İnsanlara hürriyət, millətlərə istiqlal!

Kənd təsərrüfatı ciddi ziyanda

1811 04.11.2016 09:37 İqtisadiyyat A A
Ölkədə qeyri-neft sektorunun inkişafı qarşıya məqsəd kimi qoyulduğundan, ekspertlər məsələ ətrafında fikirlərini, təkliflərini açıqlayırlar. Hansı sahələrin inkişafının mümkünlüyü, qarşıya çıxan çətinliklər ekspertlər tərəfindən müzakirə edilir. Bu sahəyə dövlətin dəstəyinin hansı həddə olması da müzakirəyə çıxarılan məsələlərdəndir. 

İqtisadçı alim Fikrət Yusifov musavat.com-a bildirib ki, cari ilin doqquz ayı ərzində aqrar sektorda ümumi istehsal 6,7 faiz arta bilib: “Təəssüf ki, bu ilin payızında indiyə qədər heç vaxt müşahidə olunmamış aramsız yağışlar kənd təsərrüfatı məhsullarının istehsalının səviyyəsinə ciddi təsir göstərir. Əgər təbii şərait normal olardısa, bu il aqrar sahədəki göstəricilər kifayət qədər yüksək ola bilərdi. Təbii şəraitin tam əlverişsiz olduğu bir vəziyyətdə, ümumi iqtisadi böhran və ümumi iqtisadi azalmalar fonunda aqrar sektordakı bu nəticələr sahənin inkişafına dövlət səviyyəsində göstərilən diqqətin nəticəsi kimi dəyərləndirilməlidir”.
Ekspertin sözlərinə görə, son bir neçə il ərzində aqrar sektorda fermerlərin fəaliyyətini daha səmərəli təşkil etmək məqsədilə dövlət öz dəstəyini kifayət qədər artırıb: “Hazırda fermerlər ancaq torpaq vergisi ödəyirlər və başqa qalan bütün vergilərdən azaddırlar. Elə bunun nəticəsidir ki, hesabat dövründə keçən illə müqayisədə bir çox məhsulların istehsalı və ixracı üzrə əsaslı irəliləyişlər müşahidə olunub, ixrac olunan məhsulların çeşidi kifayət qədər böyüyüb, ixracın coğrafiyası isə genişlənib. Bunu  kifayət qədər müsbət ənənə hesab etmək olar”.

F.Yusifovun sözlərinə görə, strateji məhsulların yetişdirilməsi sahəsində bu ilin doqquz ayı ərzində əldə olunan nəticələr ötən illərin müvafiq dövrləri ilə müqayisədə artıq dəfə ilə ölçülə biləcək səviyyədədir: “Məsələn, əgər keçən il 18 min hektardan cəmi 30 min ton pambıq yığılıbsa, bu il 52 min hektarda pambıq əkini təmin edilib. Bu hesaba da ilin sonuna 100 min ton məhsul gözlənilir. Gələn il pambıq əkin sahələrinin 2,3 dəfə artırılması, onun istehsalının isə 250 min tona çatdırılması nəzərdə tutulur. İpək istehsalının yeni infrastrukturunun yaradılması və baramaçılığın müasir tələblər səviyyəsində təşkil edilməsi nəticəsində keçən il istehsal olunmuş 232 kiloqrama qarşı cari ildə 70,7 ton, yəni 300 dəfə artıq yaş barama məhsulu istehsal edilib. Növbəti illərdə ölkədə baramaçılığın daha geniş inkişafı məqsədilə 1milyon 600 min tut tinginin əkilməsi nəzərdə tutulur ki, bu da hazırda mövcud olan tut ağaclarının sayından 4,5 dəfə çox deməkdir. Cari ilin 1 iyun tarixinə respublika üzrə 2,1 min hektar sahədə tütün əkilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 839 hektar və ya 40 faiz çoxdur. Göründüyü kimi, aqrar sektora dövlət dəstəyi öz nəticələrini artıq verməyə başlayıb. Hesab edirəm ki, bu qaydada inkişafla yaxın bir neçə il ərzində aqrar sektor ölkə iqtisadiyyatının neftdən asılılığının aradan qaldırılmasında öz sözünü əsaslı şəkildə deyəcək”. 

Ekspert qeyd edib ki, aqrar sektorun sürətli inkişafını təmin etmək üçün  ölkənin bank sisteminin rolu kifayət qədər artmalıdır: “Bu gün kəndli-fermer dövlət dəstəyi ilə xüsusi olaraq verilən kreditlərdən başqa kreditlər almaq iqtidarında deyil. Çünki banklar bu gün kənd təsərrüfatı sahəsində sahibkarlığa dəstək verməyə hazır deyillər. Onların hazırkı durumunda təklif edə biləcəkləri kreditlərin şərtləri isə çox ağırdır. Yəni bu gün fermer hər hansı bir məhsul istehsal etmək üçün bankdan 15-20 faizlə kredit götürüb bu işlə məşğul ola bilməz. Belə kreditlər ona ən yaxşı halda 5-7 faizlə təklif olunmalıdır. Eyni zamanda kreditlərin uzunmüddətli olması mühüm şərtdir. Hesab edirəm ki, aqrar sahədə qarşıya qoyulan qlobal vəzifələrin həlli üçün ölkədə dövlətin də dəstəyi olan xüsusi bir ixtisaslaşmış bankın yaradılmasına ehtiyac var”.

Röya RƏFİYEVA





Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR