İnsanlara hürriyət, millətlərə istiqlal!

Ekspert mənzil fırıldaqçılarından qurtulmaq üçün təklif verdi

2859 17.12.2014 09:20 İqtisadiyyat A A

Yeni inşa edilən binada eyni mənzilin bir neçə şəxsə satılması kimi problemlərdən mətbuat tez-tez yazır. İqtisadçı ekspert Vüqar Bayramov bu cür problemlərin yaşanmaması üçün təkliflər irəli sürüb: “Mənzil fırıldağının qarşısının alınması üçün bir il əvvəl təkliflər hazırlayıb bu işə məsul olan qurumlara göndərdik. O təkliflər qəbul olunmayınca ”mənzil fırıldağının" miqyası da genişlənməkdə davam edəcək. 

İnşa etdiyi mənzilləri kifayət qədər yüksək qiymətə satan və əslində bununla da gəlirlərini təmin edən tikinti şirkətləri, hətta bu pulla kifayətlənməyərək, vətəndaşları aldadır, bir mənzili ikinci dəfə “satır”, insanların illərlə yığdığı pulları mənimsəyirlər. Aydındır ki, vətəndaşları aldatmış tikinti şirkətlərinin sahiblərinin həbs olunması pul ödəyənlər üçün ciddi heç nəyi dəyişmir. Onlar onsuz da mənzilə sahib olmurlar. Çünki nə bina inşa edilib, nə də onların pullarını geri qaytaracaq kimsə var".

V.Bayramovun təklifləri isə bunlardır: “Birincisi, Ukraynada olduğu kimi, Azərbaycanda da tikinti şirkətlərinin internet səhifəsinin olması icbari xarakter daşımalıdır. Öz internet səhifələrində tikinti şirkətləri inşa edilən və ya inşa ediləcək binada satılan mənzillərlə bağlı məlumat yerləşdirir. Bu da imkan verir ki, alıcı hər hansı bir şirkətin inşa etdiyi binada mənzil almaq istəyərkən həmin şirkətin internet səhifəsinə daxil olmaqla müəyyən edə bilsin ki, hansı mənzillər satılıb, hansılar satılmayıb. Eyni zamanda tikinti şirkəti öz saytında hər bir müştəriyə xüsusi kabinet açır və o da mütəmadi olaraq ora daxil olaraq ödəniş, tikinti prosesi və digər məlumatları əldə edə bilir. Bu, eyni zamanda şirkətlərin şəffaf işləməsinə imkan yaradır”.

Tikinti şirkətlərinin internet səhifəsinin olması da icbari xarakter daşımalıdır”


İkinci təklif isə bir sıra Cənubi-Şərqi Asiya ölkələrində olduğu kimi, mənzillərin bölgüsü ilə bağlı xüsusi komissiyanın yaradılmasıdır: “Belə komissiyalar əksər hallarda dövlət qurumlarının və ya yerli icra hakimiyyəti orqanlarının nəzdində yaradılır. Bu zaman həmin komissiya mənzillərin qiyməti və ya kimə satılması ilə bağlı məsələlərə müdaxilə etmir. Sadəcə, satılan mənzillərin qeydiyyatını aparır. Bu qeydiyyat hətta sonrakı mərhələdə elektronlaşdırıla bilər. Yəni məsələn, yeni inşa edilən binada 3-cü blok 10 saylı mənzil satılıbsa, artıq onun məlumatlarını sistemə yenidən daxil etmək olmur, elektron sistem qəbul etmir və bununla da alıcı həmin mənzil artıq satıldığını bilir”.

Üçüncü təklif isə mənzillərin satılması zamanı nağd ödənişlərin qadağan edilməsidir: “Ödənişlər yalnız banklar vasitəsilə həyata keçirilməlidir və həyata keçirilən bank əməliyyatı ilə bağlı isə bütün məlumatlar şirkətin saytında yerləşdirilməlidir. Dördüncüsü, qanunvericilikdə dələduzluqla məşğul olan tikinti şirkətlərinə qarşı cərimələrin və cəzanın daha ağırlaşdırılmasına ehtiyac var. Çünki bu məsələdə inzibati metodlar da az təsirə malik deyil”.

V.Bayramovun sözlərinə görə, dördüncü təklif məhdud məsuliyyətli cəmiyyətlərin (MMC) tikinti ilə məşğul olmasının birmənalı şəkildə qadağan edilməsidir: “Doğrudur, hazırda mənzil sənədləri verilən zaman şirkətin statusunun MTK olması tələb edilir. Bununla belə, praktika göstərir ki, vətəndaşları aldadanlar da məhz MMC kimi fəaliyyət göstərən cəmiyyətlərdir. Məsuliyyəti məhdud olduğuna görə vətəndaşlar aldadılanda, onların qarşısında öhdəliklər yerinə yetirilməyəndə həmin quruma qanunvericiliklə təsir imkanı xeyli məhduddur. Onların qanuna əsasən məsuliyyəti məhdud olduğuna görə öhdəlikləri də məhdud olur. Bəzi hallarda aşkarlananda ki, MMC-lər vətəndaşları aldadırlar, o halda belə vətəndaşlara dəymiş ziyanı bərpa etmək mümkün olmur və ya vətəndaşların hüquqlarının qorunmasında problem yaranır”.

Ekspert beşinci təklif kimi “Asan Xidmət”in bu prosesə cəlbini göstərib: “Nəhayət, yeni tikilən və istifadəyə qəbul edilməyə mənzillərin alqı-satqısı üçün ”Asan Xidmət"in nəzdində xüsusi elektron baza yaradıla bilər. Bütün alqı-satqı əməliyyatları ilə bağlı məlumatın həmin bazaya daxil edilməsi məcburi xarakter almaqla yanaşı, MTK-ların birbaşa alıcıya mənzil satması qadağan edilməlidir. Manatları deyil, hətta bəzi hallarda qənaət edərək qəpik-qəpik pul yığan vətəndaşlarımızı aldadan işbazlara dayan deməyin zamani deyilmi?"
Qeyd edək ki, bina təhvil alınmayınca, BT və ya “Asan Xidmət” həmin binadakı mənzillərə sertifikat verə bilmir. O baxımdan, təklif edilir ki, “Asan Xidmət”də ayrıca elektron baza yaradılsın, bina təhvil alınandan sonra artıq elektron bazada binanı görmək mümkün olacaq. Bundan sonra “Asan Xidmət” həmin mənzillər üçün sertifikatlar çap edə biləcək.

RÖYA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR