İnsanlara hürriyət, millətlərə istiqlal!

Vergi müfəttişlərinin hegemonluğuna son qoyula bilər, əgər...

1425 09.08.2016 00:07 İqtisadiyyat A A
İqtisadçı ekspert ölkə başçısının son sərəncamlarını şərh edir 

Prezident İlham Əliyev avqustun 4-də “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında sərəncam imzalayıb. İqtisadçılar hesab edirlər ki, bu sərəncam Azərbaycan iqtisadiyyatında müsbət yeniliklərə səbəb olacaq. 

Lakin başqa bir məqam da ondan ibarətdir ki, Azərbaycanda dəfələrlə sərəncamlar imzalanıb, bu istiqamət üzrə sadələşdirilmiş yeni qaydalar tətbiq olunsa da bəzi vergi müfəttişləri özbaşınalıqlarına son vermirlər. Heç kimə sirr deyil ki, yerli valyutanın getdikcə dəyər itirməsi, ölkənin iqtisadi durumunun aşağı düşməsi xüsusilə də kiçik sahibkarların vəziyyətlərini pisləşdirir. Belə  bir məqamda vergi müfəttişlərinin  sahibkarları incitməsi isə əlavə problemlərə yol açır.

Bəs bu sərəncamdan sonra vergi sahəsində bu kimi özbaşınalıqlara son qoyulacaqmı?

Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan  İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Qubad İbadoğlu bildirib ki, sərəncamdan irəli gələn tədbirlərdən biri də patent vergi sisteminin tətbiqidir: “Hansı ki, bizim mərkəz bununla bağlı təxminən 2 il öncə hökumətə rəsmi olaraq təklif vermişdi. Əvvəla, təqdir edirik ki, bu vergi sistemi tətbiq olunmağa başlayacaq. Yəni bizim təklifimiz reallaşır. Əgər patent vergi sisteminin tətbiqinə başlanarsa, bu halda sahibkarlarla vergi müfəttişləri arasındakı xoşagəlməz münasibətlər demək olar ki, patent müddəti dövründə müşahidə olunmamalıdır. Çünki qaydaya görə, uçota  ehtiyac olmur. Bunun üçün kassa aparatı da lazım deyil. Bu baxımdan da son nəticədə uçot və kassa  aparatı olmadığı üçün vergi nəzarətinə də ehtiyac yoxdur. Bütün bunlara görə hesab edirəm ki, bu sistem tətbiq olunan halda yəqin ki, vergi müfəttişlərinin indiyə qədər olan hegemonluğuna son qoyulacaq. Xüsusilə də kiçik və orta  sahibkarlıq üzərindəki qeyd etdiyimiz basqı az da olsa aradan qalxacaq. Hansı vergi ödəyiciləri patent vergi sisteminin obyekti olacaqlarsa, onlar yersiz yoxlamalardan, nəzarətdən və haqsız müdaxilələrdən canlarını qurtaracaqlar”.

Ekspert bildirib ki,  Azərbaycanda vergi sisteminin xüsusilə də onlayn (online) rejimdə  fəaliyyəti mütərəqqi ölkələrin təcrübəsindən geri qalmır: “Ancaq təbii ki, praktikada problemlər var. Tətbiqində müəyyən inzibati  müdaxilələr var və vergi orqanlarının bu fəaliyyətlərindən sahibkarlar əziyyət çəkirlər. Yersiz yoxlamalar, lazımsız müdaxilələr də yox deyil. Ancaq onu da qeyd edək ki, onlayn rejimdə Vergilər Nazirliyinin gördüyü işi, Azərbaycanda heç bir nazirlik etmir. Həqiqətən də onlardan informasiya almaq çox asandır, bütün məlumatları saytlarında yerləşdirirlər, əl çatandırlar. Vergi orqanlarının fəaliyyəti, onları tənzimləyən sənədlərlə bağlı da heç bir çətinlik  yoxdur. Bunların hər birinə çıxış var. Bəlkə də elektron hökumətin Azərbaycanda ən yaxşı icraçısı Vergilər Nazirliyidir. Ancaq eyni zamanda demək istəyirəm ki, bu məsələ bütövlükdə  problemin həlli demək deyil. Çünki əsas bu rejimdə işləmək deyil. Əsas olan real, gerçək rejimdə çalışmaqdır. Təəssüflər olsun ki, bununla bağlı praktiki olaraq qanunvericiliyin tələblərinin həyata keçirilməsində hələ də problemlər qalır”.

Q. İbadoğlu bildirib ki, yeniliklər tətbiq olunduqdan sonra, situasiyanı dəyərləndirəcəklər: “Həmin situasiyanı dəyərləndirib, növbəti dövrlərdə təkliflərimizi verəcəyik. Yəni bu, fasiləsiz prosesdir və hər dövrə uyğun olaraq biz, həmin situasiyanın tələblərinə müvafiq şəkildə təkliflərimizi Azərbaycan hökumətinə, konkret olaraq bu məsələdə Vergilər Nazirliyinə ünvanlayacağıq. Ümumiyyətlə, sahibkarların vəziyyətinin yaxşılaşdırılması üçün böyük işlər görülməlidir. Bunu bir cümlə ilə ifadə etmək çətindir. Bu məsələdə ən vacib şərtlərdən biri Azərbaycan iqtisadiyyatındakı artım, bankların vəziyyəti və bütün bunlara əhəmiyyətli dərəcədə təsir edən hal, ölkəyə valyutanın gətirilməsidir. Bütün bunların hamısı kompleks şəkildə həyata keçirilməlidir ki, nəticə müşahidə olunsun”.

Qeyd edək ki, prezidentin sərəncamına görə, topdan və pərakəndə ticarətlə məşğul olan vergi ödəyicilərini fərqləndirən meyarlar müəyyən ediləcək. Bu, topdan və pərakəndə ticarətlə məşğul olan vergi ödəyiciləri üçün daha konkret meyar və ya sərhədlərin müəyyənləşdirilməsi, həmçinin bu kontekstdən topdan və pərakəndə satış ilə məşğul olanlar üçün fərqli vergi yüklərinin müəyyənləşdirilməsinə səbəb ola bilər. Bu zaman  isə həmin ticarət növləri üzrə fərqli vergi güzəştləri tətbiq edilə bilər. 


Əli Rais
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR