İnsanlara hürriyət, millətlərə istiqlal!

Kredit faizləri aşağı salınacaqmı?

2545 24.11.2014 23:53 İqtisadiyyat A A
Ölkə banklarının verdiyi kreditlərin faiz dərəcələrinin yüksək olması yenidən müzakirə mövzusudur. Məsələ Milli Məclisdə 2015-ci il dövlət büdcəsinin müzakirəsi zamanı da qaldırılıb. Mərkəzi Bankın sədri Elman Rüstəmov isə bildirib ki, faiz dərəcələri aşağı salınmalıdır. Baş bankir deyib ki, əhalinin kreditlərə tələbatı var. Ancaq ölkədə həddindən artıq borclanma yaranır. 
 
Ekspertlər isə bildirirlər ki, kredit faizlərinin yüksək olmasının bir sıra səbəbləri var. Bura həm bankdaxili, həm də bankxarici amillər daxildir. Bank daxili amillərdən biri əmanətlər üzrə faiz dərəcələrinin yüksək olması göstərilir. Çünki kredit portfelinin təxminən yarısı əmanətlər hesabına formalaşır. 

Mütəxəssislər təklif edirlər ki, Mərkəzi Bank kredit faizlərinin aşağı düşməsini banklardan tələb etmək üçün ilk növbədə onlara verdiyi mərkəzləşdirilmiş kreditlərin həcmini artırmalıdır. Ən əsası bu vəsaitdən bütün banklar yararlanmalıdır. Qeydiyyat dərəcəsi isə hətta iki faizə qədər endirilə bilər. Digər amil isə xaricdən ucuz maliyyə resursunun cəlb edilməsidir.

Ekspertlərin sözlərinə görə, şirkətlər ik-üç faiz xaricə yönəltdikləri vəsaitlərinin müəyyən bir hissəsini Azərbaycan banklarına yönəltsə, onda Azərbaycan bankları zəruri resursla təmin oluna bilər. 

Ekspert Samir Əliyev musavat.com-a açıqlamasında bildirib ki, kredit faizlərinin aşağı salınması mümkündür: “Bu, vacib şərtdir. Ən azı ölkədə sahibkarlıq mühitinin inkişafı baxımından bu, vacibdir. Çünki sahibkarlıq subyektləri faktiki olaraq vəsait qıtlığından əziyyət çəkirlər, bizneslərinin qura bilmirlər. Vəsait əldə edəndə, o qədər baha olur ki, onlar həmin krediti geri qaytarmaqda əziyyət çəkirlər və kredit əlverişsiz olur. Düzdür, Sahibkarlığa Yardım Fondunun xətti ilə müəyyən bir vəsaiti ucuz qiymətə almaq olur. Amma həmin vəsaitin özünün alınması üçün də gərək sahibkarlıq subyektləri hansısa prosedurları keçələr. Bankların isə kredit faizləri çox yüksəkdir. Ümumi kredit qoyuluşunda istehlak kreditləri çoxluq təşkil edir. Bu gün 41 faiz təşkil edir. Belə çıxır ki, banklar biznes sektorunu maliyyələşdirməkdə maraqlı deyil. Onlar daha çox istehlak kreditləşməsinə maraq göstərirlər. Çünki həm faizlər yüksəkdir, həm də risk aşağıdır. Banklar biznes sektorunu maliyyələşdirtmək istəmirlər. Əsas səbəb riskin böyük olmasıdır. Əvvəla, biznes sektoru daha çox güzəşt tələb edir, həmçinin daha çox vəsait və həm də risk tələb edir. Bu da bankların bu sektora marağını azaldan səbəbdir”.

Onun sözlərinə görə, biznes kreditlərinin faiz dərəcələrinin aşağı salınması vacibdir: “Gələn il biznes kreditlərinin faizinin birrəqəmli olacağı gözlənilir. Bunu real saymıram. Mərkəzi Bank uçot dərəcələrinin azaltmalıdır. İkinci mənbə kimi xaricdən resurs cəlb etmək ola bilər. Banklar bu gün xaricdən resurs cəlb edə bilmir. Həmçinin bankların xarici bazara çıxış imkanları artmalıdır. Xarici banklar ölkəyə buraxılmalıdır, Azərbaycanın bazarına böyük bankların daxil olmasına icazə verilməlidir. Bu gün Azərbaycanın bank sektorunda rəqabət mühiti yoxdur. Həmçinin dövlət depozitlərinin ölkə banklarında yatırılması önəmlidir. Depozitlərin müəyyən hissəsini yerli banklara yönəltmək olar”. 

Ekspert Vüqar Bayramov isə bildirib ki, Mərkəzi Bankın mövcud siyasəti davam etdikcə, Azərbaycanda kredit faizlərinin aşağı salınması mümkün olmayacaq: “Azərbaycanda hal-hazırda Mərkəzi Bankın mövcud siyasəti ölkədə kredit faizlərinin aşağı salınmasına deyil, əksinə vətəndaşların pullarının depozit formasında daha aşağı faizlə banklara cəlb edilməsinə yönəlib. Nəzərə alsaq ki, son bir ildə Əmanətlərin Sığortalanması Fondu əmanətlərin sığortalanması faizini 12-dən 9-a endirilməsi ilə bağlı qərar qəbul edib. Buna rəğmən kommersiya banklarının kredit faizində hər hansı bir dəyişiklik baş verməyib. Kommersiya bankları daha ucuz qiymətə və daha aşağı faizlə vətəndaşdan pulu alır, vətəndaşdan aldığı pulu daha baha faizlə yenə vətəndaşa verir. Yəni bir qardaşdan 9 faizlə pulu alan kommersiya bankı digər qardaşa həmin pulu bəzi hallarda 4 dəfə baha faizlə verir. Bu da onu göstərir ki, əslində mövcud bank siyasəti konkret ifadələrlə kredit faizlərinin aşağı düşməsinə xidmət etmir. Və bank siyasəti davam etdikcə, kredit faizlərinin aşağı düşəcəyi gözlənilmir. Bank sektoru liberallaşması, məcmu kapitalın artırılması müsbətdir. Amma bank sektoru liberallaşmayınca, məcmu kapitalın artırılmasının təsirləri kifayət qədər marjinal olacaq. Bank sektoru liberallaşmalıdır. Bank sektoruna digər xarici bankların daxil olmasına şərait yaradılmalıdır, süni baryerlər aradan qaldırılmalıdır və bank sektorunun rəqabətdə olmasına və kredit faizlərinin aşağı salınmasına nail olunmalıdır. Həmçinin Mərkəzi Bankın mərkəzləşmiş kredit resurslarına çıxış imkanları genişlənməlidir və kommersiya banklarına imkan verilməlidir ki, onlar Mərkəzi Bankın mərkəzləşmiş kredit resurslarından istifadə edə bilsinlər. Bu, çox önəmlidir”.

Röya RƏFİYEVA 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR