İnsanlara hürriyət, millətlərə istiqlal!

Ofşor şirkətlər vergiyə necə cəlb olunacaq?

2430 15.12.2016 21:50 İqtisadiyyat A A

Azərbaycanda ofşor şirkətlərlə həyata keçirilən əməliyyatlar üzrə gəlirlərin vergiyə cəlb edilməsi nəzərdə tutulur. Bunu vergilər naziri Fazil Məmmədov Milli Məclisin İqtisadi məsələlər, sənaye və sahibkarlıq və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin iclasında deyib.

Nazir qeyd edib ki, Vergi Məcəlləsinin 14-cü maddəsi rezident vergi ödəyicisinin ölkə hüdudlarından kənarda təsis edilmiş vergi ödəyiciləri ilə apardıqları əməliyyatlarda gəlir və xərclərinin düzgün bölüşdürülməsinə nəzarət etməyə imkan vermir. Belə halların qarşısının alınması məqsədilə ölkə hüdudlarından kənarda, o cümlədən vergi sığınacağı (ofşor) hesab edilən dövlətlərdə və ya ərazilərdə, təsis edilmiş şəxslərlə həyata keçirilən əməliyyatlar üzrə əldə edilən gəlirlərin transfer qiymətləri tətbiq edilməklə vergiyə cəlb edilməsi üçün layihəyə müvafiq maddələr daxil edilib”

F.Məmmədov əlavə edib ki, layihədə transfer qiymətlərinin təqvim ili ərzində yuxarıda qeyd edilən hər bir şəxs üzrə ümumi dəyəri 500 min manatdan artıq olan əməliyyatlara tətbiq edilməsi nəzərdə tutulub:

Nazir vurğulayıb ki, dövlət başçısının müvafiq sərəncamı ilə vergi orqanlarına Azərbaycan rezidentlərinin güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə (ofşor zonalarda) yaradılmış müəssisələrlə əməliyyatlarına səmərəli nəzarət mexanizmlərinin qurulması tapşırılıb:

Onun sözlərinə görə, bu dəyişiklik beynəlxalq təcrübədə də tətbiq olunur. Analoji müddəalar Latviya, Estoniya, Qazaxıstan və Gürcüstan kimi ölkələrin qanunvericiliyində nəzərdə tutulub.

Bəs görəsən ofşor şirkətlərin vergiyə cəlb olunması mexanizmi necə olacaq? Onlar hansı formada aşkarlanıb vergiyə cəlb olunacaq? 

Image result for Vahid Əhmədov

“Yeni Müsavat” açıqlamasında bu sualları cavablandıran Milli Məclisin deputatı Vahid Əhmədov ofşor şirkətlərin vergiyə cəlb olunması yeni bir anlayışdır və çox mühüm məsələdir: “Ofşor zonalardakı şirkətlərin vergiyə cəlb olunması çox ciddi məsələdir. Bu vaxta qədər bu məsələnin üzərində müəyyən qədər müzakirə gedirdi, amma konkret bir addım atılmırdı. Vergilər Məcəlləsində də bununla əlaqədar müəyyən xidmətlər üçün aparılan qiymətləndirmə çox bərbad vəziyyətdə idi. Çünki burada rezidentlər və qeyri-rezidentlər var. Ona görə də buraya transfer qiyməti anlayışı daxil edilir. Qiymətin müəyyən edilməsi qaydası, qiymətin tətbiq edilməklə vergilərin hesablanması müəyyən edilir. Bu yeni bir anlayışdır və mən deyərdim ki, bu vergi növü transfer qiymətlərinin bir təqvim ili ərzində hər bir şəxs üzrə ümumi dəyəri 500 min manatdan artıq olan əməliyyatlara tətbiq ediləcək. Ümumilikdə isə ofşor zonalar bütün dünyada var. Ondan müəyyən məqsədlər üçün istifadə edirlər. Amma indi şəffaflığı artırmaq, vergi nəzarətini gücləndirmək, rezident və qeyri-rezident elektron ticarət iştirakçıları arasında diskriminasiyanı aradan qaldırmaq üçün  vergi ödəyicilərinə belə bir sistem tətbiq edilir. Lakin istənilən halda, burada gəlirlərin gizlədilməsi halları mümkündür, bundan istifadə edilir”. 

Image result for İqtisadçı ekspert Natiq Cəfərli

İqtisadçı ekspert Natiq Cəfərli isə ofşor zonalarda yaradılan şirkətlərlə həyata keçirilən əməliyyatların vergiyə cəlb olunmasını mümkünsüz hesab edir: “Hələ ki,  ofşor şirkətlərdən vergi almağı heç Amerika da bacarmır. Ofşor şirkətin məğzi də ondan ibarətdir ki, qanunvericilik çərçivəsində, qanun nə qədər imkan verirsə ofşor şirkətlər vasitəsilə əməliyyatlar həyata keçirilməsi və daha az vergi ödənilməsi prinsipinə əsaslanır. Əgər ofşor şirkətlərdən asanlıqla vergi almaq mümkün olsaydı heç dünyada ofşor zonalar olmazdı, heç onlara ehtiyac da qalmazdı. Böyük ölkələr belə bununla bağlı yeni yanaşmanın olması haqqında düşünürlər. Böyük 20-lik dövlətlərinin son samitində bununla bağlı bir konsepsiyamın hazırlanmasına qərar verildi. Amma hələ ki, ofşor zonalarla bağlı məsələ açıq qalıb, hər hansı bir metodologiya işlənib hazırlanmayıb. Azərbaycanın bunu necə edəcəyi hələ ki mənim üçün qaranlıqdır. Azərbaycan kimi kiçik ölkənin hər hansı əməliyyat keçirməklə xarici ölkələrə çıxış əldə etməsi, oradakı şirkətlərin gəlirlərini soruşması bir qədər çətin məsələdir. Bu mümkünsüzdür. 

Ofşor zonaların mənası da ondan ibarətdir ki onlar gəlirləri haqqında heç bir məlumat vermirlər. Azərbaycan hansı metodla ofşor şirkətləri vergiyə cəlb edəcək? Hələ ki, dünyada belə bir təcrübə yoxdur. Maliyyə əməliyyatlarına gəlincə, onsuz da ölkədən çıxan 20 min manatdan artıq vəsaitlər izlənilir və onların haraya göndərilməsi yoxlanılır. Lakin ölkədən çıxan vəsaitlərin heç də hamısı banklar vasitəsilə çıxmır, başqa qeyri-leqal yollarla çıxır. Həmin yolların qarşısını almaq üçün də müəyyən tədbirlə görülməlidir”. 

Nərgiz LİFTİYEVA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR