İnsanlara hürriyət, millətlərə istiqlal!

Mənzil bazarında vergi şoku

8505 11.02.2015 09:20 İqtisadiyyat A A

Bir neçə gün öncə mənzil alqı-satqısı prosesinə bir sıra dəyişiklik olub. Belə ki, artıq mənzilini 3 ildən tez satanlardan vergi tutulacaq. Vergilər naziri Fazil Məmmədov daşınmaz əmlakın alqı-satqısından əlavə dəyər vergisinin (ƏDV) tutulmasına münasibət bildirərkən deyib: “Daşınmaz əmlakın alqı-satqısından ƏDV-nin tutulması əvvəllər də müvafiq qanunvericilikdə var idi. Sadəcə, bunun uçotu aparılmırdı. 

Bu gün isə bütün alqı-satqılar notarial qaydada rəsmiləşdirildiyi üçün həmin notarial münasibətlər Vergilər Nazirliyinə təqdim olunur. Artıq Vergilər Nazirliyində məlumat bazası var. Daşınmaz əmlakın alqı-satqısından ƏDV-nin tutulmasına ötən ilin əvvəlindən başlanılıb. Əgər daşınmaz əmlakın alqı-satqısından mənfəət əldə olunacaqsa, ƏDV tətbiq olunacaq, daşınmaz əmlak əvvəlki qiymətə satıldığı halda, yalnız ƏDV arasındakı fərq tutulacaq”.

Bu isə ev bazarındakı vəziyyəti pisləşdirib. “Neftçilər” metro stansiyası yaxınlığında ev alqı satqısı firmasında çalışan Mehdi Əmirov deyir ki, bu dəyişiklik əmlak sektoruna ciddi zərbə vuracaq. Onun fikrincə, daha çox da Rusiyada bizneslə məşğul olub, burda ev alıb-satanlar itirəcək: “Bu adamlar evi 50 minə alıb, 60 min manata satacaqlar. Ev alqı-satqı firmaları ümumən çox qazanmırlar. Uzaqbaşı hər evdən 200-300 manat qazanc olsa, böyük şeydir. İndi isə ev bazarı demək olar ki, donub. Dekabrdan bu yana tərpənmir”. 


Müsahibimiz bildirdi ki, daha çox Rusiyada çalışan iş adamları ev alverində maraqlı idi. Onlar pullarını daşınmaz əmlaka köçürməklə qazanc əldə etməyə çalışırdılar: “Bu vergi məsələsi isə onları vuracaq. Yenə də deyirəm ki, bu söhbət kasıbların başında çatlamayacaq. Çünki evi varlılar alıb, varlılar satır. Bu məsələnin kasıblara heç bir aidiyyəti yoxdur”. 

“Qara Qarayev” metro stansiyası yaxınlığında yerləşən ev alqı-satqısı firmasının sahibi Mərdan bəy isə dedi ki, onsuz da bir neçə aya evlərin qiymətinin kəskin aşağı düşəcəyi gözlənilir. Onun sözlərinə görə, bu halda da ev bazarında ciddi canlanma gözlənilmir: “Kim ki, pulunu evə çevirib, ona investisiya kimi yanaşır, onlar üçün vəziyyət pis olacaq. Çünki onlar tez-tez mənzil alıb satırlar. Amma kasıb 3 ildən bir mənzil alıb-satmır ki. Kasıb 40 ildə özünə gün ağlayıb, ev alır, ömrünün sonuna qədər də orda yaşayır. Ev alqı-satqı firmalarına da inanmayın ki, xüsusi ziyanı olsun. O dövrlər geridə qalıb ki, biz 40 minə ev alıb, onu 60 minə sataq. 5-6 il əvvələ qədər belə şeylər etmək olurdu və ciddi gəlir də əldə edirdik. İndi ev bazarında durğunluqdur və ancaq evin kirayəsindən, alqı-satqısından xırda gəlir əldə edə bilirik”. 


İqtisadçı ekspert Ramil Osmanlı “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, burada söhbət təkcə ƏDV-dən yox, başqa gəlir vergilərindən də gedir. Onun sözlərinə görə, ən aktualı gəlir vergisidir ki, bu da 14 faizlik bir rəqəmdir: “3 il müddətində təkrar dövriyyədə olan daşınmaz əmlakdan bu vergi tutulmalıdır. Vergilər Nazirliyindən verilən açıqlama reallığı əks etdirir. Çünki bu vergi 2010-cu ildə də var idi. Sadəcə, buna nəzarət imkanları məhdud idi. Dəfələrlə jurnalistlər bu mövzu ilə bağlı müraciət edəndə bildirmişəm ki, indiki vəziyyətdə bu qanunun tətbiqi qanunvericiliyin həyata keçirilməsi, eləcə də dövlət büdcəsinə daxil olan artım baxımdan müsbət rolu olsa da, bazara ciddi mənfi təsiri olacaq. İndiki dövrdə baş verməsi isə alıcılıq qabiliyyətinin aşağı düşdüyü bir zamanda vəziyyəti daha da gərginləşdirəcək. Nəticədə daşınmaz əmlak dövriyyəsinin azalması, bu sahəyə investisiya yatıranların- onları bazarda ”perekupşik" adlandırırlar - bu sahədən uzaqlaşması baş verəcək. 14 faiz elə rəqəmdir ki, özünü alqı-satqıda ciddi şəkildə göstərəcək". 

Müsahibimiz bu dəyişikliyin ev bazarına vuracağı zərbədən də danışdı. Dedi ki, bundan sonra satıcı mənzilini satarkən vergi xərclərini nəzərə almaqla əmlakın müvafiq dəyərinin üzərinə gələcək. Onun sözlərinə görə, bu, indiyə qədər yaşanmış proseslərin fonunda analoji haldır: “Rəsmiləşdirilən bütün icarə müqavilələrinə görə icarədarın üzərinə qoyulmalı vergi icarə alanın üzərinə qoyulur. İndi də alqı-satqıda fiziki şəxslərin 100 min manat dəyərindəki əmlakda 14 min manat vergi ödəməsi ciddi rəqəm deməkdir. Satıcı bu məsələləri kompensasiya etmək üçün ödəyəcəyi vergiləri də satış qiymətinin üzərinə əlavə edəcək. Bu, nə dərəcədə effekt verəcək?” 

R.Osmanlının sözlərinə görə, haqqında danışdığımız son dəyişiklik ev bazarındakı alqı-satqının dinamikasını aşağı salacaq: “Bu, qaçılmaz şərtdir. Təklif və razılaşma qiymətlərini nəzərə alanda qanuna müvafiq olan 14 faiz fiziki və hüquqi şəxslərin büdcəsinə ciddi təsir göstərəcək”.

Sevinc TELMANQIZI


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR