İnsanlara hürriyət, millətlərə istiqlal!

İqtisadiyyatı böhrana sürükləyən bank sektoru – çıxış yolu varmı? 

2838 10.04.2017 01:37 İqtisadiyyat A A

Qubad badoğlu: “Bu,- yanlış iqtisadi siyasətin, yalnız neft amili əsasında qurulmuş makroqitsadi sistemin fəsadlarını göstərir...”

“Bank fəaliyyətini sağlamlaşdırmadan iqtisadiyyatın inkişafına nail olmaq mümkün deyil”. Bunu baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - İcra katibi Əli Əhmədov bildirib.


O qeyd edib ki, insanları narahat edən yüksək kredit faizləri ilə bağlı Azərbaycan hökumətinin ciddi çalışmaları var. Onun fikrincə, prezidenti İlham Əliyevin hökumətin iclasında bildirdiyi kimi bank sektorunda olan yarıtmaz hallar ölkə iqtisadiyyatına böyük zərbə vurub: “Bu, reallıqdır. Prezidentin təşəbbüsü ilə hazırda bank sektorunda sağlamlaşdırılma istiqamətində ciddi addımlar atılır. Təbii ki, bunların arasında kreditlərlə bağlı problemlər də həllini tapmalıdır. Banklar iqtisadiyyatın inkişafının damar sistemidir. Bank fəaliyyətini sağlamlaşdırmadan iqtisadiyyatın inkişafına nail olmaq mümkün deyil. Az faizli kreditlər olmadan sahibkarlığın inkişafına da dəstək vermək mümkün deyil. Bütün bunlar hamısı hökuməti ciddi şəkildə düşündürür. Obyektiv çətinliklər var, bununla bağlı ən düzgün qiyməti cənab prezident verib. Bu istiqamətdə çox ciddi addımlar atılır və güman edirəm ki, yaxın zamanlarda maliyyə-kredit sahəsində ciddi sağlamlaşdırmanı həyata keçirə biləcəyik”.

Əli Əhmədovun səsləndirdiyi bu fikirləri dəyərləndirən iqtisadçı ekspert Qubad İbadoğlu bildirdi ki, bank sistemi Azərbaycanda formalaşmış olan yanlış iqtisadi siyasətin, yalnız neft amili əsasında qurulmuş makroqitsadi sistemin fəsadlarını göstərir: “İqtisadi böhran zamanı ilk növbədə bank sisteminin problemləri ortaya çıxdı. Çünki bu sektor iqtisadiyyatda ən zəif nöqtə idi. Bankların əksəriyyəti əsasən “parnik” banklar idi. Bu banklar əsasən dövlət sifarişi əsasında həyata keçilən iri bank köçürmələrindən və kredit qoyuluşlarından qazanırdılar. Banklar səhv kredit siyasəti yürüdürdülər. Bank sektorunun idarə edilməsində problemlər var idi. Ona görə də ilk növbədə bank sistemində bu problemlər ortaya çıxdı. Çünki bu sektor iqtisadiyyatın qan-damar sistemidir. Hər hansı bir orqanda yaşanan problem də qan-damar sistemində özünü göstərir. Bu iqtisadiyyatın qan-damar sistemi olan bank sektoru da digərləri ilə müqayisədə öz problemlərini daha qabarıq şəkildə üzə çıxartdı. Lakin iqtisadiyyata zərbə vuran təkcə bank sistemi deyil. İnhisarçılıq, dövlət idarəçiliyində kök salmış korrupsiya iqtisadiyyat üçün ən böyük problemləri yaradan səbəblər kimi xarakterizə olunur. Bank sektorunda baş verən nasazlıq iqtisadiyyatın digər sahələrinə təsir edəcək. Düşünürəm ki, bank sektorundakı bu problemlər davam edəcək və bu sektorlarda da problem yaradacaq”.


Qeyd edək ki, "Moody`s Investors Service" beynəlxalq reytinq agentliyi də bu il Azərbaycanda fəaliyyət göstərən bankların sayının azalmasını proqnozlaşdırır. Agentliyin kiçik vitse-prezidenti Mariya Malyukova açıqlamasında bildirib ki, bu il Azərbaycanın bank sektorunda “təmizləmə” davam edəcək: "Hesab edirəm ki, bank sektorunda “təmizləmə”, yəni bankların sayının azalması prosesi bu il də davam edəcək”. Onun sözlərinə görə, banklar indiyədək manatın devalvasiyasının neqativ təsirləri ilə mübarizə aparmaqdadırlar.


“Təbii ki, hazırda bankların əsas məqsədi problemli kreditlərlə mübarizə aparmaqdır. Başqa sözlə, əsas hədəf kreditlərin restrukturizasiyası və qaytarılması, o cümlədən risklərin minimallaşdırılmasıdır. Banklar qarşısında duran əsas çağırışlardan biri də problemli kreditlərin həcminin artması fonunda mənfəətin azalması, kreditləşmənin azalması və faiz dərəcələrinin artmasıdır. Kredit itkiləri və valyuta riskləri səbəbindən kapitallaşma aşağı səviyyədə olaraq qalır”, - deyə M.Malyukova qeyd edib.


“O qədər də asan olmayan iqtisadi şəraiti və bank sektorunda qalmaqda olan riskləri nəzərə alaraq deyə bilərəm ki, bu il üçün Azərbaycanın bank sektoru üzrə proqnozumuz neqativ olaraq qalır”, - deyə o əlavə edib.

 

Nərgiz LİFTİYEVA

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR