İnsanlara hürriyət, millətlərə istiqlal!

Hökumət yenə xaricdən kredit axtarır

2215 08.12.2016 08:35 İqtisadiyyat A A

Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov gələn ilin büdcə müzakirələri zamanı bildirib ki, xarici borcları qaytarmaq, həmçinin investisiya layihələrini maliyyələşdirmək üçün hökumətin, bankların və başqa subyektlərin valyuta bazarına daxil olması problemlər yaradır. 

Onun dediyinə görə, manatın məzənnəsinə əlavə təzyiqdən qaçmaq üçün həmin vəsaitlərə ehtiyac olan valyuta kütləsini bazara daxil olmadan əldə etmək lazımdır. Baş bankir bunu necə edəcəklərinin detallarını açıqlamayıb. Sadəcə deyib ki, borclar və investisiya probleminin bazardan kənarda həll olunmasına nail olmaqdan ötrü müəyyən təkliflər hazırlanır. Ekspertlər musavat.com-a bu məsələnin necə həll olunacağını açıqlayıblar. 

Ekspert Natiq Cəfərli musavat.com-a açıqlamasında bildirib ki, Azərbaycanın son zamanlar xarici donorlarla apardığı danışıqların əsas məğzi məhz üzərinə götürdüyü böyük layihələrdəki öhdəlikləri yerinə yetirmək üçündür: “Həm Dünya Bankı, həm Beynəlxalq Valyuta Fondu və digərləri ilə danışıqlar gedir. Bu danışıqların məqsədi Azərbaycanın ”Şahdəniz 2", “Tanap” və “Tap” layihələri ilə bağlıdır. Azərbaycanın bu layihələrdə böyük payı var. Ciddi bir rəqəm yaranıb. Təqribən 18 milyard dollara yaxın Azərbaycanın üzərinə düşən öhdəliklər var. Bir hissəsi artıq yerinə yetirilib, böyük bir hissəsində maliyyə çatışmazlığı var. Yəni Azərbaycanın iki yolu var idi. Ya Neft Fondunun vəsaitinin tamamını bu layihələrə xərcləməklə sonradan çox ciddi bir problemlərlə qarşılaşmaq, ya da borclanma. Büdcənin formalaşmasında və digər layihələrdə Neft Fondunun vəsaiti çatışmaya bilərdi. Ona görə də ikinci yol da borclanma yoludur. 

Image result for Natiq Cəfərli

Düşünürəm ki, Elman Rüstəmovun açıqlamasının əsas məğzi, tərcüməsi o deməkdir ki, xarici təşkilatlarla, böyük banklarla məhz bu böyük layihələrin maliyyələşməsi üçün danışıqlar gedəcək. Çalışacaqlar ki, bu layihələrə valyuta cəlb edilsin. Bu layihələri tamamlamaq üçün çox az da zaman qalıb. 2017-18-ci illərdə artıq layihələrin böyük hissəsi tamamlanmalıdır. 2020-ci ildən Avropaya qazın ixracatı başlanmalıdır. Götürdüyümüz öhdəliklər bundan ibarətdir. Çox az zaman qalıb və böyük də vəsait tələb olunur. Azərbaycan hökuməti çalışacaq ki, borclanma və kreditlər hesabına bu layihələri, götürülən öhdəlikləri maliyyələşdirsin". 

Image result for Ekspert Rövşən Ağayev

Ekspert Rövşən Ağayev isə bildirib ki, E.Rüstəmovun açıqlaması valyuta tələb edən investisiya layihələrinin istisnasız olaraq yalnız xarici borclanma hesabına həyata keçiriləcəyi anlamına gəlir: “Məlumdur ki, son 2 ildə həm dövlət büdcəsindən, həm də Neft Fondundan xaricdəki layihələrə böyük həcmli vəsaitlər ayrılır. Manatla ayrılan vəsaitlər isə təbii ki, bazarda xarici valyutaya çevrilərək ölkədən çıxır. Bu ehtimalın gerçəkləşməsi o deməkdir ki, yaxın illərdə ölkənin xarici borclanma səviyyəsi sürətlə artacaq. Lazım olan anda borc tapılmasa, artıq ölkənin valyuta ehtiyatlarından büdcə vasitəsilə ayırmalara ehtiyac olmadan, yəni büdcədənkənar formada istifadə təmin olunacaq. İkinci ehtimal budur ki, bank sektorunun, digər şirkətlərin, hökumətin xarici borclarını ödəmək üçün Neft Fondunun likvid vəsaitlərindən istifadə oluna bilər. Artıq Beynəlxalq Bankın 1 milyard dollar xarici borcunun qaytarılmasında bu variantdan istifadə edildi. Mexanizm belədir: Neft Fondu öz valyuta ehtiyatlarından müəyyən hissəsini uzunmüddətli depozit formasında ölkənin bank sektorunda saxlayır, həmin ehtiyatlardan borcların qaytarılması üçün resurs kimi istifadə olunur. Bu variant isə fondun aktivlərini perspektivdə əriməsi üçün riskli variantdır. Məsələn, Beynəlxalq Bank 1 illiyə qoyulmuş, amma xarici borca yönəlmiş depoziti gələn il necə qaytaracaq? Fikrimcə, qaytara bilməyəcək...Bu variantlar bəlkə doğrudan da manatı qorumağa kömək edə bilər, amma xarici valyuta sərvətlərimizi qorumağa çətin ki, kömək etsin”.

RÖYA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR