar paralel aparılıb. Yol xəritəsində nəzərdə tutulan bu 12 istiqamətin bir-biri ilə qarşılıqlı əlaqəsi, təsiri təsbit olunmayıb”.


Nərgiz LİFTİYEVA

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR