İnsanlara hürriyət, millətlərə istiqlal!

Ölkədən ixrac olunan məhsulların dəyəri ölkəyə qayıtmır?

1688 25.01.2017 00:18 İqtisadiyyat A A
Ekspertlər bildirirlər ki, bu yöndə hər hansı sərəncam və ya qərarda nəzarət sözü olursa, bu, biznesi qorxudan məsələlərdən birinə çevrilir

Maliyyə bazarlarında son vəziyyətin təhlili Azərbaycan manatının kursu ətrafında yeni bir vəziyyətin yaranacağını istisna etmir. Son günlərdə atılan bəzi addımların təhlili həm ölkəyə daxil olan xarici valyutanın miqdarının artacağını, həm də pul üzərində nəzarətin daha sərt xarakter alacağını deməyə əsas verir. 

“Bakı xəbər” qəzetinin yazdığı xəbərə görə, maliyyə bazarlarında atılan addımlara gəlincə, ilk diqqət cəlb edən hal pul siyasətinin sərtləşdirilməsidir. Mərkəzi Bankın İdarə Heyəti sədrinin müavini Aftandil Babayev bu xüsusda bildirib ki, pul siyasətinin sərtləşdirilməsi siyasətinə artıq başlanıb və bu siyasət il ərzində davam etdiriləcək: “Məzənnənin tam liberallaşması rejiminə keçidlə bağlı biz pul siyasətinin əsas hədəfi olaraq növbəli şəkildə pul bazasının həcmini seçmişik. Artıq pul bazasının həcmini hədəfləyirik. Həm məzənnənin liberallaşması, həm də pul bazasının hədəflənməsi gələcəkdə orta müddətli dövrdə inflyasiyanın hədəflənməsi rejiminə keçidə hazırlıqdır. Maliyyə Sabitliyi Şurası üzvlərinin də iştirakı ilə xüsusi pul proqramı qəbul olunub. İkinci istiqamət isə faiz siyasətidir ki, bu da kifayət qədər sərtləşib. 2016-cı il­də uçot dərəcəsi 15 faizə qədər artırılıb. Şərait tələb edərsə, bu alətdən də istifadə olunacaq. Yəni pul siyasətinin sərtləşdirilməsi pul bazasının pul proqramı əsasında nəzarətə götürülməsidir”.

Daha bir vacib hal odur ki, Mərkəzi Bank dövriyyədəki nağd pulu günlük nəzarətə götürüb. Artıq bütün kommersiya bankları hər günün sonunda bankda qalan pul qalıqları haqqında Mərkəzi Banka məlumat verəcək. Mərkəzi Bank bununla bağlı kommersiya banklarına məktub göndərib. Məktubda deyilir ki, bu addım ölkənin nağd pula olan tələbatının effektiv planlaşdırılması, dövriyyədə olan nağd pul kütləsinin dəqiqləşdirilməsi məqsədi daşıyır. Baş bank bu məlumatlar əsasında müvafiq qiymətləndirmə aparacaq. Mərkəzi Bank manat, dollar, avro və digər valyutaların günlük qalıq həcmi ilə nominallarının hesabatını da banklardan istəyib. Maliyyə sektorunda daha bir məqam ölkəyə daxil olan valyuta həcminin artımına xidmət edən addımdır. 

Belə ki, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev qeyd olunan xüsusda çox maraqlı açıqlama verib: “Dövlət Gömrük Komitəsi Azərbaycandan ixrac olunan məhsulların dəyərinin ölkə ərazisinə gətirilməsinə daha ciddi nəzarət edəcək. Çünki xaricdə satılan Azərbaycan malları üzrə valyutanın bir hissəsinin ölkəyə vaxtında daxil olmadığına dair şübhələr yaranıb”. 

Onun sözlərinə görə, ixracatçı, pulu qabaqcadan ödənilməyən vəziyyətdə bankdan zəmanət məktubu alıb gömrük orqanına təqdim edirdi: “Sonradan bu sənədin təqdim edilməsi ləğv edildi. Məqsəd sənədlərin azaldılması, ticarətin sadələşdirilməsi idi. Amma biz hiss edirik ki, bu, pulların xaricdən gec gətirilməsinə, xaricdə dövriyyəyə buraxılmasına şərait yaradır. Biz yenidən zəmanət məktubu alınıb gömrük orqanlarına təqdim edilməsinin bərpasını istəyirik və bu barədə təklifimizi hazırlayıb hökumətə təqdim etmişik. İndiki valyuta qıtlığı şəraitində satılan məhsulların pulunun ölkəyə gətirilməsi çox vacibdir”. 

Qeyd edək ki, Dövlət Gömrük Komitəsi xarici valyutanın sərhəddən keçirilməsinə nəzarət etməyə cavabdehdir. Beləliklə, yuxarıda qeyd olunanlar aydın şəkildə nümayiş etdirir ki, ölkənin maliyyə sektorunda cari il ərzində mühüm dəyişikliklər olacaq. Bütün bunlar isə manatın məzənnəsinə də təsir edəcək və istisna olunmur ki, onun müəyyən qədər güclənməsinə rəvac verəcək. Digər tərəfdən, Mərkəzi Bank  cari il yanvarın 12-dən etibarən valyuta hərraclarını yeni formatda keçirir. Bu fonda kommersiya bankları üçün xarici valyuta alışı və satışı üzrə tətbiq olunan 4 faizlik marja ləğv olunub. Bununla manat “tam üzən məzənnə” rejiminə keçib. Hesab edilir ki, bu hal tezliklə manatın kursunun yüksəlməsinə rəvac verəcək.

İqtisadçı ekspert Pərviz Heydərov da bildirib ki, Azərbaycanda manat öz real məzənnəsini bundan sonra da məhz bu cür mexanizm çərçivəsində tapacaq. O, valyuta bazarında bankların da rolunun artacağını bildirir. Yəni bazarda valyuta təklif edən təkcə Neft Fondu olmayacaq: “O ki, qaldı valyuta bazarı iştirakçılarına, xarici valyuta- dollar təklifilə yalnız Neft Fondunun çıxış etməsi məsələsinə, banklar iqtisadiyyatın real sektoru ilə qarşılıqlı əlaqəyə nail olduqca və bu sahədə əməkdaşlıq bərpa olunduqca, bu müstəvidə də müsbət dəyişikliklərin, yəni tədricən alternativ imkanların təşəkkül tapacağının şahidi ola biləcəyik. Ancaq hazırda əsas fakt odur ki, manatın məzənnəsi üzrə son günlər ərzindəki dəyişikliklər tempi və dinamika onun arxasında hələ ki, yalnız neft amilinin durmasına baxmayaraq, hər halda sərbəst şəkildə üzə bildiyini göstərir”. Bununla gözlənir ki, maliyyə bazarlarında baş verənlər manatın kursuna da ciddi təsir etsin”.

Ekspert Natiq Cəfərli isə musavat.com-a açıqlamasında Dövlət Gömrük Komitəsinin Azərbaycandan ixrac olunan məhsulların dəyərinin ölkə ərazisinə gətirilməsinə daha ciddi nəzarət edəcəyi barədə fikirlərə bu cür münasibət bildirib: “Heç olmasa dövlətin hər hansı bir şirkətdə 30 faiz payı olarsa, şirkətlərin alq-satqı prosesinə valyuta nəzarətinin həyata keçirilməsi məntiqlidir. Burada qeyri-qanuni, anlaşılmayan heç nə yoxdur. Amma özəl sektora, bəlli sahibkarlara hər hansı formada belə bir nəzarət mexanizmlərinin qoyulması və belə bir ciddi təhdid dolu yanaşmanın olması özəl biznezi və xüsusən də sahibkarları həddindən artıq ürküdən və çəkindirən bir yanaşmadır. Əslində fərdi sahibkarın, yaxud fermerin hər hansı formada öz məhsulunun dəyərini ödəyərək əldə etdiyi valyutanın sərəncam hüququ özünə məxsusdur. Bu onun fərdi puludur, özəl mülkiyyətidir, o vəsaiti hər hansı formada istifadə etməsi məntiqlə həmin sahibkarın öz işi olmalıdır. Ola bilər ki, elə sahibkarlar var ki, illərlə Azərbaycanda olub, Rusiya ilə ticarət edən sahibkarların bir çoxu əldə etdikləri qazanc sonradan həmin ölkənin ərazisində daşınmaz əmlak alıblar, biznes obyektləri alıblar, bizneslərini genişləndiriblər. Ona görə də belə bir açıqlama olacaqsa, bu, dəqiqləşdirilmiş olmalı idi ki, kimə aiddir, hansı kateqoriyalı biznes sahələrinə aiddir? Dövlətin iştirakı olan sahələrə daha çox aid olması aydın şəkildə vurğulanmalı idi. Çünki onsuz ölkədə ixracatla məşğul olan, ya ixrac olunan məhsulların dəyərinin 90 faizə yaxını dövlətin payına düşür. İxracatda dövlət çox önəmli rol oynayır. Əgər dövlət şirkətlərinə aiddirsə, yaxud dövlətin payı olan şirkətlərə aid idisə, bunu daha açıq şəkildə bildirmək lazım idi. Özəl mülkiyyətə və fərdi sahibkarlara belə mesajların verilməsi əslində çox neqativ bir fon yaradır. Ölkə haqqında neqativ fon yaradır. Hətta xarici investorları belə çəkindirə biləcək addımlar və açıqlamalar kimi qiymətləndirilə bilər. Real sektorun öz mülkiyyətində, öz pul vəsaitinə sərəncam hüququ yoxdursa və o sərəncam hüququnun, nəzarət hüququnun böyük bir hissəsi dövlətin əlinə keçirsə, dövlət buna qərar verirsə, o zaman özəl sektoru və fərdi sahibkarları həddindən artıq tədirgin edir. Onları Azərbaycanda biznes qurmağa, Azərbaycan məhsullarını xaricə ixrac etməsinə marağını azaldır. Yəni burada çox ehtiyatlı açıqlamalar vermək daha məntiqlidir. Ümumiyyətlə hər hansı bir dövlət məmuru və yaxud da nazirlər açıqlama verərkən mütləq onun biznesə verəcəyi mesajları nəzərə almaq lazımdır. Xarici investora verəcəyi mesajı nəzərə almaq lazımdır. Azərbaycan üçün hazırda ən vacib məsələ xarici investorları ölkəyə cəlb etmək, ölkədə istehsal olunan məhsulları xaricə daha çox ixrac etməkdir. Bu yöndə hər hansı sərəncam və ya qərarda nəzarət sözü olursa, bu, biznesi qorxudan məsələlərdən birinə çevrilir”.


Röya 
Musavat.com


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR