İnsanlara hürriyət, millətlərə istiqlal!

Dollar təlaşda, manat müəmmada...

1461 10.02.2017 08:30 İqtisadiyyat A A

Mərkəzi Bank bir həftədir ki, dolları ucuzlaşdırır. Keçirilən hərraclarda dollar manat qarşısında dəyər itirməkdədir. Əksər ekspertlər bildirirlər ki, bunun iqtisadi əsası yoxdur. Həmçinin bankların dollar alış-satışından da narahatlıq ifadə olunur. 

Milli Məclisin deputatı Vahid Əhmədov məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, manatın bahalaşması qısamüddətlidir: “O fikirlərlə mən də razıyam ki, manatın dəyərini tapması üçün, dollar qarşısında möhkəmlənməsi üçün bir real əsaslar olmalıdır. Real əsaslar tələb-təklifdir, idxal-ixrac əməliyyatlarıdır, neftin qiymətidir, bunlar olmalıdır. Əgər bizim milli valyutamız möhkəmlənirsə, bu, müsbət haldır. Amma bunun sabahı nə olacaq? Bu möhkəmlik davam edəcəkmi? Hesab edirəm ki, bu, davamlı olmayacaq. Mərkəzi Bankın apardığı siyasət o idi ki, son vaxtlar manat dollar qarşısında ucuzlaşırdı. Müəyyən qədər yumşaq devalvasiya gedirdi. Biz yumşaq devalvasiyanın tərəfdarı idik ki, manat gəlib tələb-təklifə uyğun olaraq, maliyyə bazarında öz dəyərini tapacaq. Amma birdən-birə vəziyyət dəyişdi. Neft Fondundan Mərkəzi Banka müəyyən qədər vəsait verdilər. O vəsaitdən yəqin ki, Mərkəzi Bank istifadə edir. Çalışırlar ki, müəyyən qədər manatı dövriyyəyə buraxmaqla, dolları müəyyən qədər yığışdırsınlar. Dollar banklara təhvil verilsin və sair. Amma aldığım məlumata görə, artıq müəyyən qədər manat qıtlığı yaranıb. Yəni maliyyə bazarına faktiki olaraq dollar buraxan Neft Fondudur. Mərkəzi Bank da faktiki olaraq manatı idarə edən bir orqan olduğu üçün bazarda bu iki orqan fəaliyyət göstərir. Ona görə hesab edirəm ki, manatın bahalaşması müvəqqəti xarakter daşıyır. Bir müddət sonra manatın ucuzlaşma prosesi davam edəcək. Çünki biz hələlik manatın bazar dəyərini gəlib almamışıq. Tələb-təklifi uyğunlaşdırmamışıq. Son vaxtlar real sektorun inkişafı ilə əlaqədar müəyyən addımlar atılır. Strateji yol xəritəsi ilə əlaqədar ciddi islahatlara start verilib. Amma hələlik bunun bəhrəsini bu yaxınlarda görmürük. Bunun üçün müəyyən müddət vaxt lazımdır. Ona görə hesab edirəm ki, müəyyən müddət sonra yenə də manatın düşmə prosesi davam edə bilər”.

Image result for Ekspert Vüqar Bayramov

Ekspert Vüqar Bayramov isə qeyd edib ki, kommersiya bankları milli valyutanın möhkəmlənməsi fonunda dolların alış və satış kursları arasında kəskin fərq müəyyənləşdiriblər: “Bir sıra banklarda dollar 1,68 kursu ilə alınır 1,85 məzənnəsi ilə satılır. Bu isə o deməkdir ki, bank vətəndaşdan 100 dolları 168 manata alır və elə həmin 100 dolları digər vətəndaşımıza 185 manata satır. Nəticədə, sadə əməliyyatdan hər 100 dollarda bank 17 manat və hər 1000 dollarda isə 170 manat qazanır. Əgər bank 1000 dolları 1680 manata alıb 1850 manata satırsa, bu da süni gəlir hesab edilə bilər. Çünki xərc ilə satış qiyməti arasında kəskin fərq var. Mərkəzi Bank marjanı ləğv etdikdən sonra banklar kursu müəyyənləşdirməkdə sərbəstdirlər. Amma bank sektorunda rəqabətin zəif olduğunu və eləcə də Mərkəzi Bankın müdaxiləsini nəzərə alaraq daha məqsədəuyğun olardı ki, xarici valyutaların alış və satış kursları arasında marja müəyyənləşdirilsin. Təbii ki, söhbət Mərkəzi Bankın rəsmi məzənnəsi ilə bağlılıqdan getmir. Valyutanın alış və satış kursları arasında 4 faizlik marja müəyyənləşdirilə bilər. Bu zaman 1,68 kursu ilə dolları alanlar onu təxminən 1,75 kursu ilə satacaqlar. Bu halda isə nə bank hər 1000 dollarda 170 manat qazanacaq, nə də vətəndaş bu qədər itirəcək. Bank üçün fərq hər 1000 dollarda 70 manat olacaq ki, bu da kifayət qədər normal gəlir hesab edilə bilər. Əslində uzun müddət bankların dollar satışından əldə etdiyi fərq 4 faizdən də az idi. Buna görə də belə marjanın müəyyənləşdirilməsi ”qara bazar"ı stimullaşdırmayacaq. Çünki banklar aldığı valyutanı satan zaman normal faizli gəlir əldə edəcəklər. Əksinə, valyuta məzənnələrinin müəyyənləşdirilməsində banklar arasında rəqabət yaradacaq. Bu, mövcud məzənnə siyasətinin prinsiplərinə də zidd hesab edilməməlidir. Çünki sektorda rəqabətin formalaşması və istehlakçların hüquqlarının qorunması üçün Mərkəzi Bank prosesə müdaxilə edə bilir. Eyni zamanda bu marja həmçinin valyuta satışına bankların spekulyativ müdaxilələrinin də qarşısını alacaq. Buna görə də bankların alış-satış məzənnələri arasında asılılığın yaradılması məqsədəuyğundur".

Image result for Samir Əliyev

Ekspert Samir Əliyev dedi ki, dollar süni sürətdə ucuzlaşdırılır: “Banklar vəziyyətdən sui-istifadə edərək alış qiymətini kəskin aşağı salıblar. Rəsmi məzənnə 1 dollar üçün 1,82 manat olduğu halda alış qiyməti 10 faiz ucuz- 1,65 manata endirilib. Satış isə ən çoxu 4 faiz bahadır. Bankların satdığı dolların alışı ilə satış arasındakı fərqi 3 faizdən 15 faizə qədər dəyişir. Yəni ən az qazanan bank 3 faiz, ən çox qazanan bank isə 15 faiz qazanır. Banklar gündəlik aşağı qiymətə aldığı 7-8 milyon dolları baha qiymətə satdıqda təxminən 500-700 min dollar arası qazanc əldə edirlər. Banklar da aldıqlarından əlavə 1-2 milyon dollar satırlar və qazanclarını daha da artırırlar. Göründüyü kimi, banklar aktiv spekulyasiyaya girişiblər. Cəmiyyətdə süni surətdə yaradılmış panika makroiqtisadi sabitlik üçün heç də yaxşı gələcək vəd etmir”.

Röya RƏFİYEVA


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR