İnsanlara hürriyət, millətlərə istiqlal!

Manatı qorumaq planı işə düşür- 7,5 milyardlıq manatla...

1243 13.01.2017 08:55 İqtisadiyyat A A

Dövlət Neft Fondu bu il Mərkəzi Banka 7,5 milyard manatadək məbləğdə transfert həyata keçirəcək. Bu, fondun 2017-ci il büdcəsində öz əksini tapıb. Sənəd prezident İlham Əliyev tərəfindən imzalanan fərmanla təsdiqlənib. 

Büdcənin xərclər bölümündə qeyd edilib ki, transfert makroiqtisadi sabitliyin təmin olunmasına yönələcək və onun yuxarı həddi 7,5 milyard manat götürülüb. Maraqlıdır ki, Mərkəzi Banka transfertlər fondun ümumi xərclərinin 51,7 faizinə bərabərdir. Ekspertlər musavat.com-a bu transfertin manatın məzənnəsinə necə təsir edəcəyini açıqlayıblar. 

Natiq Cəfərli bildirib ki, bu transfert Mərkəzi Bankı yenidən valyuta bazarında oyunçuya çevirmək cəhdlərindən irəli gəlir: “Çünki son 8-9 ayda valyuta hərraclarında yeganə oyunçu Neft Fondu idi. Bu da ölkənin valyutaya olan tələbatını ödəyə bilmirdi. İki yol var idi, ya Neft Fonduna icazə verilməli idi ki, birbaşa hərraclara daha çox vəsait çıxarsın, ya da Mərkəzi Bank vasitəsilə bunu etsin. Çox güman ki, ikinci yol seçilib. Mərkəzi Bank vasitəsilə daha əlavə olaraq valyutanın bazara çıxarılması qərarı verilib. Bu da bir müddət valyutanın məzənnəsinin az da olsa sabitləşməsinə səbəb ola biləcək amillərdən biridir. Çünki hökumətin əlində təəssüf ki, başqa alətlər də yoxdur. Ölkə valyuta qazana bilmir. Ciddi şəkildə neft gəlirlərindən asılılıq hələ də qalır. Görünən odur ki, hökumət və Mərkəzi Bank rəsmi kursun 2 manatlıq psixoloji həddi keçməsini istəmir. Mərkəzi Banka əlavə likvidlik saxlayır. Amma bu, daim belə olacaqmı, bunu demək çox çətindir. Sonrakı dövrdə addımlar atılmalıdır ki, bu maliyyə sabitliyini saxlamaq mümkün olsun. Ən azından, manatın kəskin devalvasiyaya uğraması ehtimalı ilin birinci yarısında demək olar, gündəmdən düşdü”. 

Ekspert Vüqar Bayramov isə qeyd edib ki, Dövlət Neft Fondunun 2017-ci il üçün xərcləmələri 14 milyard 483 milyon manat təsdiq edilib. Bunun təxminən 700 milyon manata yaxın hissəsi birbaşa valyuta formasında ödəniləcək xərclərdir. 

Bu isə o deməkdir ki, əgər fond öhdəliklərinə əməl edərsə, o cümlədən makroiqtisadi sabitliyin təmin edilməsi məqsədilə Mərkəzi Banka olan transfer də hərraclar vasitəsi ilə milli valyutaya çevrilərsə, o zaman 13,8 milyard manata yaxın pulu il ərzində hərraclar vasitəsilə almalıdır. 

“Bu isə indiki rəsmi və ya hərrac məzənnəsi ilə 7 milyard 750 milyon dollar satış deməkdir. Nəticədə fond öz öhdəliklərinə əməl edə bilərsə, o zaman 2017-ci ildə hər ay orta hesabla 645 milyon dolları hərraca çıxaracaq. Qeyd edim ki, 2016-cı ildə fondun hərraclarda satdığı valyutanın aylıq orta məbləği 408 milyon dollar olub. 

Deməli, əgər fond öhdəliklərinə tam əməl edərsə və makroiqtisadi sabitliyin təmin edilməsi məqsədilə Mərkəzi Banka olan transfer də hərraclar vasitəsi ilə manata çevrilərsə, o zaman aylıq olaraq 2017-ci ildə əvvəlki illə müqayisədə 237 milyon dollar daha çox valyuta hərracda satıla bilər. 2016-cı ilin yanvarında pul bazası 5,786 milyard manatdan ötən ilin noyabrında 7,448 milyon manata yüksəlib. 30 faizə yaxın artan pul bazası eyni zamanda milli valyutanın rəsmi kursunda 15 faizlik azalma ilə müşahidə edilib. 

Image result for Natiq Cəfərli

Deməli, pul bazasının artması fonunda ötən il manatın məzənnəsində də azalmalar qeydə alınıb. Bu isə o deməkdir ki, indi 1 dollarla hətta 2016-cı illə müqayisədə daha çox manatı dövriyyədən çıxarmaq mümkündür”,- deyə ekspert bildirib. 

Onun sözlərinə görə, eyni zamanda Azərbaycanda fəaliyyət göstərən neft şirkətlərinin xərcləmələri, xaricdə və xüsusən də Rusiyada yaşayan həmyerlilərimizin remitensilərini və eləcə də qeyri-neft ixracatının həcmini nəzərə alsaq, Neft Fondunun öhdəliklərinə tam əməl edəcəyi halda bu il valyuta bazarına daha çox dolların daxil olacağı şübhəsizdir: “Başqa tərəfdən, dollarlaşma səviyyəsi 90 faizə yaxınlaşıb və bazarda tarazlıq əldə edilərsə, əks-dollarlaşma prosesinə başlanılarsa, o zaman bazarın da dollar təklifi hiss edilən dərəcədə arta bilər. Qeyd edim ki, Neft Fondunun Mərkəzi Banka transferləri indiki məzənnə ilə təxminən 4 milyard dollardan bir az artıqdır. Xatırlayırsınızsa, mən 2015-ci ildə hökumətə təqdim etdiyim təkliflər paketində və eləcə də ötən il ərzində sosial şəbəkələrdəki açıqlamalarımda hökumətə 4 milyard dollar rezervi konvertasiya edərək bazara çıxarmağa təklif edirdim. Bu təklif reallaşdı, amma 2015-ci ildə deyil, 2 il sonra. 

Düşünürəm ki, əslində 2015-ci ilin sonunda həmin 4 milyard dolları konvertasiya edib, güzəştli kredit formasında kiçik və orta sahibkarlara şəffaf şəkildə təqdim etmək və cari tələbi ödədikdən sonra o zaman Rusiya və Qazaxıstan kimi liberal üzən məzənnəyə keçmək məqsədəuyğun olardı. Bununla belə, hətta proses yubansa da belə Neft Fondundan 2017-ci ildə Mərkəzi Banka 7,5 milyard manatlıq transfer doğru addımdır. Artıq Mərkəzi Bankın pul-kredit siyasətinin də dəyişdirilməsinə ehtiyac var. Valyuta bazarında cari tələbi ödəyib çevik siyasətlə əks-dollarlaşma prosesinə başlamaq baş bankın əsas hədəfi olmalıdır. Rəqəmlər və müqayisələrlə sizləri çox yormadan gəlinən nəticə belədir: əgər Neft Fondunun öhdəliklərinə tam əməl edərək makroiqtisadi sabitliyin təmin edilməsi məqsədilə Mərkəzi Banka olan transfer də daxil olmaqla, 7,7 milyard dolları hərraclarda satarsa və neftin dünya bazar qiymətində kəskin azalmalar və eləcə də digər fors-major halları baş verməzsə, o zaman Mərkəzi Bank manatın dollara mövcud məzənnəsini müəyyən kənarlaşmalarla qoruyub saxlamağa çalışacaq. 

Təbii ki, qeyd etdiyimiz faktorlardan hər hansı proqnozlaşdırıldığı kimi olmazsa, o zaman yenə də dolların manata nisbətən möhkəmlənməsi qaçılmaz olacaq. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, valyuta bazarında Mərkəzi Bankın inzibati müdaxiləsi yenə də qalmaqdadır və bu da bazardakı vəziyyətə əsasən proqnoz verməyi, praktik olaraq, mümkünsüz edir. Bu baxımdan, manatın mövcud məzənnəsini qoruyub saxlamaq Mərkəzi Bankın hədəfi kimi görünsə də hətta ötən illə müqayisədə daha çox valyuta təklifi fonunda belə bu heç də asan vəzifə olmayacaq”.

RÖYA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR