İnsanlara hürriyət, millətlərə istiqlal!

ZİYA MƏMMƏDOV AVTOYUMA MƏNTƏQƏLƏRİNƏ DƏ ƏL QOYUR

7374 03.07.2012 09:36 İqtisadiyyat A A
Nərimanov rayonunda avtoyuma məntəqələrinin birində çalışan Nahid (ad şərtidir, müsahib adının çəkilməsini istəmir-E.B) yaxşı pul qazandığını deyir: “Müştəri sarıdan korluq çəkmirik. Hər gün kifayət qədər müştərimiz olur. Bu qədər maşın olan ölkədə müştəri qıtlığı olmaz ki. Sadəcə işimiz çox ağırdır. Gərək belə işdə iki nəfər işçi olsun və növbə ilə işləsinlər. Başqa iş tapa bilmədiyimdən maşın yuyuram. Bu ölkədə maşınları da kimsə yumalıdır, ya yox? Maaşımız biraz da yüksək olsa daha yaxşı olar. Sürücülər sağ olsunlar ki, əlavə köməklik edirlər, pul verirlər. Burada maşının çölünü yuyurlar. Ancaq elə sürücülər var ki, maşının içini də təmizlətdirir və pulumu verir. Belə olanda daha çox qazanıram”.
Nahid deyir ki, maşınların markasından asılı olmayaraq qiymətlər eynidir: “Bir maşını 20 dəqiqəyə yuyuram və 5 manat alıram. Hərdən də müştərilər artıq pul verir”.
Yaxınlıqdakı başqa bir avtoyuma məntəqəsində çalışan işçi isə deyir ki, Nəqliyyat Departamentinin əməkdaşları onları rahat işləməyə qoymur: “Gəlib deyirlər ki, ”moyka" açanda bizdən icazə alınmalıdır. Hələ üstəlik də dövlət rüsumu ödənilməlidir. Bir də görürsən nazirliyin işçiləri gəlib burada maşınlarını pulsuz yudurdurlar, üstəlik utanmadan “çay pulu verə bilərsiz?” deyirlər. Belə də iş olar? Mən də bu “moyka”nı açmışam ki, çörəkpulu qazanım. Bu yeri kirayə götürmüşəm. Hər ayın əvvəli yer haqqı verirəm. Həmçinin, burada maşın təmir etmirəm ki, nazirliyə də müraciət edəm. Burada maşın yuyuruq. Məgər biri evində maşınını yuyanda nazirlikdən icazə almalıdır? Belə də qanun olar? Bunlar hamısı pul yığmaq üçün bir bəhanədir".
Maraqlıdır ki, Nəqliyyat Nazirliyi də belə obyektlərə nəzarət olduğunu bildirir: “Nəqliyyat Nazirliyi avtomobil nəqliyyatının infrastruktur obyektlərinin, o cümlədən avtovağzalların (avtostansiyaların), dayanacaq məntəqələrinin, avtomobil duracaqlarının, terminalların və digər qurğuların, habelə avtonəqliyyat vasitələrinə təminatlı texniki xidmət göstərən texniki-təmir stansiyalarının, yanacaqdoldurma məntəqələrinin yerləşdirilməsinə, yaxud yenidən qurulmasına rəyin verilməsi səlahiyyətinə malikdir. Avtoyuma məntəqəsinin açılması üçün Nəqliyyat Nazirliyindən rəyin alınması vacibdir. Bunun üçün ilk olaraq fiziki şəxs quruma rəsmi ərizə ilə müraciət etməlidir. Ərizəyə həmin şəxsin şəxsiyyətini təsdiq edən sənədin notariat qaydasında təsdiq olunmuş surəti, həmçinin ərizədə qeyd olunan obyektə ərizəçinin mülkiyyət və ya digər əşya hüququnu təsdiq edən sənədin notariat qaydasında təsdiq olunmuş surəti, habelə olduğu təqdirdə müvafiq dövlət orqanları ilə razılaşmalarının surətləri və obyekt üzrə digər zəruri texniki (eskizlər, sxemlər, çertyojlar) sənədlər əlavə olunmalıdır. Ərizə nazirliyə daxil olduqdan sonra qeydə alınır, baxılır, təqdim edilən sənədlərdə çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda, qeydə alındığı gündən başlayaraq 30 gündən gec olmayaraq rəy verilməsi haqqında qərar qəbul edilir”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR