İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünya Enerji Konqresindən gözləntilər: əsas müzakirə mövzusu nədir?

1111 11.10.2016 15:54 İqtisadiyyat A A
Türkiyənin İstanbul şəhərində 23-cü Dünya Enerji Konqresi işinə başlayıb. Oktyabrın 10-da başlanan konqresdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edir. Toplantıda ilk olaraq Dünya Enerji Şurasının sədri Younghon David Kim çıxış edib. Tədbir 4 gün davam edəcək.

Ekspertlər musavat.com-a konqresdən gözləntilərlə bağlı ehtimallarını bölüşüblər. 

Professor Elşad Məmmədov bildirib ki, İstanbulda keçirilən 23-cü Enerji Konqresində əsas müzakirə mövzusu OPEC-ə daxil olan və qeyri-üzv ölkələrin beynəlxalq neft bazarının balanslaşdırılması istiqamətində səylərinin konsolidasiya edilməsi perspektivləridir: “Neftin qiymətlərinin davamlı müddət ərzində aşağı səviyyədə olması aparıcı neft hasilatçıları olan ölkələrin çətin iqtisadi duruma düşməsinə səbəb olub. Bu, ən çox iqtisadiyyatları kifayət qədər diversifikasiya edilməyən ölkələrə aiddir ki, onların tədiyyə balanslarında və digər makroiqtisadi göstəricilərində ciddi problemlər yaranıb. Bu baxımdan, neftin qiymətlərinin stabilləşməsi və artırılması bu ölkələrin iqtisadi maraqlarına uyğundur və həm OPEC-ə daxil olan, həm də təşkilata üzv olmayan hasilatçı ölkələrin əksəriyyəti hasilatın həcminin azaldılması və bazarda neft təklifinin tələbata nisbətən daha balanslaşdırılmış şəkildə formalaşdırılmasında maraqlıdırlar. Bu amil çox güman ki, yaxın perspektivdə neftin qiymətlərində artıma doğru müəyyən korreksiyaların olacağını proqnozlaşdırmağa əsas verir. Lakin fikrimcə, neftin qiymətlərində gözlənilən artım kəskin olmayacaq. Neftin dünya bazarlarında qiymətinin hansı səviyyədə olması bir sıra mürəkkəb geosiyasi, iqtisadi, habelə texnoloji baxımdan innovativ amillərlə bağlıdır. Ona görə də bu sahədə qiymətlərin formalaşmasında hətta nəzəri baxımdan bütün hasilatçıların eyni mövqedən çıxış etməkdə maraqlı olması belə, heç də həmişə həlledici rol oynamır”. 

Ekspertin sözlərinə görə, yaxın illərdə dünya bazarlarında neftin qiymətinin kəskin şəkildə artmasına bir çox amillər mane olacaq. İlk sırada geosiyasi amillər gəlir: “Qərb-Rusiya münasibətlərinin kəskinləşməsi prosesi dərinləşməkdədir. Bu baxımdan, neftin qiymətinin kəskin şəkildə artması Rusiyaya qarşı Qərbin həyata keçirdiyi sərt siyasətin effektivliyini heçə endirə bilər. Çünki reallıqda enerji daşıyıcılarının qiymətlərinin endirilməsi vasitəsilə Rusiya iqtisadiyyatına ziyan vurmaqdan başqa, əslində, Qərbin arsenalında əsaslı siyasi, hərbi və hətta iqtisadi mexanizm mövcud deyil. Ona görə də, “neft kartı”ndan Qərbin hələ xeyli müddət istifadə edəcəyi inandırıcı deyil”. 

Onun sözlərinə görə, texnoloji və innovativ amillər də əsasdır: “ABŞ-da şişt texnologiyaları əsasında həyata keçirilən neft hasilatı qiymətlərin formalaşmasında mühüm rol oynamağa başlayır. Qiymətlərin 50-60 dollar arasında manevr etdiyi zaman, şişt buruqları artıq rentabelli olur, bu isə neft bazarında təklifin kəskin şəkildə artmasına səbəb olaraq, qiymət artımının müəyyən səviyyəyə çatdıqdan sonra dayandırılmasına xidmət edir. Neft hasilatçıları ölkələrinin makroiqtisadi durumunun oxşar cəhətləri ilə yanaşı, həmin milli iqtisadiyyatlarda struktur baxımından ciddi fərqlərin olmasına görə qiymətlərin dəyişməsinə bu ölkələrin həssaslığı müxtəlifdir. Misal üçün, iqtisadiyyatının diversifikasiyasına xeyli dərəcədə nail olmuş, ciddi sanksiyalar sınağından çıxmış İran iqtisadiyyatının Səudiyyə Ərəbistanı iqtisadiyyatına nisbətən hazırkı qiymətlərə adaptasiyası daha rahat keçir. Digər tərəfdən, bazarlara dayanıqlı şəkildə yenidən daxil olmağı planlaşdıran İran üçün hasilatın  azaldılması çox aktual deyil”.

E.Məmmədov qeyd edib ki, dünya iqtisadiyyatında, o cümlədən aparıcı ABŞ və Çin iqtisadiyyatlarında artım tempi hələ də zəifdir: “Bunu söyləməyə bir sıra mütərəqqi iqtisadi diaqnostik məzmunlu təhlillər əsas verir. Bu baxımdan, dünya iqtisadiyyatında enerji daşıyıcılarına tələbatın ciddi şəkildə artması gözlənilmir. Həmçinin yaxın aylarda ABŞ FES tərəfindən monetar siyasətin sərtləşdirilməsi gözlənilir. Bunun dünya miqyasında dolların möhkəmlənməsinə, inkişaf etməkdə olan milli iqtisadi sistemlərdə iqtisadi artım templərinin azalmasına səbəb olacağını proqnozlaşdırmaq olar. Bu proses eyni zamanda xammal resurslarının, o cümlədən, neftin qiymətlərinin artmasına xidmət etməyəcək”. 

E.Məmmədovun sözlərinə görə, İstanbul Konqresi ilə bağlı digər əlamətdar hadisə konqres meydançalarında Rusiya və Türkiyə dövlətləri arasında “Türk axını” layihəsinin reallaşdırılmasına dair hökumətlərarası sazişin imzalanması olub: “Reallaşacağı halda, Avropanın qaz və ümumilikdə enerji daşıyıcıları nəqli xəritəsində ciddi dəyişikliklərə səbəb olacaq bu layihə ilə bağlı razılığın əldə olunmasını hər iki ölkənin ciddi iqtisadi uğuru kimi qiymətləndirilmək olar. Düzdür, imzalanan sazişdə söhbət hələlik ümumən layihədə nəzərdə tutulan 63 milyard kubmetr həcminin təxminən 50 faizindən gedir. Lakin hətta bu həcmlərin özü belə, ciddi rəqəm təşkil edir. Həm də hər iki ölkənin rəhbərliyinin bu layihənin reallaşması üçün  göstərdikləri prinsipial mövqe layihənin reallaşması ehtimalının yüksək olduğunu göstərir. Layihə tam şəkildə  reallaşarsa, söhbət Avropanın qaza olan ümumi tələbatının təxminən 10 faizinin ödənilməsindən gedir. “Şimal axını”nın reallaşmasını da nəzərə alsaq, Rusiya hökumətinin özü üçün müəyyən etdiyi strateji məqsədə-qaz nəqlində diversifikasiyaya nail olunmasına və Ukrayna tranzitindən asılılığın 2019-2020-ci illərədək tam şəkildə aradan qaldırılmasına Rusiya Federasiyasının ciddi şəkildə yaxınlaşmasını müşahidə edə bilərik. Türkiyə üçün də bu layihənin reallaşması çox önəmlidir. Çünki layihənin reallaşacağı təqdirdə, bu ölkə həm Avropanın enerji daşıyıcıları bazarında strateji baxımdan ciddi tranzit ölkəyə çevriləcək, həm də sərfəli şərtlərlə ölkənin qaza olan daxili tələbatının böyük  hissəsinin ödənilməsinə nail olacaq. Uduzan tərəfin isə bu məsələdə əsasən ABŞ-ın təzyiqləri səbəbindən “Cənub axını” layihəsindən imtina edən bir sıra Avropa İttifaqı ölkələri və Ukraynanın olması görünür”.

İqtisadçı alim Fikrət Yusifov isə musavat.com-a deyib ki, Dünya Enerji Şurası bir əsrə qədərdir ki, fəaliyyət göstərir: “Onun əsas vəzifəsi yer kürəsi əhalisinin balanslaşdırılmış və sabit enerji təminatını həyata keçirilmək məqsədilə dünya ictimayətinin diqqətini cəlb etmək və onu aktiv fəaliyyətə çağırmaqdan ibarətdir. Dünyanın enerji problemləri ilə məşğul olan və Birləşmiş Millətlər Təşkilatı tərəfindən akkreditə olunmuş bu orqan özündə dünyanın 100-ə qədər ölkəsindən 3000 mindən artıq dövlət və özəl təşkilatı birləşdirir. Şura dövlətlər və regionlar səviyyəsindəki qlobal strategiyanın öyrənilməsini yüksək səviyyədə təmin edən müzakirələri təşkil edib, onların nəticələrini dərindən araşdırır və bu müzakirələrin nəticələrini ümumiləşdirir. O, enerjinin bütün növlərindən istifadə edən ölkələrin hamısını əhatə edən tam müstəqil və hərtərəfli bir təşkilatdır”.

Ekspertin sözlərinə görə, oktyabrın 10-da İstanbulda Dünya Enerji Şurasının təşkil etdiyi 23-cü Dünya Enerji Konqresində Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin, Venesuela prezidenti Nikolas Maduro Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın xüsusi dəvəti əsasında iştirak ediblər: “Dünya Enerji Şurasının rəhbərliyi “Yeni üfüqlərə qucaq açmaq” devizi altında keçirilən Konqresi hazırda dünyada yeni başlayan sənaye erasında sənaye sektoru və cəmiyyətlər üçün tarixi bir fürsət kimi dəyərləndirib və orada səslənəcək fikirlərin, verilən mesajların dünyanın enerji təchizatının gələcək “yol xəritəsi”nin əsasını təşkil edəcəyini deyib. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində əsas strateji tərəfdaşa çevrilməkdədir. Azərbaycan və qardaş Türkiyə arasında energetika sahəsində əməkdaşlıq özünün pik həddinə çatıb. Bu, regionda hər iki dövlətin mövqelərinin daha da möhkəmləndirilməsi deməkdir. Bu sahədə Azərbaycan və Türkiyənin Rusiya ilə bir araya gələ bilməsi isə enerji məsələlərinin həllində yeni regional bir güc mərkəzinin formalaşması perspektivlərindən xəbər verir. Burada söhbət yaxın gələcəkdə hər üç ölkənin maraqlarını təmin edən transmilli enerji layihələrinin icra edilməsindən gedir. Bütün bu prosseslərdə isə getdikcə daha böyük təbii basqılara məruz qalacaq bir ölkə Ermənistan olacaq. Ermənilər bir məsələni anlamalıdırlar ki, bu gedişlə onlara olan bugünkü “sevgi” hər zaman daha üstün maraqlarla əvəzlənə bilər. Bunları düşünüb, nəticə çıxarmaq hələ ki, gec deyil”.

Röya RƏFİYEVA,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR