İnsanlara hürriyət, millətlərə istiqlal!

Maliyyə Sabitliyi Şurası effekt verəcəkmi?

1469 19.07.2016 18:18 İqtisadiyyat A A

İki gün əvvəl prezident İlham Əliyev Maliyyə Sabitliyi Şurasının yaradılması haqqında fərman imzalayıb. Fərmana əsasən ölkənin makroiqtisadi sabitliyinin daha da möhkəmləndirilməsi və maliyyə dayanıqlılığının təmin edilməsi, bu sahədə koordinasiya olunmuş siyasətin həyata keçirilməsi, habelə səmərəli tənzimləmə və hüquqtətbiqetmə praktikasına nail olunması məqsədilə Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurası yaradılır. Şuranın sədri baş nazir Artur Rasi-zadədir. 

Maliyyə Sabitliyi Şurasına prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov, maliyyə naziri Samir Şərifov, iqtisadiyyat naziri Şahin Mustafayev, Mərkəzi Bankının sədri Elman Rüstəmov, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov daxildir. Şura bir ay müddətində ölkədə maliyyə-kredit sektorunun mövcud vəziyyətinin təhlili, qanunvericilik bazasının ekspertizasının həyata keçirilməsi, maliyyə sabitliyinin tənzimlənməsi sahəsində qabaqcıl beynəlxalq prinsip və standartlar əsas götürülməklə gələcəkdə yarana biləcək təhdidlərin qarşısının alınması, makroiqtisadi sabitliyin, maliyyə dayanıqlığının təmin edilməsi ilə bağlı baxışa, orta perspektivdə atılacaq addımlara və icra mexanizmlərinə dair təkliflər hazırlayıb prezidentə təqdim etməlidir. 

Ekspert Qubad İbadoğlu məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, bu fərmanla altenrativ Nazirlər Kabineti formalaşdırılır: “Sadəcə olaraq bu dəfə kabinetin tərkibində bütün nazirliklər, dövlət komitələri deyil, iqtisadiyyat üzrə rol oynayan nazirlər, eyni zamanda Mərkəzi Bank, prezidentin iqtisadi sahədə köməkçisi özünə yer alıb. Əslində bu Şuranın hansı ehtiyacdan, nədən yarandığı mənim üçün bir az müəmmalı oldu. Çünki orada üzdə olan təşkilatlar onsuz da hər biri ayrı-ayrılıqda fəaliyyətdə müəyyən öhdəliklərə malikdir və maliyyə sabitliyinin qorunmasında məsuliyyət Məzrkəzi Bankla birlikdə bu nazirliklərə düşür. Görünür, yeni formatda sadəcə Nazirlər Kabinetinin tərkibdə olmadığından, prezidentin iqtisadi islahatlar üzrə köməkçisi bu formatda nəzərə alınıb. Maliyyə sahəsində, bank sahəsində mövcud problemlərin həll səlahiyyətlərini bir növ onların üzərinə qoyublar. Amma hesab edirəm ki, bu, yeni bir şey deyil, prosesə yeni dəyişiklik gətirməyəcək. Prosesdə əsas rol oynayan təşkilatların da Maliyyə Sabitliyi Şurasında təmsil olunması məsuliyyətlərini, öhdəliklərini artıracaq. Əslində bunlar necə bu istiqamətdə işləyiblərsə, hesab edirəm ki, yenə də həmin səviyyədə, həmin istiqamətdə fəaliyyət göstərəcəklər. Düşünürəm ki, belə əlavə qurumlar yaratmaqdansa, ciddi islahatlar paketi ilə koordinasiya edən və bu islahatları paketini həyata keçirən bir institutun formalaşması daha düzgün olardı. Və yaxud Nazirlər Kabinetinin bazasında struktur rentabelli islahatların aparılması daha çox effekt verə bilərdi”. 

İqtisad üzrə elmlər doktoru, professor Elşad Məmmədov isə məsələ ilə bağlı musavat.com-a qeyd edib ki, bu qurumun yaradılmasının başlıca səbəbi ölkə iqtisadiyyatında mövcud olan struktur və institusional problemlərlə bağlıdır: “Belə ki, son iki ildə dünya bazarlarında enerji daşıyıcılarının qiymətlərinin kəskin azalması ölkə iqtisadiyyatında movcud olan bir sıra problemləri üzə çıxarıb. Fikrimcə, ölkə iqtisadiyyatının əsas institusional problelmlərindən biri makroiqtisadi səviyyədə idarəetmə və tənzimləyici orqanların fəaliyyətində koordinasiyanın aşağı səviyyədə olması, bu qurumların bir çox hallarda mühüm idareəetmə qərarlarının makroiqtisadi zərurətdən deyil, öz korporativ maraqlarına əsaslanaraq qəbul edilməsidir. Əgər son dövdə maliyyə sektorundakı idarəetmə qərarlarına nəzər salsaq, müşahidə edə bilərik ki, bu qərarlar əsasən Maliyyə Nazirliyi, Mərkəzi Bank və son aylarda yeni yaradılmış Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən qəbul edilmişdir. Halbuki iqtisad elminə görə, maliyyə siyasətinə kompleksli və sistemli makroiqtisadi siyasətdən, real sektordan, kənar yanaşma, kökündən yanlışdır. Çünki bu hansısa mərhələdə, misal üçün, milli valyutanın bir neçə ay ərzində məzənnəsinin qorunması kimi, müvəqqəti iqtisadi effekt versə belə, strateji baxımdan ölkə iqtisaiyyatı üçün ciddi mənfi fəsadlarla nəticələnə bilər. Ölkədə iqtisadi sahədə, o cümlədən maliyyə sektorunda qəbul olunan idarəetmə qərarları, ciddi elmi-nəzəri və praktiki-tətbiqi mexanizmlər tutumlu tədqiqat  aparatına əsaslanan və məhz Nazirlər Kabineti tərəfindən qəbul edilmiş qərarlarla koordinasiya edilməlidir. Bu baxımdan, hesab edirəm ki, dövlət başçısının bu Fərmanı Nazirlər Kabinetinin, o cümlədən, İqtisadiyyat Nazirliyinin bu istiqamətdə fəaliyyətinin aktivləşdirilməsinə yönəlib”. 

Ekspertin sözlərinə görə, əgər bu istiqamətdə institusional problemlər olmasa idi, bu Fərmana ehtiyac da olmazdı: “Çünki elə dünya təcrübəsi də bunu göstərir ki, makroiqtisadi sabitliyin formalaşdırılması və qorunması, o cümlədən maliyyə sabitliyinin formalaşdırılması bilavasitə Nazirlər Kabinetinin funksiyalarına aid məsələdir. Beləliklə, hesab edirəm ki, bu Fərmanın imzalanması, ölkə başçısının Nazirlər Kabinetinin makroiqtisadi proseslərdə və onların mühüm hissəsi olan maliyyə sektorunda sabitliyin formalaşdırılmasında  koordinasiya funksiyalarının həyata keçirilməsindəki problemlərlə bağlıdır və bu istiqamətdəki boşluqların aradan qaldırılmasına istiqamətlənib”.

Ekspert Azər Mehtiyev isə qeyd edib ki, Şura əslində hökumətin indiyədək məşğul olmalı olduğu işlə - makroiqtisadi və maliyyə sabitliyini təmin etməklə məşğul olmalıdır: “Şuranın tərkibi əslində elə indiyədək bu işə cavabdeh vəzifəli şəxslərdən ibarətdir. Bir neçə gün əvvəl ölkədə biznes mühitinin yaxşılaşdırılması ilə bağlı Komissiya yaradılmışdı. Komissiya da elə hökumətin indiyədək məşğul olmalı olduğu işləri həyata keçirmək üçün yaradılıb. Maraqlıdır: görəsən hökumətdə onların əslində nə işlə məşğul olmalı olduqlarını başa düşməyə başlayıblar, yoxsa növbəti dəfə islahat görüntüsü yaratmaqla zamanı yola verirlər?”

Ekspert Əkrəm Həsənov isə deyib ki, Maliyyə Sabitliyi Şurasının katibliyi funksiyasını Mərkəzi Banka yükləyiblər: “Çünki digərlərinin pulu heç yoxdur. Məni daha çox fərmanın 4.1-ci bəndi narahat edir: 20 ildən çox müddət ərzində edə bilmədiklərini bu zavallılar 1 ay ərzində necə edəcəklər?” 

Qeyd edək ki, fərmanın  4.1-ci bəndində göstərilir ki, bir ay müddətində ölkədə maliyyə-kredit sektorunun mövcud vəziyyəti təhlil edilməlidr. Habelə qanunvericilik bazasının ekspertizasını həyata keçirilməsi, maliyyə sabitliyinin tənzimlənməsi sahəsində qabaqcıl beynəlxalq prinsip və standartlar əsas götürülməklə gələcəkdə yarana biləcək təhdidlərin qarşısının alınması, makroiqtisadi sabitliyin, maliyyə dayanıqlığının təmin edilməsi ilə bağlı baxışa, orta perspektivdə atılacaq addımlara və icra mexanizmlərinə dair təkliflərini hazırlanıb, prezidentə təqdim edilməlidir.

Röya RƏFİYEVA,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR