İnsanlara hürriyət, millətlərə istiqlal!

FED faiz artırmağa yaxınlaşır - dollar bahalaşa bilər

6805 09.04.2016 11:59 İqtisadiyyat A A
ABŞ Mərkəzi Bankı - FED-in “Federal Ehtiyatlar Sistemi) Dallas şöbəsinin sədri Robert Kaplan qurumun faizi növbəti dəfə artırmağa yaxınlaşmaqda olduğunu qeyd edib. Kaplan “Ekspansionist siyasətin bir qismini aradan qaldıra biləcəyimiz bir vaxta yaxınlaşırıq” deyib. Kaplan hansı iclasda FED-in faizi artıracağı proqnozunu verməyəcəyini və artırımların “yavaş, təmkinli və səbirli” olacağını da deyib.

Yerli ekspertlər FED-in gözlənilən qərarını musavat.com-a şərh ediblər. Ekspert Natiq Cəfərli bildirib ki, növbəti iclasda bu qərar olmayacaq: “Çox güman ki, aprelin sonunda keçiriləcək növbəti iclasda qərar olmayacaq. İyun ayında olan iclasda faizlərin artırılması ehtimalı qalır və yüksəkdir. Ən azından, FED uçot dərəcəsini 0,25 faiz artıra bilər. Bunun iyun ayında olması ehtimalı ona görə güclüdür ki, yarım illik iqtisadi dövr bitdikdən sonra növbəti yarım ilə həm də test etmək istəyəcəklər. Çox güman ki, faiz dərəcələrinin artması Amerika və dünya iqtisadiyyatına hansısa formada təsir göstərəcək. Ona görə də çox güman ki, iyun ayında FED-in toplantısında bununla bağlı qərar ola bilər. Amma bu, həm də aprel-may aylarında ABŞ-da çıxacaq makroiqtisadi göstəricilərə də bağlı olacaq. FED-in iki həssas nöqtəsi var, işsizliklə və inflyasiya ilə bağlıdır. İşsizlik və inflyasiya ilə bağlı FED-in hədəflərə yaxın rəqəmlər olsa, onda faizin artırılması ehtimalı çox yüksəkdir. Əgər hər hansı problemlər yaşansa, dünya iqtisadiyyatında da müəyyən qlobal risklər davamlı şəkildə olsa, onda FED faiz artımını ertələyə bilər. Amma hər bir halda bu il ən azı bir dəfə FED-in faiz artıracağı yüksək ehtimaldır. Buna dünya iqtisadiyyatı da hazırlaşır”. 

Ekspertin sözlərinə görə, bunun iki nöqtədə Azərbaycana təsiri olacaq: “Birinci, dünyada dolların bahalaşması prosesi olacaq. Dolların bahalaşması Azərbaycanda manat-dollar nisbətinə ciddi təsir göstərərcək. Bundan başqa, ikinci təsir nöqtəsi isə neft qiymətləri ilə bağlı olacaq. Dünyada həmişə dolların bahalaşması neftin qiymətinə də təsir edir. Neftin qiyməti ucuzlaşır. Baha dollar həmişə ucuz nefti özündə ehtiva edir. Ona görə də bu məsələlər Azərbaycana təsir göstərə bilər. FED-in faiz artımı manat-dollar nisbətində manatın daha da ucuzlaşmasına səbəb ola bilər. Həm də dollar çox sürətlə bahalaşarsa, neftin də ucuzlaşmasına səbəb olacaq. Bu iki nöqtədə Azərbaycana təsirlərini biz görəcəyik”.  

Ekspert Fikrət Yusifov isə qeyd edib ki, FED hələ keçən ilin sonlarında 2016-cı ildə uçot dərəcəsini hər rübdə 0,25 bənd artırmağı nəzərdə tutsa da, sonradan dünya iqtisadi müstəvisində baş verən proseslər bu baxışların dəyişməsi ilə nəticələndi: “Bu ilin mart ayının ortalarında FES növbəti toplantısında bir çox gözləntilərin əksinə olaraq, uçot dərəcəsinin artırılması baş vermədi. Çox güman ki, növbəti toplantı ərəfəsində də FED dünya iqtisadiyyatında və maliyyə bazarlarındaki vəziyyəti bir daha dəyərləndirdikdən sonra müvafiq qərar qəbul edəcək. Elə bu səbəbdən də qərarın yalnız uçot dərəcəsinin artırılmasını təsbitləyəcəyini indidən söyləmək düzgün olmazdı. Hazırkı bəyanatlarda növbəti toplantıda uçot dərəcəsinin artırılacağı barədə fikirlər səslənir. Lakin unutmaq lazım deyil ki, bu tipli qərarları qəbul edərkən dünya iqtisadiyyatının dörddə birini verən ABŞ, bütövlükdə, onda gedən proseslərin vəziyyətini dəyərləndirməyə məhkumdur. Burada isə bəzən ABŞ üçün ümumi maraqlar daxili maraqlardan daha önəmli ola bilir”. 

Nəzərə çatdıraq ki, son günlər dolların məzənnəsində artım baş verməkdədir. Azərbaycan Mərkəzi Bankı (AMB) aprelin 11-ə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.
AMB-dən "APA-Economics"ə verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi aprelin 11-ə 1,5269 səviyyəsində müəyyən olunub. Qeyd edək ki, dollar bu gün 1,5231 manata bərabər olub.

Röya RƏFİYEVA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR