İnsanlara hürriyət, millətlərə istiqlal!

Vüqar Bayramov: “Manatın məzənnəsi birbaşa bank sektorunun vəziyyətindən asılı olacaq” (FOTOLAR - VİDEO)

11077 30.10.2016 18:54 İqtisadiyyat A A

“Vətəndaşın pulu batırsa, buna görə heç kim cavab vermirsə, bu doğru deyil. Bank rəhbərlərinin məsuliyyəti artırılmalıdır”

Bu sözləri Musavat.com-a müsahibəsində İqtisadçı Vüqar Bayramov deyib.

Həmin müsahibəni sizlərə təqdim edirik:

-Vüqar bəy, ötən ili neftin ən ucuz qiyməti ilə başladıq və indi nisbətən bahalaşma hiss olunur. Gələn il üçün neftin qiyməti ilə bağlı proqnozlarınız necədir?

-Neftin dünya bazarında qiymətinə nəzər salsaq, hazırki dövrdə artımlar olsa belə bütövlükdə bu artımlar neft ölkələrini qane edəcək səviyyədə deyil. Nəzərə alsaq ki, son dövrlə qara qızılın qiymətində 15 faiz artım olub. Əslində OPEK ölkələri 55 dollarlıq qiymətə ümid edirdilər. İlin əvvəlində 55 dollar daha əlçatan qiymət idi. Artıq neftin dünya bazarındakı qiyməti 50 dollardan yüksək olduğu bir vaxtda neft ölkələrinin də prioritetləri dəyişib. Səudiyyə Ərəbistanın da tədiyyə balansında  kifayət qədər ciddi kəsir var. OPEK, həmçinin Səudiyyə Ərəbistanı ümid edir  ki, neftin qiyməti ən azı OPEK ölkələri üçün 70 dollara qədər yüksəlməsi daha qənaətbəxşdir. İndiki məqamda təbii ki, qısa zamanda neftin qiymətinin kəskin artacağı gözlənilmir. 

-Səbəb nədir?

-Əvvəla, OPEK daxilində neft hasilatının tənzimlənməsi və optimallaşdırılması ilə bağlı vahid mövqe yoxdur. OPEK ölkələri Səudiyyə Ərəbistanının təşəbbüsü ilə hasilatın dondurulması barədə qərar qəbul etdi. Bir neçə gündən sonra OPEK yenidən toplanacaq, eləcə də qeyri-OPEK ölkələri həmin görüşə dəvətlidir. İraq hasilatın donrulması ilə bağlı qərar səs verməyəcəyini bildirib, bu ölkə hasilatı azaltmaqda maraqlı deyil.  Sentyabr ayının yekunları bəllidir və sentyabr ayında İraq da daxil olmaqla bir sıra OPEK ölkələri hasilatı artırıb. İraq gündəlik 4,8 milyon barel neft hasil edir və hasilatı davam etdirməkdə maraqlıdır. Çünki İraq üçün neft gəlirləri əsas gəlir mənbəyidir. Digər tərəfdən hasilatın dondurulması baş verərsə, İraq bu durumda neftin qiymətinin kəskin artacağına əmin deyil. Digər OPEK ölkələri də əmin deyillər. 

İranın mövqeyi də dəyişməzdir. İran hasilatı sanksiyalardan əvvəlki dövrə qədər artırmaq,  daha sonra OPEK-in hasilatın dondurulması ilə bağlı qərarına dəstək vermək niyyətindədir. Bu isə o deməkdir ki, İran növbəti dövrdə gündəlik olaraq hasilatı 500 min barel artırmalıdır. Rusiya OPEK-dən kənar ən çox neft hasil edən ölkədir. Təxminən gündəlik 12 milyon barel neft hasil edir. Rusiyanın mövqeyi ondan ibarətdir ki, bu ölkə heç bir halda hasilatın azaldılmasına səs verməyəcək. Ancaq hasilatın 2016-cı ilin əvvəlindəki səviyyədə dondurulmasına razılıq verə bilər. 


-Hasilatın dondurulması neftin dünya bazarında qiymətinin artmasına səbəb ola bilərmi?

-Hasilatın dondurulması əslində  bazara mesaj baxımından vacibdir. Bu neftin dünya bazarındakı qiymətinin stabilləşməsinə gətirib çıxara bilər. Amma hasilatın dondurulması neftin qiymətinin stabilləşməsinə səbəb olsa belə, digər qorxu  şist neft və ya şeyl oyl-dur. Şist neft  və ya şeyl oyl qiymətləri tənzimləyən, qiymətlərə təsir edən əsas faktorlardan biridir. Biz qlobal maliyyə böhranından  sonra, neftin dünya bazarındakı qiymətinin aşağı düşdüyü dövrədək,  2008-2014-cü illərdə dünya bazarında hasilatın dəyişməsinə diqqət yetisək, qeyri-OPEK ölkələri hasilatı 7, 8 milyon barel artırıblar, amma OPEK həmin dövrdə hasilatı cəmi 700  min barel artırıb. Kifayət qədər böyük fərq var və görünür ki, qeyri-OPEK ölkələri hasilatı daha çox artırıb. Çünki ABŞ və Kanada şist neft istehsal etməklə dünya bazarına çıxdı və son illərdə dünya bazarında neftin qiyməti aşağı düşənədək ABŞ , bütövlükdə Şimali Amerika orta hesabla şist neft istehsalını il ərzində gündəlik 1 milyon barel artıra bildi. Nəticədə dünya bazarında neft bolluğu yarandı  və bu da qiymətlərə təsir göstərdi. Qiymətlərin müəyyən səviyyəyə çatması şist neft  hasil edən quyuların rentabelli olmasına gətirib çıxaracaq. Bu ilin aprel ayında mənim OPEK-in baş katibi ilə görüşüm oldu, orada da müzakirə etdiyimiz məsələlərdən biri də qiymətlərin necə tənzimlənməsi ilə bağlı oldu. 

“Neftin qiyməti  60 dollardan yüksək olarsa, yenidən hasilat artacaq və qiymətlərin ucuzlaşmasına gətirib çıxaracaq”


-Sizcə, OPEK neftin qiymətinin hansı həddə qədər bahalaşmasında maraqlıdır?

- OPEK 55-60 dollarlıq qiymətə ümid edir və onu məqbul hesab edir. Çünki 55 dollardan sonra ABŞ və Kanada da şist neft istehsal edən quyular rentabelli olur və 60 dollardan sonra isə artıq onların bütün quyuları rentabellidir. Bu isə o deməkdir ki, neft 60 dollardan yüksək olduğu halda yenidən ənənəvi olmayan neft istehsalı artacaqvə sonda dünya bazarında daha çox neftin daxil olmasına, nəticə etibarilə neftin qiymətinin aşağı düşməsinə gətirib çıxaracaq. O baxımdan OPEK-in qərarı önəmlidir, çünki OPEK dünya bazarına hasilatın 40 faizini verir.



-Hasilatın azaldılması ilə bağlı razılaşma ola bilərmi?

-Bu məsələdə OPEK-də qeyri-müəyyənlik var. Hasilatın azaldılması heç bir halda gündəmdə deyil. Bunu Səudiyyə Ərəbistanı da dəstəkləmir. Yalnız hasilatın dondurulması gündəmdir, lakin buna da münasibət birmənalı deyil. Əgər OPEK hasilatın dondurulması ilə bağlı qərar qəbul edərsə, bu təbii ki, nəticədə qiymətlərin stabilləşməsinə gətirib çıxara bilər. Bütün hallarda neft ölkələri kəskin baha olan neft qiymətlərinə deyil, neftin hesabına inkişaf edən kənar sektorlardan əldə edilən gəlirə ümid etməlidir. 

-Vüqar bəy, hazırda cəmiyyətdəki ən böyük sual manatla bağlıdır. Manat növbəti il hansı həddə qədər ucuzlaşa bilər? Milli valyuta qısa bir müddətdə möhkəmləndi, ancaq indi yenidən dəyər itirir, bu hansı həddə qədər davam edəcək?

-Xatırlayırsınızsa, manatın məzənnəsi möhkəmlənməyə başlayan zaman mən bildirmişdim ki, bu 3 həftə və ya 1 ay çəkəcək. Mənə müraciət edənlərə də bildirirdim ki, manatın məzənnəsinin möhkəmlənməsi sonradan dolların manata nisbətən möhkəmlənməsi ilə əvəz olunacaq. Eyni zamanda, mən “Bloomberg” agentliyinə müsahibəmdə də demişdim ki, bu müvəqqətidir, təxminən 3 həftədən sonra yenidən manatın ucuzlaşması qeydə alınacaq. Çox təəssüf ki, bu baş verdi. 

-Nə üçün baş verdi? Manatın ucuzlaşmasına hansı amillər səbəb oldu? Bazarın tələbi belə idi, yoxsa inzibati qaydada müəyyənləşdirildi? 

-Birinci səbəb odur ki, manatın möhkəmlənməsini təmin edəcək iqtisadi faktorlar yoxdur. Bir tərəfdən manatın məzənnəsini  Mərkəzi Bank inzibati yolla müəyyənləşdirilməyə çalışır.  Lakin əvvəlki kimi tam inzibati deyil, üzən məzənnə siyasəti olsa da tənzimlənən üzən məzənnə siyasətidir, liberal üzən məzənnə siyasəti deyil.  İnzibati tənzimlənmə siyasəti  olan zaman Mərkəzi Bank birbaşa məzənnəni müəyyənləşdirirdi və həmin məzənnəyə uyğun olaraq bazar məzənnəsi müəyyənləşdirilirdi. İndi Mərkəzi Bank  yenə də aktivdir və buna uyğun olaraq bazara təsiri var. Həmçinin kommerisiya banklarının dollar sifarişinin də bazara təsiri var. Bu o deməkdir ki, Mərkəzi Bank bazarda əsas oyunçudur, ancaq yeganə oyunçu deyil. Bazar , yəni komersiya bankları da məzənnəyə təsir göstərir. Mərkəzi Bankın manatın məzənnəsi ilə bağlı yanaşması ondan ibarətdir ki, manat bazasının azaldılması nəticə etibarilə dollara tələbin azalmasına gətirib çıxara bilər. 

“Neft ölkələri kəskin baha olan neft qiymətlərinə deyil, neftin hesabına inkişaf edən  kənar sektorlardan əldə edilən gəlirə ümid etməlidir”


-Bu yol manatın məzənnəsinin qorunması üçün nə dərəcədə effektlidir?

-Ancaq bu qısamüddətli dövr üçün effektlidir və artıq həmin qısa müddət başa çatıb. Mən ötən ilin sonunda da hazırladığım təkliflər paketində qeyd etmişdim ki, Mərkəzi Bank məzənnəyə qısamüddətli deyil, daha çox strateji mövqedən yanaşmalıdır. Nə qədər ki, qısamüddətli dövr üçün prioritetlər müəyyənləşdirilir, o qədər də manat bir müddət dəyər itirəcək, sonra qısa müddət möhkəmlənəcək, sonra yenidən dəyər itirəcək. Praktiki olaraq, manatın bazar dəyəri müəyyənləşdirilməyəcək. Ona görə də, strateji olaraq manatın bazar dəyərinin möhkəmləndirilməsinə çalışmaq  lazımdır. Dollara tələb yüksəkdir və bu səbəbdən manatın məzənnəsi aşağı düşüb. İlin sonuna doğru da dollara tələb artacaq, çünki ilin sonunda ölkəyə daha çox mal idxal olunur. Bu da valyutaya təlbə deməkdir. İlin sonunda istər bankların, istər şirkətlərin, istərsə də dövlətin xarici borc öhdəlikləri həyata keçirilir.  Həmçinin ilin sonunda xaricə gedənlərin sayında artımlar müşhidə olunur. Bütün bunlar dollara tələb deməkdir.Yığım vasitəsi  olaraq da vətəndaşlar dollara üstünlük verirlər. Diqqət etdinizsə, əvvəlki aylarda dolların möhkəmlənməsi hər 100 manata görə, 30-40 qəpik civarında idisə, indi birdən-birə 80 qəpik oldu. Gün ərzində bəzən manat hər yüz dollara görə, 1 manat dəyər itirir. Bunu şərtlərindən faktorlar var. Dünya bazarında neftin qiymətinin aşağı olması, dollara tələbin yüksək olması, idxalın artması və ixracın hiss edilən dərəcə artmaması da manatın zəifləməsinə təsir göstərir. 



-Bank sektorundakı durum manatın məzənnəsinin formalaşmasında necə rol oynayır?

-Təbii ki, kommersiya banklarının vəziyyəti də birbaşa manata təsir göstərir. 10 bank müflis olub və bu 10 banka görə Əmanətlərin Sığortalanması Fondu əmanətlərin qaytarılması üçün 650 milyon manat vəsait ödəyib. Yalnız sonuncu müflis olan “Bank Standard”a görə 350 milyon manatdan artıq vəsait ödənilib. Həmin vəsaitlərin bir qismi dollarladır və Fond həmin dollarları alıb ödəyir. Çünki Fondun dollarları yoxdur. Digər qismi isə manatladır. Dollarla qaytarılan əmanətlər manatdan konvertasiya olunaraq verilir, manatla verilənlər isə demək olar ki, ən azı 90 faiz (bizim sorğular bunu göstərir) kompensasiya ödənildikdən sonra vəsait dollara çevrilir. Deməli, 350 milyon dollar artıq bazara daxil olub. Bu da ona gətirib çıxarır ki, dollara tələb artır. Kompensasiyanın ödənilməsi davam edir və onu alan vətəndaşların da investisiya imkanları məhdud olduğu üçün dollar almağa üstünlük verirlər. Bizim keçirdiyimiz sorğuda əmanətlərini alan vətəndaşların heç biri daşınmaz əmlak  və ya torpaq aldığını bildirmədi. Vəsaiti kiçik olanlar qızıl almağa üstünlük verirlər. Amma heç bir vətəndaş vəsaitlərini əmlak bazarına vəsait yönətmir. Deməli,  bu vəsaitlər dollarlaşır, onun bir qismi banka gedir, bir qismi isə evlərdə saxlanılır. Ona görə də, manatın məzənnəsi birbaşa bank sektorunun hansı səviyyədə sağlam olmasından asılı olacaq. Uzunmüddətli dövr üçün manatın məzənnəsinin strateji olaraq müəyyənləşdirilməsinə ehtiyac var. Mən məhələli şəkildə liberal üzən məzənnə siyasətinə keçidi məqsədəuyğun hesab edirəm. Bu gün Mərkəzi bankın cəmi 4 milyardı var və bazarda manevr imkanları məhduddur. Neft Fondundan transferlər də azalıb. İlin sonuna doğru manatn məzənnəsində kəskin azalma istisna edilmir. Bu məsələdə FED-in uçot dərəcələrinin artırılması ilə bağlı qərarı da çox önəmlidir, psixoloji təsirləri var.

“Bank müflis ola bilirsə, vətəndaş da müflis ola bilməlidir”


-Dollarla olan kredit problemləri də gündəmdədir. Sizcə, bununla bağlı hökumət hansı qərar verəcək?

-Mən dollarla olan kreditlərə güzəştlərin edilməsinin tərəfdarıyam və bununla bağlı təkliflərim də var. Bu həm vətəndaşların sosial vəziyyətinin yaxşılaşması, həm də bank sektorunun özü üçün vacibdir. Problemli kreditlər nəticədə bank sektorunun likvitliyini azaldır. Bu gün borcu olan vətəndaşların sayı 2,5 milyon nəfərdən artıqdır və demək olar ki, hər ailədə banka borcu olan şəxs var. Bu sahədə güzəştlərin edilməsi bütün ailələri əhatə edəcək. Mən həmçinin, bir neçə ay öncə ABŞ-da olduğu kimi, Azərbaycanda da problemli aktivlərin sağlamlaşdırılmasını və icra edilməsini  təklif etmişəm. Palatanın son açıqlamasında da vahid yanaşmanın tətbiq ediləcəyi bildirildi. Güman edirəm ki, söhbət mənim təklif etdiyim sağlamlaşdırma prosesindən gedir. 

-Əmanətlərin qaytarılması prosesini necə qiymətləndirirsiniz?

-Burada ən böyük problem sığortalanmayan əmanətlərlə bağlıdır. Məsələn, “Bank Standard”dakı əmanətlərin heç də hamısı sığortalanmamışdı, digər banklarda da qorunmayan əmanətlər var. Əmanətlərin Sığortalanması Fondu qorunan bütün əmanətləri qaytarır. Ancaq dövlətin zəmanət vermədiyi əmanətlərin qaytarılmasına problem var. Burada vətəndaşın da yanlış qərar verməsi faktı var. Amma bank vətəndaşın pulunu alıb xərcləyibsə, buna görə cavab verməlidir. Qanunvericilikdə bank rəhbərləri  üçün məsuliyyət müəyyənləşməlidir. Vətəndaşın pulu batırsa, buna görə heç kim cavab vermirsə, bu doğru deyil. Digər tərəfdən, bank müflis ola bilirsə, vətəndaş da müflis ola bilməlidir. Fiziki şəxslərin müflis elan olunması haqqında qanunun qəbul olunmasına ehtiyac var. Mən bir il öncə bu qanunu təklif etmişəm və məndə olan məlumatlara görə hazırda bu istiqamətdə iş gedir. Vətəndaşa da müflis olmaq və borcu ödəyə bilməmək hüququ verilməlidir. Necə ki, bu Rusiyada, eləcə də bir sıra inkişaf etməkdə olan ölkələrdə tətbiq edilir. 

Nərgiz LİFTİYEVA 
Fotolar və video Məğrur Mərdindir
Musavat.com


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR