İnsanlara hürriyət, millətlərə istiqlal!

İpoteka yeniliyi - mənzil bazarı dirçələ bilər?

2501 14.07.2016 08:30 İqtisadiyyat A A
Bir müddət əvvəl dövlət başçısı tərəfindən verilən yeni fərman ipotekaya ümidləri artırır. Ekspertlər bildirirlər ki, ipoteka fərmanı mənzil bazarına müsbət dəyişiklik vəd edə bilər. Qeyd edək ki, fərmanla ölkədə yeni tikilən, ancaq Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun istismarına icazə verilməsi gecikən çoxmənzilli binalardakı mənzillərin alınması üçün ipoteka krediti veriləcək.

 “Azərbaycan Respublikasında ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında” fərmana əsasən, “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 27 oktyabr tarixli 661 nömrəli Fərmanında dəyişiklik edilib.

Ekspert Rəşad Əliyev məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, yeni qaydalarda iki istiqamət üzrə vacib məqam var: “Birinci məqam ipoteka kreditlərinin verilməsi qaydalarında dəyişiklərdir. Burada söhbət həm ilkin ödənişdən gedir, həm kreditin maksimal məbləğinə dair məlumat və faiz dərəcələri ilə bağlı məsələlər əksini tapıb. Eyni zamanda burada gəlirlərə qoyulan tələblər də öz əksini tapıb. Əgər əvvəllər adi ipoteka kreditləri üzrə 20 faiz ilkin ödəniş var idisə, hazırda bu ödəniş 15 faiz olub. Güzəştli ipoteka üzrə dəyişiklik isə 15 faiz qalıb. Faiz dərəcələrinə gəldikdə isə qaydalarda göstərilir ki, faizlər fondun Müşahidə Şurası tərədindən yenilənəcək. Digər tərəfdən, gəlirlərə qoyulan tələblərdə yenilik ondan ibarətdir ki, qaydalarda göstərilir ki, kredit üzrə aylıq ödənişin məbləği həmin şəxsin aylıq gəlirinin 70 faizindən çox olmamalıdır. Təəssüf hissi ilə qarşıladığımız yaş məhdudiyyətidir. Ondan ibarətdir ki, yeni qaydalara görə kreditin ödəniş müddəti həmin şəxsin pensiya yaşına düşməməlidir. Əgər nəzərə alsaq ki, adi ipoteka üzrə müddət 25 il, güzəştli ipoteka üzrə 30 ildir, o deməkdir ki, 40 yaşlı vətəndaşlarımızın bir hissəsinə ipoteka krediti tam müddətdə verilməyəcək. Yəni onlar ipotekanı qanunvericiliklə müəyyən olunmuş müddətdə ala bilməcəyəklər. Adi ipoteka üzrə 25 il maksimal müddət olsa da, onlar üçün 20-21 il olacaq. Yəni orada pensiya yaşından asılı olaraq, kredit müddəti kiçildiləcək”.

Ekspert elektron ipotekadan da danışıb və bildirib ki, bunun müsbət tərəfləri var: “Elektron ipotekanın mahiyyəti ondan ibarətdir ki, onun alınması proseduru elektron qaydada həyata keçiriləcək. Buna bir müddət sonra başlanılacaq. Çünki hazırkı vəziyyətdə texniki imkanlar buna uyğun deyil, imkan vermir. Bunun da müsbət cəhəti odur ki, bu, ipotekanın alınması prosesini şəffaflaşdıracaq. Məsələn, orada qeyd olunur ki, ipoteka almaq istəyən şəxs müraciət edir, üç gün ərzində onun istəyinə ilkin rəy bildiriləcək. Yəni o, prosesi davam etdirsin, yoxsa hansısa səbəbdən bundan imtina olunur. İpoteka alanların qeydiyyatı da elektron formada aparılacaq. Bu da ipoteka alınması prosesindən sui-istifadələrə müəyyən qədər mane olacaq. Digər məsələ isə bürokratik əngəllərin aradan qaldırılması olacaq. Eyni zamanda, ipoteka işə salınandan sonra sənədlərin toplanması prosesi elektronlaşdırılacaq. Belə ki, həmin elektron ipoteka proqramı hökumət portalına birləşdiriləcək. Bundan sonra kredit vermək istəyən bank bir sıra məlumatları, vətəndaşın gəlirləri haqqında məlumatları, yaşayış yeri ilə bağlı, iş yeri haqqında məlumatları müvafiq dövlət orqanından elektron formada alacaq”.
Ekspert Nüsrət İbrahimov isə qeyd edib ki, fərmana uyğun olaraq, ipoteka evlərinin verilməsində bir sıra dəyişikliklər olacaq: “Birinci dəyişiklik odur ki, hüquqi təsdiqedici sənəd olmalıdır. Həmçinin təmirli və yaşayış üçün yararlı olmalıdır. Maksimum məbləğ əvvəllər əlli min manat idisə, indi bu məbləğ Müşahidə Şurasının qərarı ilə ildə bir dəfə müəyyən ediləcək. Maksimum məbləğ yüz min manatdan çox olacaq. Faiz dərəcələrində də dəyişiklik edilib. Prosedur maksimum 60 gün çəkə bilər, ondan az ola bilər, ancaq çox olmamalıdır”.

Ekspert Ramil Osmanlı isə bildirib ki, bu, ötən ilin oktyabrında verilmiş fərmanın davamıdır: “İpoteka Fondu yeni ayrı kollegial bir quruma, idarəetmə formasına çevrilir. Burada müvafiq dövlət strukturlarına həmin qurumun fəaliyyətinin təşkili ilə bağlı həmin fərmanda tapşırıqlar verilir. Söhbət konkret olaraq, İpoteka Fondunun fəaliyyətinin qurulmasından, yəni işlək mexanizmə gətirilməsindən, elektron ipoteka sisteminə keçilməsindən gedir. Elektron ipoteka sisteminə keçirilməsi o qədər də əhəmiyyətli dəyişikliklərə gətirib çıxartmayacaq. Biz hələ ki Nazirlər Kabinetinə verilən iki aylıq müddətin sonunu gözləyirik”.

Röya RƏFİYEVA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR